Sərlövhəyə çıxarılan sualın əhatə dairəsini genişləndirə, ölkəmizin koronavirusla mübarizə sahəsindəki yaxşı başlayan, amma pis davam edən təcrübəsi ilə bağlı fikirlərimi bölüşə bilərəm. Amma bu mövzunu ictimai-siyasi məzmunlu qəzetlərdəki həmkarlarıma tapşırıb, dərhal futbola keçmək istəyirəm.
Son günlər ölkədaxili transferlər geniş vüsət alıb. Sərhədlərin bağla olması, bizimkilərin ölkəni tərk etməyə onsuz da həvəs göstərməməsi ilə şərtlənən reallıq var. Bu üzdən yerli oyunçuların klubları əlcək kimi dəyişməsi anlaşılandı. Diqqəti yöməltmək istədiyim məqam isə başqadı.
Xatırlayırsızsa, ölkədaxili yarışların taleyi ilə bağlı qeyri-müəyyənliyin hökm sürdüyü günlərdə dəfələrlə futbolun problemlərinə əlahiddə şəkildə baxmağın zəruriliyini vurğulamışdım. Mənə elə gəlirdi ki, AFFA və PFL hökumətlə danışıqlarda lazımi inadkarlıq göstərərsə, futbol üçün hansısa güzəştlər qoparmaq olar. Hər şey onunla bitdi ki, futbola rəhbərlik edənlər yoluxma sayındakı artımdan qorxuya düşərək və həftəsonlarının sərt karantin rejimini bəhanə edərək, stadionların ağzını birdəfəlik bağladılar. Yaxşı, bu artıq olub, bəs bundan sonra nə olacaq?
Görünən mənzərə budu ki, zəngin avrokubok təcrübəsinə malik “Qarabağ”dan tutmuş debütant və yeganə oyunu səfərdə keçirməsini heç arzulamadağım “Sumqayıt”a qədər bütün avrokubok təmsilçilərimiz ölkədə hazırlaşmaqla, yəni “öz şirəsində qaynamaqla” qitədə heç nəyə nail ola bilməyəcəklərini yaxşı anlayırlar. Hətta bir qədər də bədgümanlaşıb, “bu yay avrokuboklarda fiaskoya düçar olmasaq, yaxşıdı” demək istəyərdim. Amma günümüzdə istənilən adama “xain, satqın” damğası vurmaq çox asan olduğundan, hadisələrin axarını gözləməyi daha məqsədəuyğun sayıram.
Bununla belə, ölkə klublarının çıxılmaz durumda olması da heç kimə sirr deyil. Anlaşdıqları oyunçuları gətirə bilmirlər, dincəlməyə ehtiyac duyan legionerləri göndərmirlər ki, birdən qayıda bilməzlər, məşq etmək və ya yoldaşlıq oyunu keçirmək kimi rahatlıqlardan isə heç danışmağa dəyməz. İndi həm avrokuboklara qatılacaq klublar, həm də ölkə futboluna rəhbərlik edənlər, reytinq qayğısına qalan bəylər bir araya gəlməli, hansısa çıxış yolları düşünməlidilər. Şəxsən mən belə düşünürəm ki, bu 4 komanda üçün ayrıca çarter reysi təşkil etmək, yaxın xaric ölkələrində toplanış keçmələrinə şərait yaratmaq qeyri-adi vəzifə deyil. Bildiyimə görə, bəzi ölkələrlə sərhədlər yavaş-yavaş açılır, çarter reyslərinin təşkili nəzərdə tutulur.
Heç Gürcüstan da uzaqda deyil. Bu ölkədə həftəsonu çempionat bərpa olunacaq. Deməli, komandalar formadadı, ən azı bizimkilərdən bir addım irəlidədilər. Bu ay da olmasa, gələn ay qonşu ölkə klubları ilə yoldaşlıq oyunları təşkil etmək lazımdı. Düzdü, Gürcüstan klubları səviyyəcə bizimkilərdən üstün deyil. Amma beynəlxalq oyun başqadı, “Neftçi” ilə “Keşlə”nin dəfələrlə üz-üzə gəlməsi başqa.
Bəs Qəbələ variantı? Onun üzərindən niyə birdəfəlik xətt çəkilib ki? “Sumqayıt”ın, elə başqalarının da hər cür şəraitə, infrastruktura malik bölgədə, təbiət qoynunda hazırlaşmasının nəyi pisdi? Hansısa ağlabatan cavab eşitməyəcəyimi bildiyim halda, sualları sıralayıram. Qoy olsun, bizim mənim işim yazmaq və doğruları göstərməkdi. Həm də bəribaşdan həyəcan təbili çalıram ki, sabah, yəni iş-işdən keçəndən sonra kimsə ölkədəki durumu, koronavirusla mübarizə qayğılarını bəhanə etməsin. Gözləyə-gözləyə, ləngiyə-ləngiyə 2019/20 mövsümünü tarixə qovuşdurduq, gücsüzlüyümüzü qəbul etdik və barışdıq. Amma avrokuboklarla bağlı belə bəhanələr artıq keçərli olmayacaq. İstər hər klub, istərsə də bütövlükdə Azərbaycan futbolunu yönəldənlər uğur resepti tapmalı, onun əsasında hərəkət etməklə avrokubok yayımızın qara gəlməsinə imkan verməməlidilər. Bu gün hələ tezdi, sabah isə artıq gec ola bilər. Deməsi məndən, yozması sizdən...