Sizin reklam burada

Koronavirusdan xeyir görmək olarmı?

Müəllif: football Tarix: 29-06-2020, 09:01 617 Baxış
Əminəm ki, diqqətli oxucularımızın yadında qalıb. Ötən yazımda keçmişə boylanmış, 22 il əvvəl keçirilən Azərbaycan – Macarıstan qarşılaşmasını və Lixtenşteynə uduzmağımızı xatırlamışdıq. Onu da qeyd etmişdik ki, Vadustdakı oyun meydan sahibləri üçün tarixi əhəmiyyət daşımışdı. Çünki “cırtdanlar” Azərbaycan millisini 2:1 hesabıyla məğlub etməklə futbol tarixlərində ilk qələbələrini qazanmışdılar. Ağlınız indikinə getməsin, həmin vaxtlar məğlubiyyətləri asanlıqla həzm etmirdik. Düzdü, zəif idik, onsuz da əksər oyunlarda uduzurduq, bəzən qol vurmağımızı günlərlə bayram etməkdən doymazdıq. Amma hər məğlubiyyət uzun-uzadı müzakirələrə, tənqidlərə səbəb olurdu. Futbolçular xəcalət çəkərdilər, utanardılar. AFFA rəsmiləri də indiki kimi özlərini arsızlığa vurmazdılar.
Millimizin Lixtenşteynə uduzması da böyük əks-səda doğurmuş, geniş müzakirələr başlamışdı. Futbol mütəxəssisləri, təcrübəli idman jurnalistləri çıxış yolları axtarır, AFFA-ya müxtəlif tövsiyə və təkliflər verirdilər. Böyük əksəriyyət Vaqif Sadıqova millinin gəncləşdirilməsini təklif edir, sovet məktəbi keçmiş yaşlılardan imtina etməyin vaxtının çatdığını deyirdilər. Konkret nümunələr də vardı. Vəli Qasımovun Macarıstanla oyunda sonradan meydana çıxması və komandamıza heç bir fayda verməməsi. İspaniyada adından söz etdirən hücumçunun millidə əsas futbolçulardan birinə çevrilə bilməməsi, onun və bir sıra başqa futbolçuların gücünü klub üçün qoruması, yığmada can qoymaması, özlərini göstərmək üçün alışıb-yanmaması... Səhv etmirəmsə, idman mediasının usta qələmlərindən biri Şakir Yaqubov bütün bu məqamları Sadıqovun nəzərinə çatdırmış və ona gənclərin milli komandaya çağrılmasının zamanının gəldiyini demişdi. Ötən 22 ildə çox şeyi unutsam da, həmin dövrü unutmamışam. Mətbuatla görüşlərin birində Vaqif bəyə ünvanlanan müraciət təxminən beləydi: “Onsuz da uduzuruq, nə fərqi var kiminlə uduzaq: Vəli Qasımovla, yoxsa onsuz? Çağırın milliyə Renat Abdaşovu, Ruslan Musayevi, Elçin Rəhmanovu, Zaur Tağızadəni. Qoy bu uşaqlar oynasınlar, oynaya-oynaya da püxtələşsinlər. İnanın ki, Abdaşov milliyə Qasımovdan daha çox xeyir verəcək”.
Həmin vaxt Abdaşovun, bilirsiz, neçə yaşı vardı? Cəmi 18! Zaur Tağızadəylə Elçin Rəhmanov 19 yaşını yeni tamamlamışdı. Elə Ruslan Musayev də onlarla həmyaşıd idi. AFFA-nın o vaxtkı prezidenti, rəhmətlik Fuad Musayev “Şəfa”da yetişdirilən bu futbolçuların üstündə yarpaq kimi əsirdi. Yəqin ki, aranızda bunu bilənlər var, Musayev əlaqələrini işə salır, həmin gəncləri Estoniyaya, İslandiyaya göndərirdi ki, püxtələşsinlər, “bişsinlər” və Azərbaycan milli komandasına xeyir versinlər, ölkəmizin şərəfini qorusunlar. Çətin vaxtlar olsa da, gələcəyə böyük ümidlər bəsləyirdik. Futbolumuzun xilaskarı kimi baxdığımız, böyüyəndə “böyük futbolçu” olacağına inandığımız gənclər var idi. Təəssüf ki, Renat Abdaşov MOİK stadionunda keçirilən qarşılaşmada “Neftçi”nin hücumçusu Vadim Vasilyevin “qəzəbinə tuş gəldi”. Onun ayağının necə “şaqqıltıyla” sınması, hərbçi atasının dəmir çəpərin üzərindən aşıb, meydana qaçması indi də gözümün önündədi. Özü də sonra etiraf etmişdi ki, zədədən sonra əvvəlki kimi oynaya bilmədi. Şəxsi qənaətimdi ki, Zaur Tağızadənin, Elçin Rəhmanovun və Ruslan Musayevin də karyeraları gözlədiyimiz kimi olmadı. Düzdü, Zaur “Neftçi”nin heyətində parladı, millinin Slovakiya və Portuqaliya ilə oyunlarının qəhrəmanı oldu. Elçin isə karyerasını çox erkən bitirdi. Tağızadəylə Rəhmanov indi Qurban Qurbanovun komandasında yer alırlar. Ruslan Musayevin harda olduğunu isə heç bilən yoxdu.
İndi gəlirəm sözümün canına. Bu iki gündə ötənləri xatırlamağım, sizi də keçmişə səyahət etdirməyimin səbəbi odu ki, 20-22 il əvvəl edə bilmədiyimizi indi edək. Onsuz da Şakir Yaqubov demişkən, uduzmağa davam edirik. Futbol inqilabı etmək lazımdı, istər klub, istərsə də milli səviyyəsində. 30 ilə yaxındı müstəqil ölkə kimi dünyanın futbol ailəsinə daxil olmuşuq. Hər il futbola milyonlarla pul xərcləyirik. Amma ortada nə bir uğur var, nə də yetişdirdiyimiz futbolçu. Nə fərqi var, kimlə uduzuruq? İstər maqalarla, Nazarovla, Almeydayla, Daboyla, Geryeylə. “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl komandasının mükafatlandırılması mərasimində pandemiyanın büdcəyə təsir edəcəyini deyib. Bu təsiri təkcə “Qarabağ” yox, başqaları da hiss edəcək. Heç AFFA da yaxasını kənara çəkməsin. Koronavirusun gətirdiyi sıxıntılardan onlar da “sığortalanmayıb”. Avqustun 1-nə kimi sərt karantin rejimi davam edəcək, nə xaricdən futbolçu gətirməyə imkan var, nə də təlim-məşq toplanışına yollanmağa. Deməli, avrokuboklarda çox da uzağa gedəcəyimiz heç inandırıcı deyil. Lap 1990-cı illərin sonlarında, 2000-nin əvvəllərində olduğu kimi. Belədə yaxşı-yaxşı düşünüb, diqqəti daxilə, yəni uşaq fuboluna yönəltmək lazımdı. Axtarışlara başlayaq, yeni Abdaşov, Tağızadə, Musayev, Rəhmanov ortaya çıxaraq, sonra da onlara oynamaq üçün şans verək. Bu da olsun koronavirus pandemiyasının bizə faydası.
SON XƏBƏRLƏR