“İnanın ki, yunan-Roma güləşinə heç bir təhlükə yoxdu”
Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili maraqlı açıqlama ilə gündəmə gəlib. Yunan-Roma güləşi üzrə olimpiya çempionu Azərbaycan Güləş Federasiyasının prezidenti vəzifəsini icra edən Namiq Əliyevin sözlərinə münasibət bildirib. Dünya Güləş Birliyinin (UWW) büro üzvü olan həmyerlimiz böyük ehtimalla 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarından etibarən yunan-Roma güləşinin yarışın proqramından çıxarılacağını söyləmişdi. Həmyerlimiz İcraiyyə Komitəsində aparılan müzakirələrə əsasən belə qənatə gəlmişdi. UWW-nin vitse-prezidenti, İcraiyyə Komitəsi və büro üzvü, texniki komissiyanın sədri olan Mamiaşvili isə bu fikri bölüşmür: “Açığı, buna necə şərh verəcəyimi bilmirəm. Azərbaycanlı həmkarımın yunan-Roma güləşinin Olimpiadanın proqramından çıxarılacağı ilə bağlı qənaətə nəyə əsasən gəldiyini başa düşmürəm. Ümumiyyətlə, bu haqda ilk dəfə eşidirəm. Nə büronun, nə İcraiyyə Komitəsinin iclasında bu məsələ bir dəfə də qaldırılmayıb. Hətta öz aramızda zarafatla belə müzakirə etməmişik. UWW çox güc sərf edir ki, yunan-Roma güləşi daha dinamik, parlaq və anlaşılan olsun. Çox şey də alınır. Onda niyə 2022-ci ildə Seneqalın paytaxtı Dakarda keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarının proqramında yunan-Roma güləşinin əvəzinə çimərlik güləşi peyda oldu? Yeniyetmələrin Olimpiadası eksperimentlər üçün poliqondu. UWW təkcə tarixi üslubların saxlanılmasında yox, yenilərin inkişafında da maraqlıdı. İnanın ki, yunan-Roma güləşinə heç bir təhlükə yoxdu. Hələ antik Olimpiadaların da başladığı ən qədim güləş növü Paris-2024, Los-Anceles-2028 və sonrakı Olimpiya Oyunlarının da proqramında olacaq”.
Qeyd edək ki, yunan-Roma güləşi indiyədək yalnız Paris Olimpiadasından (1900) kənarda qalıb.