Sizin reklam burada

Hüseyn Məhəmmədov ərəblərin qorxusundan yalvarıb

Baxış Sayı:1 076

Hüseyn Məhəmmədov ərəblərin qorxusundan yalvarıb
“Məlum oldu ki, Ramazanovu yerə yıxan qarnı olub”
İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə, istər-istəməz köhnə günlərini yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarına əbədi həkk olunan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı uzun illər ölkənin aparıcı klublarının, yığmanın şərəfini qoruyan Hüseyn Məhhəmmədovdu. Futbol camiəsi arasında daha çox “Qusi” kimi tanınan veteran “çərçivə qoruyucusu”nun dadlı-duzlu xatirələrini sizinlə bölüşürük.
Hakimi yoldan çıxarmışdım
Yığma səfərdə Kiprlə qarşılaşırdı. Dəqiq yadımda deyil, neçənci dəqiqə gedirdi. Rəqib hücumların birində qol vurmağı bacardı. Bizimkilər məyus halda başlarını aşağı salıb dayanıblar. Kiprlilər də həmin qolun sevincini yaşayırlar. Mən də fürsətdən istifadə edib saniyələr içində qapının arxa tərəfindən toru cırıb, hakimi yanıma çağırıb topun məhz həmin sökülən yerdən içəri daxil olduğunu söylədim. Baş hakim “hadisə yeri”ni gözdən keçirib fitini səsləndirdi və qolu qeydə almadığını bildirdi. Hakimi yoldan çıxarmışdım. Ədalət təmsilçisinin bu qərarı kiprli futbolçular tərəfindən narazılıqla qarşılandı, meydanda aləm bir-birinə dəydi. Hakim “qol deyil” deyir, rəqibin oyunçuları, məşqçilər korpusu da and-aman edirlər ki, təmiz qol vurulub. Mübahisə təxminən 10 dəqiqəyədək davam etdi. Bizimkilərin də heç nədən xəbəri yoxdu. Mən də özümə əl qatmışam, hakimin yanında dayanıb onunla birgə kiprlilərə torun cırıq olduğunu, topun da məhz ordan içəri keçdiyini sübut etməyə çalışıram. Artıq ara sakitləşirdi, qol qeydə alınmırdı. Yan xətt hakimi dirəşdi ki, meydan sahibləri təmiz qol vurublar. Baş hakim də köməkçisini qoyub mənim sözümə inanan deyildi ki... Uzun çək-çevirdən sonra mərkəzi göstərdi. Oyun başa çatandan sonra uşaqlar torun mən tərəfdən söküldüyünü bilincə, çaşıb qalmışdılar.
“Ala, bunlarla futbol oynamağa nə var, ərəblər nə bilir futbol nədi”
Yığma ilə birgə Dubaydaydıq. Yerli komanda ilə yoxlama görüşündə üz-üzə gəlməliyik. Oyundan öncə Zaur Ramazanov nəyi var yeyib. Otelin restoranından çıxanda gördüm ki, Zaur o qədər yeyib ki, özünü zorla aparır. Ona yaxınlaşıb “qarnın bir metr qabağa çıxıb, axşam oyunumuz var, sən nə edirsən” dedim. O da cavabında “ala, bunlarla futbol oynamağa nə var, ərəblər nə bilir futbol nədi, müdafiəçilərini tək ayaqla keçib, istədiyim qədər qol vuracam” dedi. Restoranda yediyi az imiş kimi otağa qalxıb üstünü meyvə, çərəz ilə də düzəltdi. Oyun başalyıb, ərəblər meydanda külək kimi əsirlər. Bizdə də hücumda Zaur oynayır. Rəqib müdafiəçilər Zaura göz açmağa imkan vermirlər. Ayağına top düşən kimi “oğurlayırlar”. Matçdan öncə “ərəblər nə bilir futbol nədi” deyən oğlan heç cərimə meydançasına daxil ola bilmir. Qarşılaşmanın sonuna 15-20 dəqiqə qalmış rəqibin növbəti hücumundan sonra topu tutdum. Həmin an Ramazanovun meydanın mərkəzində tək olduğunu görüb ona uzun ötürmə etdim. Topu qəbul edən forvard sürətlə ərəblərin qapısına doğru şığıyırdı. Həmin an özlüyümdə “nəhayət, qol vuracaq” düşünmüşdüm ki, bir də gördüm, Zaur cərimə meydançasına daxil olmağa bir-iki metr qalmış yerə dəydi. Uşaqlar elə bildi ki, müdafiəçi onu yıxdı. Ancaq məlum oldu ki, Ramazanovu yerə yıxan qarnı olub. O qədər “ağır” olub ki, sürətli reyddən sonra özünü saxlaya bilməyib və qarnı onu yerə aparıb.
