Klub maraq dairəsində olanlardan cavab gözləyir
Çoxları tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan “Sumqayıt”ın qitəmiqyaslı turnir ərəfəsində heyətini gücləndirəcəyini gözləsə də, tam əksi yaşanır. Komandanın uğurlu çıxışında önəmli pay sahibi olan Şəhiyar Əliyev, Əmir Ağayev kimi futbolçular “kimyaçılar”ın düşərgəsini tərk edib. Şəhriyarın “Keşlə” ilə anlaşdığını ötən sayımızda xəbər vermişdik. Əmirin isə İsrailin güclülər dəstəsində mübarizə aparan üç klubun maraq dairəsində olduğu bildirilir və böyük ehtimalla yarımmüdafiəçi karyerasını məhz vətənində davam etdirəcək.
Bəs “Sumqayıt” debüt edəcəyi qitə arenasına kimlərlə yollanmağı düşünür? Klub rəhbərliyi heyəti gücləndirmək yönündə hansı addımları atmağı düşünür? Bu və başqa suallara cavab tapmaq üçün “gənclik şəhəri” təmsilçisinin idman direktoru Zamiq Hüseynovla əlaqə saxladıq: “Əvvəlcə Şəhriyar Əliyevin klubdan ayrılmasına toxunmaq istəyirəm. O bizə çox doğma futbolçudu. İki il “Sumqayıt”ın uğur qazanması üçün əlindən gələni edib. Klubla müqaviləsinin müddəti başa çatmışdı. Elə futbolçular var ki, anlaşmasının müddəti başa çatıb deyə, yeni klubla danışıqlara başlayanda sabiq komandasına heç nə demir, səssiz-səmirsiz işini görür. Ancaq Əliyev belələrindən deyil. O bizə müraciət etdi, baş məşqçi ilə danışdı və planını bildirdi. “Sumqayıt”dan ayrılmaq, yeni klubda özünü sınamaq istədiyini bildirdi. Yəni hər şeyi açıq-aydın etdi. Bəziləri kimi ikili oyun oynamadı, mərdi-mərdanə fikirlərini bizə bildirdi və hallalıq istədi. Görünür, “Keşlə”nin təklif etdiyi müqavilə şərtləri daha yaxşı olub. Hər şeyə, iki ildə klub üçün etdiklərinə görə Şəhriyara gələcək karyerasında “Sumqayıt” camiəsi adından uğurlar arzulayırıq. “Sumqayıt”ın qapısı hər zaman onun üzünə açıqdı. Nə vaxtsa yenidən bizim kluba dönmək istəsə, onu məmnuniyyətlə qəbul edəcəyik”.
Yeri gəlmişkən, “Sumqayıt”da aylıq 6500 manat maaşa oynayan Şəhriyar “Keşlə”də bundan təxminən 50 faiz artıq – 9 min manat qazanacaq.
İdman direktoru komandanın gələcək planlarına və transfer siyasətinə də toxundu: “Hazırda ölkədə yaranmış vəziyyətlə əlaqədar uzunmüddətli plan qurmaq mümkün deyil. Hər şeyi zamanın ixtiyarına buraxmaq məcburiyyətindəyik. Ölkədəki ümumi vəziyyətə uyğun olaraq hazırlıq planı qurmağı düşünürük və həmin proqrama əsasən də həm Avropa Liqasına, həm də yeni mövsümə hazırlaşacağıq. Ancaq yenə deyirəm, hazırlığa harda və necə başalayacğımızı deməyə çətinlik çəkirəm. Çünki yaxın 15-20 gündə necə olacağını bilmirik.
Transfer məsələsinə gəlincə, bu yöndə çalışmalarımız davam edir. Azarkeşlərimiz, futbol camiəsi narahat olmasın. Düşünməsinlər ki, “Sumqayıt”da susqunluqdu, bu yöndə heç bir rəsmi açıqlama yoxdu. Yaxın zamanda azarkeşlərimizi sevindirəcəyik. Bu gün ilk növbədə baş məşqçinin istəyinə əsasən müqaviləsinin müddəti bitən, komandanın sütununu təşkil edən oyunçularımızla danışıqlara başlayacağıq, daha doğrusu, başlamışıq və bu məsələni tezliklə tamamlamağı düşünürük. Yaxın günlərdə bununla bağlı ictimaiyyətə rəsmi açıqlama veriləcək. Bu mərhələni başa çatdırandan sonra artıq yeni oyunçuların transferinə başlayacağıq. Bu yöndə də müəyyən işlər görülür, maraq dairəmizdə olan oyunçular var ki, onlardan cavab gözləyirik”.
Yuxarıda qeyd etdiyimiz kimi, ötən il 70 yaşını qeyd edən şəhərin təmsilçisi tarixində ilk dəfə qitəmiqyaslı turnirə vəsiqə qazanıb. Bunun sıradan bir olay olmadığını nəzərə alsaq, Sumqayıt ictimaiyyəti, şəhərin icra hakimiyyəti bunu özəl bir hadisə kimi qəbul etməli, ən azı tarix yazan komandanın rəhbərliyi və üzvləri ilə görüşməlidi. Bəs görəsən, belə bir plan varmı? Zamiq bəyin reaksiyası belə oldu: “Klubun Müşahidə Şurasının üzvlərindən biri şəhərin icra başçısının müavini Teymur Səmədovdu. “Sumqayıt”ın avrokuboklara vəsiqə qazandığı məlum olunca, icra başçısı və öz adından bütün kollektivi təbrik etdi. Rəsmi qəbula gəlincə, hazırda şəhərdə xüsusi karantin rejimidi. İnsanlar SMS vasitəsilə icazə alıb 2 saatlıq çölə-bayıra çıxa bilirlər. Bundan başqa, komanda üzvləri də istirahətdədi. Belə olan halda hansısa qəbuldan söhbət gedə bilməz. Ola bilər ki, karantin rejimi başa çatandan sonra belə bir görüş təşkil olunsun”.
RƏŞAD