Emillə münasibətlər bu həftə rəsmiləşdirməlidi
Ardıcıl 7-ci çempionluğunu qazanan “Qarabağ”ı bundan sonra Çempionlar Liqasındakı çıxış maraqlandırır. Dünyadakı və futboldakı qeyri-müəyyənlik, eləcə də məlum çətinliklər hər nə qədər işləri dolaşığa salsa da, Avropadakı rəqibləri kimi, ağdamlılar da heyətini gücləndirmək istəyir, gedib-qalanlarla bağlı prosesi tezləşdirməyə çalışır.
“Köhlən atlar” artıq 5 futbolçu ilə yolları ayırdığını açıqlayıb ki, gedənlərin kimliyini bir daha xatırlatmaq uzunçuluq olmaz. Futbolçu karyerasını bitirən Rəşad Sadıqov, artıq çəki problemini həll edə bilməyən Maqaye Geye, eləcə də klubla müqavilə müddəti bitən Aylton Silva, Vaqner da Silva və Rerras Faysal.
Gedənlərin sırasına daha bir nəfərin qoşulacağını əminliklə söyləmək olar. Heç cür Qurban Qurbanovun etimadını doğrulda bilməyən, meydandakı oyunundan çox gündəlik həyatdakı əməlləri ilə gündəmə gələn Araz Abdullayev də, çox güman, “Qarabağ”ı tərk edəcək. Onun da anlaşma müddəti başa çatıb. Uzadılmaq ehtimalı isə yox dərəcəsindədi. Sadəcə, klub hansısa səbəbdən ayrılıq haqda məlumat vermir, gözləmə mövqeyi tutur. Çox güman, qısa zamanda xəbər yayarlar.
Müqavilə müddəti sona çatan Abbas Hüseynov isə karyerasını yenə “Qarabağ”da davam etdirəcək. Baş məşqçi cinah müdafiəçisinin xidmətində maraqlıdı. Onunla daha 2 illik anlaşmanın əldə olunacağı gözlənilir.
Emil Balayevin yenidən “Qarabağ”lı olması an məsələsidi. “Zirə”ylə icarə müqaviləsinin müddəti başa çatan yığma üzvü hazırda azad agent statusuna sahibdi. 26 yaşlı qapıçı legioner həyatı yaşamaqda maraqlı olsa da, indiki vəziyyətdə, yəni koronavirusun baş bəlasına çevrildiyi vaxtda Emilin arzusunun gerçəyə çevrilməsi inandırıcı görünmür. Ona görə də ən uğurlu seçim elə “Qarabağ”dı. Həm avrokuboklarda çıxış edəcək, həm də çempionatda daimi oyun təcrübəsi qazanacaq. Çünki Qurban Qurbanov ona “1 nömrə” kimi güvənmək niyyətindədi. Düzdü, tərəflər razılığa gəlib, qalır sənədə qol çəkmək. Bu da həftəiçi həllini tapacaq. Hansı müddətə anlaşacaqlarını isə zaman göstərəcək.
"Neftçi"dən ayrılan Vild-Donald Geryenin "Qarabağ"a qayıdacağı da gözlənillir. 31 yaşlı haitili cinah müdafiəçisi sosial şəbəkə hesabında Ağdam klubuna dönəcəyinə işarə vuran paylaşım edib. Belə ki, Gerye "Qarabağ"ın forması ilə fotosunu paylaşıb. Onun köhnə-yeni komandası ilə artıq bu həftə rəsmi müqavilə bağlayacağı gözlənilir. Haiti millisinin üzvü 2017-19-cu illərdə "Qarabağ"da oynayıb. Son mövsümü "Neftçi"də keçirən legioner 14 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə verib.
HƏBİB