Erkin İbrahimov: “Kimsə riskə getməyəcək və avrokuboklara qatılmayan klublardakı əcnəbilərə təklif göndərəcək”
Səbuhi Səfiyarlı: “İndiki şərtlər altında kənardan güclü legioner dəvət etmək çətin görünür”
Yay fasiləsi transfer bazarında alış-verişin ən gur vaxtı hesab olunur. Hər bir klub büdcəsinə uyğun yeni oyunçu axtarır, hər futbolçu daha sərfəli şərtlər altında yeni müqavilə bağlamağa çalışır. Belə məqamda agentlərin də işi başlarından aşır. Ancaq bu yay əvvəlkilərdən fərqlənir. Dünyanı ağuşuna alan COVID-19 pandemiyası bütün sahələrə təsirini göstərdiyi kimi, transfer bazarından da yan ötməyib. Əksər mütəxəssislərin fikrincə, bu yay premyer-liqa təmsilçiləri oyunçu alış-verişində o qədər də fəallıq nümayiş etrmiyəcəklər ki, bunun da səbəbi büdcələrin azalmasıdı. Bundan başqa, sərhədlərin bağlı olması da yeni oyunçuların dəvət olunmasına maneə törədir.
Bəs görəsən, transfer bazarının əsas fiqurları hesab olunan agentlər bu haqda nə düşünürlər, mövcud durumu necə dəyərləndirirlər? Bu suallara aydınlıq gətirmək üçün onların bəziləri ilə əlaqə saxlayıb? fikirlərini öyrəndik.
Erkin İbarhimov: “Açığı, indi “fors-major” vəziyyət yaranıb. Heç kim qarşıdakı günlərdə nəyin necə olacağını dəqiq bilmir. Görünən odu ki, avrokuboklara yollanan klublar transfer bazarında o birilərə nisbətən bir qədər fəal təsir bağışlayırlar. Onlar da əsasən çalışırlar ki, heyəti qoruyub saxlasınlar. Məsələn, görürük ki, “Keşlə” bu yöndə artıq çalışmalara başlayıb. Büdcədə müəyyən azalma olsa da, rəhbərlik heyəti qorumağa çalışır. “Keşlə” ilə yanaşı, “Neftçi” və “Sumqayıt” da başlayıb bu işlərə. Aparıcı futbolçuların – “Keşlə”dən Slavik Alxasovun, “Sumqayıt”dan Əmir Ağayevin düşərgəni tərk etməsi də gözlənilən idi. Bunun da kökündə birbaşa büdcənin az olması durur. Ancaq inanıram ki, klublarımız onların yerlərini doldura biləcəklər. O ki qaldı transferlərə, “Keşlə” moldovalı qapıçı Stanislav Namaşkonu hələ də Bakıya gətirə bilmir. Operativ Qərargah avqustun 1-nə kimi sərhədlərin bağlı qalması haqda qərar qəbul edib. Bu qərarın müddəti uzadıla da, vaxtından əvvəl götürülə də bilər. Yenə deyirəm, bu sahədə qeyri-müəyyənlikdi ki, bu da klubların transfer siyasətinə təsir göstərir. Sevindirici xəbər odu ki, İstanbuldan Bakıya həftədə iki dəfə reyslər olacaq və bu da müəyyən qədər ümid yaradır. İnanaq ki, klublar futbolçularını gətirə biləcək. Məsələn, “Neftçi” artıq iki yeni əcnəbi ilə anlaşıb və onlar Türkiyədədi, Bakıya gəlməyə hazırlaşırlar. Məncə, hazırkı vəziyyət yeni tendensiyaya rəvac verəcək. Qitəmiqyaslı turnirlərdə iştirak edəcək klublarımız premyer-liqanın başqa təmsilçilərinin şərəfini qoruyan legionerlərlə müqavilə bağlamağa çalışacaqlar. “Səbail”də, “Zirə”də belə oyunçular var. Çünki avqustun 3-nə kimi avrokuboklara qatılacaq komandalar sifariş ərizələrini UEFA-ya təqdim etməlidilər. Mənim proqnozuma əsasən klublarımız iyulun 15-nə kimi kənarda yeni oyunçu axtaracaq, danışıqları davam etdirəcəklər. Ortada real heç nə olmayınca, kimsə riskə getməyəcək və avrokuboklara qatılmayan klublardakı əcnəbilərə təklif göndərəcəklər. Özümün də əməkdaşlıq etdiyim klublar var. Onlara başqa ölkələrdə çıxış edən legionerləri təqdim edirəm. Ancaq sabahla bağlı əminlik olmadığından işimizi ehtiyatlı tutmağa çalışırıq.
