Sizin reklam burada

Nurlan qol vurdu və qovuldu

Baxış Sayı:573


Estoniya çempionatında 9-cu turun oyunları keçirilib. Nurlan Novruzovun formasını geydiyi “Narva Trans” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Levadiya” ilə heç-heçə edib - 4:4. Novruzov da bu oyunun iştirakçısı olub. O, start heyətində meydana çıxıb və 39-cu dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Bundan öncə, 16-cı dəqiqədə isə komandasının 3-cü qolunu vurub. “Narva Trans” 10 komandalı çempionatda 3 xalla sonuncudu.
Ukrayna premyer-liqasında 28-ci turun oyunları çərçivəsində Pavel Paşayevli “Aleksandriya” səfərdə “Kolos”la qarşılaşıb. Futbolçumuzun komandası 1:2 hesabıyla məğlub olub. Paşayev start heyətində meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib. “Aleksandriya” 43 xalla çempionluq uğrunda mübarizə aparan ilk “altılıq”da 5-ci pillədə qərarlaşıb.
Gürcüstan çempionatında 3-cü turun oyunları gerçəkləşib. Nicat Qurbanovun formasını geydiyi “Samtrediya” səfərdə “Dila” ilə münasibətləri aydınlaşdırıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Nicat da görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb, 71-ci dəqiqədə əvəzlənib. Hesabında 4 xal olan “Samtrediya” 10 komanda arasında dördüncüdü.
İspaniya sequndasında 36-cı turun oyunları baş tutub. Eddi İsrafilovun formasını geydiyi “Albasete” səfərdə “Rasinq”ə 2:1 hesabı ilə qalib gəlib. İsrafilov fasilədən dərhal sonra meydana çıxıb. Millimizin üzvü 62-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. “Albasete” 43 xalla 22 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.
Almaniyanın ikinci bundesliqasında mövsümə yekun vurulub. Dmitri Nazarovun şərəfini qoruduğu “Ertsgebirge” 34-cü tur çərçivəsində səfərdə “Regensburq”u sınağa çəkib. Aue təmsilçisi rəqibini məğlub edib - 2:1. Nazarov da qarşılaşmanın iştirakçısı olub. Start heyətində meydana çıxan millimizin üzvü 90-cı dəqiqədə əvəzlənib. 47 xal toplayan “Ertsgebirge” mövsümü 18 kollektiv arasında 7-ci pillədə başa vurub. Nazarov 7-ci mövsümünü keçirdiyi ikinci bundesliqada bir sıra fərdi uğurlara imza atıb. O, çempionatda 32 oyunda 10 qol vurub. Qol sayı ümumilikdə karyerası üçün rekorddusa, oyun sayı ikinci bundesliqada ən yaxşı göstəricisidi. 2016/17 mövsümünün qol (9), 2017/18 mövsümünün oyun (30) sayındakı rekordlarını hələ son tur ərəfəsində yeniləyən Nazarov dəqiqə baxımından da ən yaxşı göstəricinə imza atıb. “Regensburq”la görüşdə meydandakı dəqiqələrinin sayını 2483-ə çatdıran yarımmüdafiəçi iki il əvvəlki (2478) göstəricisini 5 dəqiqə üstələyib. Yarımmüdafiəçi heç daha aşağı liqalarda da bu qədər şans qazanmayıb. O, həm də rekordunu təkrarlayaraq 30-cu dəfə start heyətində yer alıb. Dmitri çempionatda 5 sarı vərəqə ilə də cəzalandırılıb. O, kubokdakı 2 oyunda 168 dəqiqə meydanda olub.
Çexiyanın ikinci divizionunda 27-ci turun oyunları keçirilib. Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geydiyi “Viktoriya” səfərdə “Brno” ilə münasibətləri aydınlaşdırıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 1:6. Fərid oyunu əvəzlənmədən keçirib. 39-cu dəqiqədə isə sarı vərəqə alıb. Əvəzedici komandanın üzvü olan Samir bu görüşün də iştirakçısı olmayıb. “Viktoriya” 46 xalla 16 kollektiv arasında dördüncüdü.
Latviya çempionatında 3-cü turun oyunları baş tutub. Vüqar Əsgərovun formasını geydiyi “Dauqavpils” səfərdə “Tukums 2000”yə qalib gəlib – 6:0. Millimizin sabiq forvardı ikinci hissənin əvvəlində meydana çıxıb, 66-cı dəqiqədə qol hesabını açıb. Hesabında 3 xal olan “Dauqavpils” 10 komanda arasında altıncıdı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR