Sizin reklam burada

Amiti Moldovaya əcnəbi agent aparıb

Baxış Sayı:582


“Bildiyim odu ki, avrokuboklara vəsiqə qazanmaq üçün çalışmalıyıq”
İndiyə qədər Türkiyə, Portuqaliya, Yunanıstan, Kosovo, Bosniya və Hersoqovinada legioner həyatı yaşayan Amit Quluzadə bundan sonra Moldovada top dalınca qaçacaq. Sabiq yığma üzvünün bu ölkənin tanınmışlarından olan “Milsami” ilə anlaşdığını xəbər vermişdik. Elə Amitlə dünən əlaqə saxlamaqda məqsədidimiz də müqavilə bağlanandan sonra ortaya çıxan suallara aydınlıq gətirmək idi.
- “Milsami” variantı hardan ortaya çıxdı?
- Qış fasiləsində iki fərqli ölkənin təmsilçisiylə danışıq aparırdım. Lakin gözləmədiyim anda “Milsami” variantı yarandı. Klubun şərtlərinə baxdım, götür-qoy etdim və qərara gəldim ki, elə ən xeyirlisi budu. “Milsami” həm ad, həm də mənim üçün uyğunlaşma baxımından ən yaxşısı idi.
- Deyəsən, xeyli vaxtdı Moldovadasan. Sosial şəbəkələrdə paylaşımlarını görürdüm.
- Bəli-bəli. Bura martda gəlmişəm. Həmin vaxt bəzi ölkələrdə koronavirus söhbəti olsa da, vəziyyət bu dərəcədə pisləşməmişdi. Ona görə də Bakıdan Kişinyova uçanda heç bir problem olmadı, rahat uçdum. Mən gələndən bir neçə gün sonra yollar bağlandı.
- Baxışdan keçməyə görə transferin rəsmiləşməsi bu qədər vaxt apardı?
- Düzdü, baxış söhbəti var idi. Bosniya və Hersoqovinadan sonra uzun müddət futbol oynamamışdım. İstər-istəməz formada deyildim. Ona görə də 3-4 gün baxmaq istədilər. Bir neçə məşqdən sonra məni komandada görmək istədiklərini dedilər. Oturub şərtləri üzbəüz müzakirə etdik, razılığa gəldik. Sadəcə, müqavilənin rəsmiləşməsini çempionatın startı ərəfəsinə saxlamışdılar. Bilmirəm niyə, amma rəhbərlik demişdik ki, artıq komandamızın üzvüsən, ilk turdan 1-2 həftə əvvəl hamı kimi səninlə də rəsmi anlaşma əldə olunacaq.
- Komandanın hazırlığında iştirak etmisən. Məntiqlə problem olmamalıdı.
- Problem tək məndə yox, bütün komandada olacaq. Bizdəki məhdudiyyətlər burda da qoyulurdu. Bəzən məşq etməyə icazə verilmirdi. Məcbur qalıb məhdud çərçivədə məşq etməli olurduq. Belə məşqlər də tam effekt vermir. Pis-yaxşı forma yığa bilmişik. Mənfi cəhət oyun təcrübəsinin azlığından çətinlik çəkməyimizdi. Dövlət səviyyəsində hələ ki oyunların keçirilməsinə icazə verilmir deyə, yoldaşlıq görüşləri keçirə bilmədik. İlk turlarda bu baxımdan problem olacaq.
- Təcrübə azlığı tək sizdə olmayacaq axı. Başqaları da eyni problemdən əziyyət çəkir.
- Açılış turundakı rəqibimiz “Petrokub”du. Çox yaxşı komandadı, güclüdülər. Amma onlar bu müddətdə 3 oyun keçiriblər. Kubok mübarizəsina icazə vardı deyə, oynadılar. Üç oyun keçiriblər, hətta yarımfinalda “Şerif”i udub finala yüksəldilər.
- İnternet qaynaqlarında komandanın baş məşqçisinin adı göstərilməyib.
- Dəyişiklik oldu, yəqin ona görədi. Çempionata Sergey Dubrovinin rəhbərliyi altında hazırlaşdıq. Təcrübəli məşqçidi, vaxtilə Rusiyada işləyib, Moldovada kifayət qədər tanınır.
- Komandada səndən başqa neçə dayaq yarımmüdafiəçisi var?
- Mənimlə birlikdə 4 nəfərik. Rəqabət üçün yaxşıdı, sevindiricidi. Əsas heyətə düşmək üçün hamı əlindən gələni edir. Oynamalıyam ki, diqqəti çəkə bilim.
- Deyəsən, heyətin böyük əksəriyyəti yerli futbolçulardı.
- Legioner bir mənəm, bir də bir nəfər var, odu. Sadəcə, onun sənədlərində problem var deyə, hələ müqavilə bağlanmayıb. Qalan hamısı moldovalı futbolçulardı.
- Klubun maddi durumu necədi?
- Burda eşitdiyimə görə, “Milsami” bir neçə il əvvəl kifayət qədər imkanlı klub sayılıb, yaxşı imkanları olub. İndi büdcə bir az zəifləyib, amma o qədər də bərbad deyil. Yuxarı pillələr uğrunda mübarizə aparmaq olar.
- Sənə təklif olunan aylıq maaş nə qədərdi?
- Məbləğ açıqlamağım etik cəhətdən düzgün olmaz. Ona görə də bu sual qarşısında susacam. Onu deyə bilərəm ki, bizdə ortababların - ”Sumqayıt”, “Səbail”, “Zirə”nin təklif etdiyi qədər olar. Nə fantastikdi, nə də bərbad.
- Komandanın qarşısına qoyulan hədəf nədi?
- Konkret “bunu etməlisiz” deyən olmayıb. Daha doğrusu, mən eşitməmişəm. Bildiyim odu ki, avrokuboklara vəsiqə qazanmaq üçün çalışmalıyıq. Onsuz da mövsümdən əvvəl, demək olar, bütün komandaların istəyi bu olur. Moldova çempionatında komandaların güc nisbəti aşağı-yuxarı hamıda eynidi. Ona görə də sona qədər maraqlı mübarizənin gedəcəyini düşünürəm.
- Yaradılan şərait avrokubok tələbi ilə üst-üstə düşür?
- Rəhbərlik sağ olsun, hər cür şərait yaradıb. İndiyə qədər qlobal problem görməmişəm. Ona görə də oynamaq, ən azı Avroliqaya vəsiqəyə can atmaq lazımdı.
- İndiyə qədər Türkiyə, Portuqaliya, Yunanıstan, Kosovo, Bosniya və Hersoqovina kimi ölkələrdə top qovsan da, bu, MDB ölkəsində ilk legioner həyatın olacaq. Çətinlik hiss etmirsən? Məsələn, rus dili ilə bağlı.
- Legioner üçün futbolçu həyatı hər yerdə eynidi. İstər Portuqaliyada olsun, istər Moldovada. İstər-istəməz səndən daha artığı gözlənilir, tələb olunur. Sən də hansı məsuliyyət daşıdığının fərqinə varmalısan ki, çətinlik yaşamayasan, qınağa tuş gəlməyəsən və ən əsası, daim oynayasan. O ki qaldı dil məsələsinə, rus dilini tam başa düşürəm. Danışmaqda usta olmasam da, fikirlərimi izah etməyi bacarıram. Şükürlər olsun, dil problemim yoxdu.
- Türkiyədəki legioner həyatın uğurlu alınsa da, başqa ölkələrdə lazımınca şans qazanmamışdın. Eyni halın təkrarlanacağından ehtiyatlanmırsan?
- Türkiyədəki durum eləydi ki, yarım mövsüm sırf məni komandada görmək istəyən məşqçinin rəhbərliyi altında çıxış etdim və ona görə də daim oynadım. Sonradan yeni məşqçi gəldi, tam olmasa da, oyunların 70 faizində forma geydim. Portuqaliyada, yəni “Atletiko”da zədə aldım, üstəlik, bir mövsümdə dörd fərqli məşqçi ilə işləməli oldum. Bu da çətinlik yaradırdı. Yunanıstana gedən kimi AEK, “Olimpiakos” kimi güclü komandalara qarşı oynasam da, yenə məşqçi dəyişikliyi oldu və yenə ögey münasibətlə üzləşdim. Kosovada hamının bildiyi bir şeyə görə özümə qarşı soyuqluq gördüm. Halbuki mənlik bir şey yox idi. “Çelik”dəki durum isə, sadəcə, faciə idi. Təbii, vəziyyətin istənilən kimi alınmamasında öz səhvlərim də olub. Amma əsl səbəbləri sizə dedim.
- Nurlan Novruzov yaxın keçmişdə Moldovada top qovurdu. Bu ölkə və ordakı futbol haqda Nurlandan məlumat almısan?
- Açığı, tez-tez danışmırıq. Təxminən 2-3 ay əvvəl danışmışdıq, bəzi şeyləri soruşmuşdum. Bir də müqavilə bağlayandan sonra təbrik etmişdi.
- Səni “Milsami”yə təklif edən agent təsadüfən azərbaycanlı deyil?
- Yox-yox. MDB ölkələrinin birindəndi, aəzrbaycanlı deyil.
- Komandada kiminlə isti münasibətdəsən?
- Oturuşmuş komandadı. Mövsümlərarası fasilədə ciddi dəyişikliklər olmayıb. Sağ olsunlar, hamı mənə kömək edir, daim yanımda olurlar. İndiyə qədər bir dəfə də olsun, nədəsə çətinlik çəkməmişəm. Bir nəfərdən nəsə soruşanda bir neçəsi cavab verir. Bizim kimi istiqanlıdılar.
- Vaxtilə Azərbaycanda oynayanlardan kim var? Ümumiyyətlə, Azərbaycan futbolu haqda nə bilirlər, nə danışırlar?
- Burda hamı Azərbaycanı yaxşı tanıyır, kifayət qədər də məlumatlıdılar. “Qarabağ”, “Neftçi”, “Qəbələ”nin avrokuboklardakı çıxışından xəbərdardılar. Görün indiyə qədər bizdə nə qədər moldovalı çıxış edib. Biri oynayanda istər-istəməz gəlib burdakılara danışır və beləcə məlumat yayılmış olur. Bizdə oynayanlardan Aleksandr Dedov komandaya yeni qoşulub. Vaxtilə “Zirə”də top qovurdu.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR