Sizin reklam burada

Zarafatcıl milli kadrlar

Baxış Sayı:353


Replika
Dünyanı alt-üst edən koronavirus Azərbaycan çempionatını və kubokunu bitirməyə qoymadı. Buna görə o yarasa yeyən çinliyə də, vaxtında xəstəliyin üstünə düşməyən ÜST-ə də, xəstəliklə mübarizədə Gürcüstan təcrübəsini təkrarlaya bilməyən ölkəmizdəki müvafiq qurumlara da lənət payı düşür. Amma azərbaycanlı futbolçuların bu duruma görə səmimi şəkildə təəssüfləndiyini nə təsəvvür edirəm, nə də edə bilirəm. Deyim nəyə görə?
İlk növbədə ona görə ki, martda dayandılar, hər biri vaxtında pulunu aldı və heç biri də “işləməmişəmsə, bu pulu almağa layiq deyiləm” demədi. Bildiyim qədəri ilə bu ölkədə heç bir komandanın üzvləri kollektiv şəkildə rəhbərliyə hansısa jest etməyib, nəciblik göstərməyib.
2-ci məqam. Onsuz da bizim futbolçular, yaşından asılı olmayaraq, ölkə xaricinə çıxmaqda, legioner həyatı yaşamaqda maraqlı deyildi. “Korona” isə onlara əlavə tutarqa verdi: sərhədlər bağlıdı, hara və necə gedək? Mən ölüm, gözəl mənzərədi, eləmi? Az qala hər gün bir neçə yerli futbolçunun iş yerini dəyişməsi ilə bağlı xəbər yayılır. Kim 5 manat artıq verirsə, dərhal ora qaçırlar. Sizi inandırım ki, bu gün hansısa böyük iş adamı klub qursa və normalda 23-25 nəfərin yer almalı olduğu heyətə 35 adam cəlb etsə, bizim bu inkassator milli kadrlar heç nəyə fikir vermədən, oynayıb-oynamayacağını düşünmədən onun yanına qaçacaqlar. Bu adamlar üçün ölkədən kənarda oynamaq, “artırmaq”, yığmalara faydalı olmaq anlayışları demaqogiyadan və laf etməkdən başqa bir şey deyil. Məsələn, Vüsal İsgəndərli ad-soyadlı birisi var. Mövsümboyu verdiyi hər müsahibədə legioner həyatı yaşamaqla bağlı elə kövrək, elə riqqətləndirici açıqlamalar verirdi ki, şəxsən mən gözümün yaşını silməyə dəsmal çatdırmırdım. Vaxt gəldi, vədə yetişdi, daha doğrusu, futbol mövsümü yarımçıq dayandırıldı, avrokubok iştirakçıları müəyyənləşdi, deməli, həm də ölkə xaricində yeni iş yeri axtarmaq məqamı çatdı. Və gözümüzü açıb gördük ki, Vüsal elə “Keşlə” ilə anlaşmaqdan ötrü sinov gedirmiş, müsahibələrdə barıtı da elə dozada edirmiş ki, Zaur Axundov ondan daha möhkəm yapışsın, dizinin dibindən ayırmasın. Eyni ifadələri eyni uğurla Bəhlul Mustafazadə, Amin Seydiyev və onlarla başqası haqda da deyə bilərəm. Azərbaycan futbolu artıq özünəməxsus qapalı dairəyə çevrilib. Bizimkilər elə sürətlə, elə həvəslə iş yerlərini dəyişirlər ki, həsəd aparmamaq olmur. Nə etsinlər, axı futbolçu ömrü qısadı! Düzdü, bu yayğın ifadənin iki yozumu var. Tutaq ki, hansısa əcnəbi o qısa deyilən 15-17 ildən tarixdə iz qoymaq, yaddaşlarda qalmaq, qolları və rekordları sıralamaq imkanı kimi yararlanırsa, bizimkilərə elə gəlir ki, sonda yuxarıda dediklərim yox, evin, maşının, obyektlərin sayı hesablanacaq. Ona görə də futbola nəsə vermək yox, futboldan imkan daxilində daha çox qoparmaq haqda düşünürlər. 15 il əvvəl də belə idi, 5 il əvvəl də, indi də. Sabahın bundan betər olacağına da əminəm. Çünki həm mənəvi dəyərlər get-gedə daha artıq dərəcədə aşınır, həm futbolçu yetişdirilməsində ciddi problemlər var, həm də ölkə futbolunda maliyyə standartları tədricən aşağı düşməkdədi. Kəsəsi, zarafatcıl milli kadrlarımıza eşq olsun! Doğrudan da, futbolçu həyatı qısadı... Bəlkə də yüksək dövlət vəzifələri tapşırılan bəzi adamlar kimi düşünməkdə haqlısız: ilk imkandaca çırpışdırın, özü də nə qədər və harda bacarırısızsa!
ORXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR