Sizin reklam burada

“Qarabağ”ın azarkeşləri Rəşad Sadıqova görə təəssüflənir

Baxış Sayı:589


Elvin Süleymanov: “Onun xarakterində birini tapmaq çətindi, hətta yoxdu”
Elnur Quliyev: “Kənardan baxıb kövrəldik, kaş ki belə olmazdı”

Rəşad Sadıqov futboldan getdi. Kiməsə görə tez, kiməsə görə gec. Ancaq Azərbaycan futbolunun yaşayan əfsanəsini artıq meydanlarda görməyəcəyik. Sadıqov hər zaman yaddaşlarda qalacaq. Üstəlik, yalnız futbolçu yox, həm də katitan və böyük xarakter sahibi kimi. Əfsanələr hər nə qədər böyük kütlənin rəğbətini qazansa da, onları belə sevməyənlər olur. Elə ona görə də onların adı əfsanədi! Çünki sevilməsələr belə, unudulmurlar.
Sadıqov da ölkə futbolunun unudulmaz oyunçularındandı. Onun Azərbaycan futbolundakı xidmətləri danılmazdı. Bu gün onun səhvlərini qabardanlar, getməkdə gecikdiyini söyləyənlər də var. Ancaq dünya futbolunda hansı oyunçuların necə səhvlər etdiyinin şahidi olmuşuq. Bəzən Rəşadı sevənlər onun səhvlərinin daha çox gözə girdiyini iddia edir. Normaldı. Bu gün belə “Liverpul”un əfsanəsi Stiven Cerrardın ayağının altından qaçırdığı top və Roberto Baconun vura bilmədiyi penalti xatırlanır. Məgər dünya futbolunda başqa əhəmiyyətli oyunlarda səhv edən oyunçular yoxdu? Əlbəttə, var! Sadəcə, artıq cerrardlar, bacolar yoxdu. Bax, Rəşad da Azərbaycan futbolunun o sıyahısındadı. Ona görə də təriflərlə yanaşı, tənqidləri də başa düşmək, düzgün qiymətləndirmək lazımdı.
Kapitan haqda çox sözlər yazmaq olar. Aşağı-yuxarı hamısı da yazılıb. Pisi ilə yaxşısıyla ölkə futbolundan bir Rəşad Sadıqov keçdi. Bizimlə yanaşı, onun haqda azarkeşlərin fikirləri də maraqlıdı. “Qarabağ”ın sadiq azarkeş qrupları “İmarət” və “Qarabağ ordu”nun kapitanın futboldan getməsinə münasibətini öyrəndik.
Elvin Süleymanov (Qarabağ ordu): “Rəşad haqda çox şey danışmaq olar. Onun kimi lider futbolçu komandaya az gələr. Hər oyun ərəfəsində futbolçuları motivasiya baxımından hazırlamaq, ruh vermək sırf ona xas bir iş idi. O, əsl ağsaqqal, kapitan kimi kapitandı. Karyerasını bitirməsi xoş olmadı. Ancaq yəqin ki, “Qarabağ”dan tam ayrılmayacaq. Rəşaddan sonra kapitanın kim olacağı bilinməz. Amma onun xarakterində birini tapmaq çətindi, hətta yoxdu. Çox heyf ki, mükafatlandırma mərsamində iştirak edə bilmədik. Pandemiya buna imkan vermədi. Ən azı televizordan baxmaq istərdik, lakin bu da olmadı. Görünür, qismət deyilmiş”.
Elnur Quliyev (İmarət): “Rəşad Sadıqov həm kapitan, həm də komandirdi. O, oyunçu olmaqla yanaşı, həm də əsl şəxsiyyətdi. İnsan kimi möhtəşəm biridi. Həmişə darda, sıxıntıda olan dostunun yanında olandı. Biz onu belə tanımışıq. Ona görə də həmişə sevilir. Dəfələrlə onun komandaya necə can yandırdığının şahidi olmuşuq. Bir dəfə səfərdə baş tutan avrokubok oyunlarının birində məğlub olmuşduq. Ölkə çempionatında səhv etmirəmsə, “Rəvan”la görüşümüz var idi. Komandada motivasiya, demək olar, sıfır dərəcəsində idi. Həmin vaxt Rəşad yerli oyunçulara qayıtdı ki, “gəlin bir az deyib-gülək, bizə baxıb legionerlərin də kefi düzəlsin”. Bax, hər şeyə diqqət edən biri idi Rəşad. Ona görə həmişə kapitan kimi yaddaşlarda qalacaq. Heyf, onun gedişi pandemiya dönəminə düşdü. Yoxsa nəsə etməyə çalışardıq. Ancaq gələcək karyerasında da həmişə yanında olacağıq. Ona uğurlar azrulayırıq. Rəşadın futbolçu kimi son çempionluğunun mükafatlandırma mərasimində ola bilmədik. Çox istərdik orda olaq. Kənardan baxıb kövrəldik, kaş ki belə olmazdı. Onun milli komandada, “Qarabağ”da əziyyəti çox olub. Ayrılıq belə olmamalıydı. Ancaq yenə də qismət. Təki hər şey ürəyincə olsun”.
HƏSƏN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR