
Adil Ağayev dünyasını dəyişdi
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin kütləvi futbol şöbəsinin məsul işçisi, əməkdar idman xadimi Adil Ağayev dünən dünyasını dəyişib. Bakı Kəndlər Futbol Federasiyasının prezidenti Vaqif Davudov onunla bağlı xatirələrini bölüşüb: “Onunla Bədən Tərbiyəsi və İdman Komitəsində tanış oldum. Bu komitənin kütləvi futbol yarışlarında gənclərdən ibarət Maştağa komandasını təmsil etmək istəyirdim.1976-cı ildən etibarən Bakı şəhəri və Azərbaycan çempionatı oyunlarını hakim olaraq idarə etmişik. Həmin illərdə aprel-noyabr aylarında Bakının kənd və qəsəbələrinin yarışlarında birgə iştirak etmişik. Həyatının son günlərinə qədər futbola sadiq qalıb. Bakı Kəndlər Futbol Federasiyasının yarışlarında daim mükafatlandırma marəsimlərinə qatılıb. Çox sakit, alicənab, dəyərli şəxsiyyət idi. BKFF rəhbərliyi olaraq yarış iştirakçıları adından da ona Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik. Adil Ağayevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq”.
Onu da əlavə edək ki, Adil Ağayev 1947-ci il martın 24-də Bakıda anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1975-77-ci illərdə Bədən Tərbiyəsi və İdman Komitəsində, 1978-80 və 1992-95-ci illərdə Qaradağ Rayon Gənclər və İdman İdarəsində, 1980-89-cu illərdə Səttarxan adına zavodun İdman klubunda, 1995-ci ildən 2017-ci ilə qədər Bakı şəhər Gənclər və İdman Baş İdarəsində məsul vəzifələrdə çalışıb.
Allah rəhmət eləsin.