Sizin reklam burada

Kərim Diniyev “Sabah”dan ayrılacağını bilirmiş

Müəllif: football Tarix: 29-06-2020, 09:04 628 Baxış

“Karantindi, evdə oturmuşam, heç bir təklif yoxdu”
2018-in yayında “Sabah” premyer-liqaya hazırlaşanda komandaya cəlb olunan futbolçulardan biri də Kərim Diniyev idi. “Səbail”dən ayrılan müdafiəçi elitada debüt edəcək komandaya faydalı olmaq niyyətindəydi. İnsaf naminə, ilk mövsüm onun üçün pis keçmədi. Həm əsas heyət üzvü sayılırdı, həm də vitse-kapitan idi.
Lakin ötən ilin yayında komandanın güclənməsi, dəqiq desək, Ruslan Abışovla Bəhlul Mustafazadənin transfer olunması, üstəgəl, legioner Filip İvanoviçin də varlığı Kərimin işini çətinləşdirdi. Belədə solaxay futbolçu uzun müddət ehtiyac oyunçular skamyasının “daimi sakini”nə çevrildi. Mövsüm tamamlanan kimi isə “Sabah” həm Diniyev, həm də Vadim Abdullayev ilə başa çatan müqaviləni yeniləmədiyini bəyan etdi.
Hazırda evdə oturub yeni təklif gözləyən səbəbkarla söhbətimizin əsas məğzi də “Sabah”dan ayrılması idi.
- “Sabah”ı hamıdan əvvəl tərk edən iki futbolçudan biri oldun. Müqavilənin yenilənməməsi sənin üçün nə dərəcədə gözlənilməz oldu?
- Gözlənilməz olmadı, çünki gözləyirdim (gülür).
- Belə çıxır ki, öz seçimin olub. Yəni getmək istəyirmişsən.
- Xeyr-xeyr. Müqavilənin yenilənməyəcəyi haqda klub tərəfindən mənə məlumat verildi. Sadəcə, sonluğun bu cür olacağını gözləyirdim. Belə deyim də, eşitdiyim məni təəccübləndirmədi.
- Nədən niss etmişdin?
- Az oynamağımdan. Öncəki mövsümdə əsas heyət üzvü sayılırdımsa, bu dəfə 20 oyunun, səhv etmirəmsə, yarısında meydana çıxdım. Klubla müqaviləmin müddəti başa çatdığı halda, mənimlə eyni mövqedə çıxış edən futbolçuların anlaşma müddəti davam edirdi. Bəhlul, Ruslan, Filip – hamısının müqaviləsi var. Yeni anlaşma üçün təklif almayacağımı təxmin etmişdim.
- Sənin qədər, hətta səndən az oynayanlar da var ki, hələ də komandadadılar.
- Ola bilər. Amma bu məsələ ilə bağlı mənim nəsə deməyim doğru olmaz. Nəyə işarə vurduğunuzu təxmin edə bilirəm. Amma açıq deyim ki, indiyə qədər “Sabah”da heç kimlə problemim olmayıb. Komanda premyer-liqaya hazırlığa başlayan gündən kollektivin içində olmuşam. Quruculardan biri olmuşam, ardıcıl iki mövsüm vitse-kapitan funksiyasını daşımışam. Bir faiz də olsa, komandaya xeyrim dəyibsə, mənə xoşdu. Müqavilə yenilənmədi, bu, dünyanın sonu demək deyil.
- Jelko Sopiçlə münasibətin necə idi?
- Nəinki mənim, heç kimin onunla problemi yox idi. Sırf futbolçu-məşqçi münasibətində olmuşuq həmişə. Hər məşqçinin futbola öz baxışı var və həmin fəlsəfəyə uyğun da qərar verir. Ona görə də kimdəsə günah axtarmaq fikrində deyiləm. Geriyə yox, irəli boylanmaq lazımdı.
- Çox vaxt ehtiyatda qalırdın. Belə də olmalıydı, yoxsa razılaşmırdın?
- İnanmıram ki, hansısa futbolçu ehtiyatda qalmaqla özünü xoşbəxt hiss etsin. Elə bir futbolçu varsa... Nə deyim, vallah. Kimliyindən asılı olmayaraq, özünü futbolçu sayan hər bir kəs daim oynamaq istəyir. Mən də heç vaxt ehtiyatda qalmaqla barışmamışam. Uduzmağı sevmirəm, istər oyunda olsun, istər çıxış etdiyim mövqedə. Əsas heyətdə yer almaq üçün daim çalışır, komanda yoldaşlarımla rəqabət aparırdım. Lakin son qərarı baş məşqçi verir.
- Bir məqam da var ki, həmampluaların sıradan adlar deyildi. Təcrübəli Ruslanla yığmanın hazırkı üzvü Bəhlul...
- Hər ikisinin xətri mənim üçün əzizdi. Və hər ikisini güclü müdafiəçi hesab edirəm. Boşuna yığmanın formasını geyməyiblər. Dediyim kimi, əsas heyətdə möhkəmlənmək üçün üzərimə düşəni edirdim. Hamı necə, mən də elə. Mövqeyimdə yığma üzvləri var deyə, qollarımı yanıma salmamışam.
- Məntiqlə, çempionatın davam etməsini hamıdan çox sən istəməliydin.
- Nə mənada?
- Qarşıdakı 8 tur vardı və həmin matçlarda baş məşqçinin səninlə bağlı qərarını dəyişə bilərdin.
- Açığı, belə olacağına, nəyinsə dəyişəcəyinə inanmırdım. Nəsə dəyişsəydi, indiyə qədər dəyişərdi. Bu müddət ərzində heç nə dəyişmədisə, bundan sonrasına ümid etməyə dəyməzdi. Komandanın içindəydim, gələcəkdə nə olacağını az da olsa, hiss edirdim.
- Bundan sonrakı gələcəyini necə görürsən?
- Gələcək deyəndə ki, karantindi, evdə oturmuşam, heç bir təklif yoxdu. Nə maraqlanan var, nə də soruşan. Mövsüm yeni başa çatıb, hamı götür-qoy edir. Yəqin nəsə olar.
- Legioner həyatı yaşamaq ağlından keçir?
- Elə bir variant olsa, sizi inandırım, böyük məmnuniyyətlə razılaşıb, gedərəm. Ən böyük arzularımdan biridi. Mövcud durumla özünüz də tanışsız. Pandemiyaya görə sərhədlər bağlıdı, hətta başqa ölkələrin klubları də qeyri-müəyyənlik içindədi, büdcəylə bağlı sıxıntı yaşayırlar. Çox çətin durumdu.
- Atan Şahin Diniyev Rusiya və İsraildəki əlaqə vasitələrini nə üçün işə salmır?
- Atamın üzünü görürəm ki (gülür). Bu dəqiqə də rayondadı. Allah böyükdü, inşallah, bir yol açılar. Vallah, söz xatirinə demirəm, həqiqətən də legioner həyatı yaşamaq istəyirəm. Özümü xaricdə sınamaq vaxtıdı.
- Az pul təklif etsələr də?
- Baxır nə dərəcədə az pul. Mən tək deyiləm, ailə başçısıyam. Və himayəmdə iki azyaşlı övladım var. Elə bir məbləğ olmalıdı ki, özümü saxlaya bilməklə yanaşı, balalarımı da dolandıra bilim. Artıq pulda gözüm yoxdu, heç olmasa, ailəmi qane edəcək qədər olsun.
HƏBİB
SON XƏBƏRLƏR