Azərbaycanlı futbolçuların xaricə yollanmaq varinatı üzərində də çalışıram. Bu məsələ hər zaman mənim üçün prioritet olub. Bəzi əcnəbi klublarla danışıram. Təəssüflər olsun ki, Avropa Birliyinə daxil olmadığımızdan futbolçularımızın “köhnə qitə”yə yolu bir qədər çətindi. Hansısa klubun direktoruna bizim futbolçunu təklif edəndə, “Şengen ölkəsi deyilsiz. Bu da bizə keçidi rəsmiləşdirməkdə problem yaradır” söyləyir. Elə futbolçumuz olub ki, onu bəyəniblər, lakin qeyd etdiyim problem səbəbindən transfer alınmayıb.
Təbii ki, klublarda büdcələrin azalması transferlərə də təsir göstərəcək. Məncə, Əmir Ağayev məhz bu üzdən “Sumqayıt”dan, Slavik Alxasov “Keşlə”dən ayrıldı. Mənim müşahidələrimə əsasən əksər klubların büdcəsi 20-30 faiz aşağı düşəcək. Bu da klubların qarşısına yenə vəzifələr qoyur. Burda artıq səhv etməyə heç kimin haqqı yoxdu. Məsələn, “Neftçi”nin son iki ildə transferlərinə diqqət yetirsək, görərik ki, keçidlərin 80 faizi uğursuz olub. Pul çox idi deyə heç kim rəhbərlikdən soruşmurdu ki, Platellas, Braliç, Sansone, Raku kimi futbolçular nəyə gəlmişdi? Hərəsi 6 ay düşərgədə olandan sonra yola salındı. Ölkənin ən köklü klubu az qala karvansaraya dönüb. Ortada kimlərsə qazanır, itirən isə klubdu. Məncə, bundan sonra artıq sponsorlar tərəfindən büdcəyə nəzarət də ikiqat artacaq. Uğursuz transfer olanda artıq funksionerlər bunu malalaya bilməyəcəklər. İndi klubda çalışan rəsmilərin üzərinə daha çox məsuliyyət düşür. Mən tək SOCAR-dan maliyyələşən klubları nəzərdə tutmuram. “Zirə”də də, “Sabah”da da son transferlərin uğursuz olduğunu deyə bilərəm. Həmin klublar da transfer siyasətlərini yenidən gözdən keçirmək məcburiyyətində qalacaqlar. Bir sözlə, indki durumda artıq hər qəpiyin hesabatı aparılacaq”.
Səbuhi Səfiyarlı: “Ölkədəki vəziyyət hamımıza məlumdu. Pandemiya ölkə futboluna mənfi yöndə təsir göstərib. Son illərdə klubların futbolçulara təklif etdiyi maliyyə şərtlərində əməkhaqqının azaldığını hamımız görürük. Bu ənənə bu il də davam edir. Bu da klubların rənglərinə bağladığı futbolçuların səviyyəsinə birbaşa təsir göstərir. İndiki şərtlər altında kənardan güclü legioner futbolçu dəvət etmək çətin görünür. Ümumiyyətlə, pandemiya səbəbindən indi bir çox futbolçular öz ölkəsindən kənara çıxmaq istəmirlər. Bu da transfer bazarına təsir göstərir. Avrokuboklarda çıxış edəcək təmsilçilərimizə gəlincə, “Qarabağ” qapıçı, mərkəz müdafiəçi və cinah müdafiəçi problemini həll etməlidi. Bildiyim qədər qapıçı məsələsini Emil Balayevin sayəsində həll ediblər. Müdafiənin mərkəzinə də legioner dəvət olunub. Müdafiənin cinahı və orta xətdə oyun qurucusu yeri isə hələ də boşdu. Almeydanın gedişindən sonra ağdamlılar həmin mövqeyə futbolçu axtarırlar. “Neftçi”nin, “Keşlə”nin, “Sumqayıt”ın da güclənməyə ehtiyacı var. Ancaq bunu edə biləcəklərmi? Bu sual hamını düşündürür və dünyadakı xoşagəlməz durum onlara qeyd etdiyim çətinlikləri yaradır. Hələ bilinmir ki, klublar yeni anlaşdıqları legionerləri hansı tarixdə Bakıya gətirəcəklər. Ümumiyyətlə, transfer bazarında qeyri-müəyyənlikdi. Suallar çox, cavab vermək çətindi. Klublarımızın işini çətinləşdirən məqamlardan biri də büdcənin azalmasıdı. Dediyim kimi, az pula səviyyəli futbolçu tapmaq problemdi. Ortabab legionerlə isə avrokuboklarda çox uzağa getmək mümkün deyil”.
RƏŞAD