Qol “koçka”nın adına yazılmalıdı
Yığma ilə səfərdən qayıdırdıq. Üç gün sonra da çempionat çərçivəsində Gəncədə “Neftçi” ilə qarşılaşacağıq. Rəhmətlik Fətulla Hüseynovun yanında Yunis Hüseynovla mərc etdik. Mən ona “sən mənə qol vursan, oyundan sonra əllərimi kəsəcəm” dedim, əl sıxdıq. Vaxt yetişdi, oyun başladı. Rəhmətlik Fətulla müəllim də bizim mərcimizə görə Gəncəyə gəlib. Qarşılaşmanın ilk yarısını qol buraxmadan başa vurdum. İkinci yarı başlar-başlamaz “Neftçi” böyük qüvvə ilə irəli atlıldı. Hücumların ardı-arası kəsilmir. Vəziyyət o həddə çatıb ki, mən topu çətinliklə qapıdan uzaqlaşdırıram, nəfəsimi dərməmiş görürəm ki, top yenə bizim cərimə meydançasının yaxınlığındadı. Artıq elə vəziyyət yaranıb ki, udub-uduzmaq mənim üçün əhəmiyyət kəsb etmir. Əsas odu ki, Yunis mənə qol vurmasın. Top hər dəfə onun ayağına düşəndə gözüm dörd olur, bütün diqqətim ona yönəlir. Son 10 dəqiqədə öz-özümə ürəyimdə “bir az da döz, diqqətli ol, az qalıb” deyə-deyə təsəlli verməyə başlamışam. Son dəqiqələrdə rəqib yenə hücum edir və top Yunisin ayağına düşür. Arxası qapıya olduğundan düşündüm ki, ən yaxşı halda komanda yoldaşına ötürmə edə bilər. Ancaq Yunis də Yunisdi, qəfil çevrilib zərbə endirdi və top qapıya daxil oldu. Həmin vaxt dünya başıma fırlandı, mərcimiz yadıma düşdü, əllərimə heyfim gəldi. Matç qutardı, hamı paltardəyişmə otağına yollanır, mən də vəziyyətdən çıxmaq üçün nə edəcəyimi fikirləşirəm. Yunis özü olsaydı, zarafata salıb aradan çıxa bilmək olardı. Ancaq Fətulla müəllimin orda olması məni dilxor edib. Nə isə, içəri girəndə gördüm “qara polkovnik” Yunislə birgə məni gözləyir. Onlara yaxınlaşanda “səni gözləyirik, əllərini kəsməyinə tamaşa etmək istəyirəm” dedi. Bir anın içində “Fətulla müəllim, qolu Yunis vurmadı ki, top “koçka”ya dəyib istiqamətini dəyişdi. Burda Yunislik heç nə yoxdu. Qol “koçka”nın adına yazılmalıdı” söylədim. Fətulla müəllim bir neçə saniyə sakit durub birdən qayıtdı ki “ayə, sən necə adamsan, hər vəziyyətdən çıxmağı bacarırsan” deyib, gülə-gülə bizdən uzaqlaşdı.
