Sizin reklam burada

Ötən günlərə boylanarkən...

Müəllif: football Tarix: 26-06-2020, 09:04 334 Baxış
Bu qarşılaşma haqda əvvəllər də bir neçə dəfə söz açmışam. Çünki həmin oyun mənim üçün ona görə əlamətdar olub ki, ilk dəfə milli komandamızı tribunadan canlı izləmək, futbolçularımızı dəstəkləmək fürsəti qazanmışam. Düzdü, nəticə bizim üçün heç də ürəkaçan olmadı. Həmin gün, 1998-ci il oktyrabrın 10-da Vaqif Sadıqovun çalışdırdığı milli doğma meydanda macarlara 0:4 hesabıyla uduzdu. Düzdü, bizimkilər oyuna heç də pis başlamadılar. İlk yarını da qolsuz bərabərliklə başa vurduq, amma fasilədən sonra fiziki hazırlığın yetərsizliyi, rəqibin daha səbrli və taktiki cəhətdən savadlı oynaması faciəni qaçılmaz etdi. Xüsusən də son 5 dəqiqə bizim üçün biabırçı oldu, qapımızdan bir-birinin ardınca 3 top buraxdıq. Macarlarla görüşü heç də hesaba, yaxud da Jidkovun gözünə gün düşdüyünə görə başına günlüyü olan papaq qoyduğuna görə xatırlamadım. Həmin görüşü yaddaqalan edən daha bir məqam var.
Deməli, macarlar hesabı açdıqdan sonra Vəli Qasımov ağır addımlarla ehtiyat oyunçular üçün ayrılan yerdən qalxdı və qaçış zolağının kənarından ora-bura qaçmağa, isinməyə başladı. Qismətdən mən də onun olduğu yerə yaxın əyləşmişdim. Vəlinin hazırlaşdığını görənlər ayağa qalxdı, sonra da ağzına qədər dolu olan stadionun bütün tribunaları həmin qrupa qoşuldu. Hamı Qasımovu alqışlayır, birağızdan “Vəli, Vəli” qışqırırdı. Zarafat deyil, adam Rusiyadan sonra İspaniyanı və Portuqaliyanı fəth etmişdi, qolçuluq bacarığını ən müxtəlif çempionatlarda göstərmişdi. Gec-tez millinin də heyətində fərlənməliydi, ya yox?! Özü də həmin vaxt minimal hesabla uduzurduq. Azarkeşlər düşünürdü ki, Vəli meydana çıxandan dərhal sonra fərqlənəcək, əvvəl oyunda tarazlıq yaranacaq, sonra da bizi önə keçirəcək. O vaxtlar məşqçilər də tribunalarla hesablaşırdılar, ordan gələn çağırışlara qulaq verirdilər. Vaqif Sadıqov da belə etdi, bir müddət qulaq asdı, sonra üzünü tribunalara tərəf çevirdi və Vəlini yanına çağırdı...
Vəli isə həmişəki Vəliydi. Klubların heyətində şirə dönür, milliyə gələndə isə itib-batırdı. Bəlkə də Vaqif Sadıqov da bunu bildiyi üçün onu ehtiyatda saxlamış, ilk dəqiqələrdən meydana buraxmamışdı. Tribunaların təzyiqi qarşısında geri çəkildi və bir növ “alın, bu da sizin Vəliniz” deyirmiş kimi hücumçunu meydana buraxdı. İndiyə kimi yadımdadı, oyunda olduğu müddət ərzində Qasımovun cəmi bir dəfə əlinə fürsət düşdü. Qapıçıyla təkbətək çıxan hücumçu əlverişli mövqeydən “çərçivə”ni nişan ala bilmədi, topu göyə uçurdu. Bundan sonra biz də başımızı tutduq, Vəli də. Sadıqov isə macal tapıb üzünü bir daha tribunalara sarı çevirdi, sanki “gördüz də, mən bilirdim belə olacaq, amma siz inanmırdız” demək istədi. Davamını siz də bilirsiz. Macarlar vurdu, biz saydıq və 0:4 hesabıyla uduzduq. Həmin vaxtlar uşaq kimiydik, millimiz hər dəfə uduzanda uzun müddət özümüzə gələ bilmirdik.
Sən demə, irəlidə bizi daha böyük faciələr, ağır məğlubiyyətlər gözləyirimiş. Biz isə bundan xəbərsiz imişik. Macarlara uduzmaq ayıb deyildi ki, əməlli-başlı futbol ölkəsidi, normal komandaları var, futbolçu yetirşdirirlər. Zaman da bunu sübut etdi, macarlar da. Həmin məğlubiyyətdən 21 il sonra macarlar yenə Bakıya gəldilər və yenə də qapımızı qolla doldurdular. Özü də bu dəfə məşqçimiz azərbaycanlı deyildi, Xorvatiyadan Nikola Yurçeviçi gətirmişdik. Deməli, 1998-ci ildə Macarıstana uduzmaq ayıb deyilmiş. Amma Lixtenşteynin tarixinə düşmək onda da ayıb idi, indi də ayıbdı. Tərslikdən biz bu ayıbı da iki dəfə yaşamışıq. İndiki gənclər U-21 millimizin Lixtenşteynə uduzmasına görə xəcalət çəkiblərsə, biz bu xəcalət hissini macarlarla oyundan 4 gün sonra, yəni 1998-ci ilin 14 oktyabrında yaşamışıq. Həmin gün Vaqif Sadıqovun çalışdırdığı komandamız səfərdə 1:2 hesabıyla uduzmaqla “tarix yazdı”, çünki bu qələbə Lixtenşteyn millisi üçün bir ilk idi. Bizə qədər “cırtdanlar” qələbə görməmişdilər, heç bir rəsmi oyunda 3 xal qazanmamışdılar. Onlara bu xoşbəxtliyi biz yaşatdıq, bununla da tarixdə silinməyəcək izlər buraxdıq.
Təəssüflər olsun ki, ötən günlərə boylanarkən bu cür xoşagəlməz oyunları, acınacaqlı nəticələri xatırlamalı oluruq. Bilirəm, sizin də əhvalınız korlanır, kefiniz pozulur, mənəvi əzab çəkirsiz. Nə etmək olar, azərbaycanlı futbol azarkeşlərinin də qismətinə bu cür məğlubiyyətlər, onları xatırlamaq və utanmaq yazılıb. Bu qarşılaşmaları xatırlamaqla məqsədim heç də sizi utandırmaq, qanınızı qaraltmaq deyil. Sözümün canı var. Amma bu yazıda ondan bəhs etməyəcəm. Saxlayaq gələn yazıya, harda qaldığımızı unutmayın. Sağlıq olsun, keçmişə yenidən boylanacaq, ötənləri xatırlayacağıq. Bunu niyə məhz indi etdiyimi də biləcəksiz. Qəzetimizin növbəti sayında görüşənədək...
SON XƏBƏRLƏR