Şallaqlanmaq qorxusu canımı almışdı
Yığma ilə birgə Ərəbistana yollanmışdıq. Mən, Zaur Ramazanov, Emin Quliyev və Kənan Mahmudov bir otaqda qalırdıq. Ramazanovun bığ saxlayan vaxtları idi. Bekarçılıqdan bilmirdik nə edək, başımızı necə qataq. Zauru yoldan çıxarıb bığını qırxdırdıq. Ramazanov bir də onda ayıldı ki, hamımız ona gülürük, hər imkanda ona sataşıb, iynəli sözlərlə dilxor edirik. O da bunun acığını bizdən, xüsusilə məndən çıxacağını deyirdi. Bir neçə saatdan sonra mən otağı tərk edib bir neçə dəqiqəlik çölə çıxmalı oldum. Özüm də şortik geymişdim. Mən çölə çıxan kimi bunlar qapını daldan bağlayıb içəri buraxmadılar. Həmin vaxt Ərəbistanda şortla çöldə-bayırda gəzmək yasaq idi, buna görə şallaq cəzası verirdilər. İndi nə qədər qapını döyürəm, bunlara yalvarıram ki, qapını açın içəri girim, məni şortla tutsalar, şallaqlayacaqlar. Xeyri yoxdu. Bir tərəfdən bunlara yalvarıram, digər tərəfdən də gözüm ətrafdadı ki, görüm gələn var, ya yox. Şallaqlanmaq qorxusu canımı almışdı. Bəlkə də o günə kimi heç kimə o qədər yalvar-yaxar etməmişdim. Gah yalvarıram, gah xahiş edirəm, gah senzuradan kənar sözlərlə onları söyürəm. Ancaq heç bir faydası yoxdu, qapını açımırlar ki açmırlar. Mən onlara yalvardıqca həzz alırlar, qapının o tərəfindən gülürlər. Bir də gördüm yığma üzvlərindən kimsə - adını unutmuşam - otağının qapısını açıb çölə çıxmaq istədi. Elə bil gözümə işıq gəldi, yenidən doğuldum. Güllə kimi özümü həmin otağa salıb, dərindən nəfəs aldım.
Arada belə bicliklərə də əl atmışam
“Turan”ın şərəfini qoruduğum vaxt idi. Bakı “İnşaatçı”sı ilə qarşılaşırdıq. Bərabər səviyyəli oyun gedirdi. Bizim də, onların da qol vurmaq üçün şansı olsa da, hesabı açmaq mümkün olmurdu. Top qapıya girmək istmir ki istəmir. Bakılıların növbəti hücumu zamanı rəqibin adını indi unutduğum futbolçularından biri yaxın küncü dəqiq nişan aldı. Dirəklə mənim aramdan top qapıya daxil oldu. Həmin illərdə də qapı torunu çox sərt dartıb bağlayırdılar. Sanki top dəmir darvazaya dəyib geri qayıdırdı. Bunlar da fərqləndiyi anda top tora dəyib güllə kimi geri qayıdınca, yerə yıxılıb onu tutdum. Və saniyə keçməmiş onu irəlidə olan komanda yoldaşlarımdan birinə ötürdüm. “İnşaatçı”nın futbolçuları qol sevincini qeyd edən zaman bizimkilər hücuma keçib qol vurdular. Tordan geri dönən topu o qədər cəld tutmuşdum ki, hakim topun qapıya daxil olduğunu görməmişdi. Və epizodun davamında bizimkilərin fərqlənməsi bakılıları özündən çıxarmışdı. Hakimə nə qədər təzyiq göstərsələr də, “qol yoxdu, qapıçı topu tutdu” deyib, bizim qolumuzu qeydə aldı. Matçdan sonra məlum oldu ki, heç bizim oyunçularımızın çoxu bilməyib ki, mən tordan qayıdan topu tutub hücumu başlamışam. Arada belə bicliklərə də əl atmışam.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR