Sizin reklam burada

Oqtay Abdullayev PFL rəsmilərini Tovuza səslədi

Baxış Sayı:1 954


“Bizdə kağız üzərində hər şey ideal görünür, ancaq həyata keçirmək vaxtı çatanda min cür əyər-əskik ortaya çıxır”
Ötən sayımızda “SportEnt”in - idmançılara ikili karyera imkanı yaradılmasını nəzərdə tutan layihə - Avropa Birliyinin “Erasmus+” proqramı çərçivəsində AFFA-ya qrant ayırdığını xəbər vermişdik. Layihədə AFFA-dan başqa, Sloveniya Futbol Assosiasiyası, Makedoniya Futbol Federasiyası, Beynəlxalq Basketbol Federasiyası, “TDM 2000 International” (İtaliya), “Caceres Chamber of Commerce” (İspaniya) və “EU15 ltd” (Böyük Britaniya) şirkətləri iştirak edir. Layihənin əsas məqsədi butslarını mismardan asandan sonra futbolçuların iş problemini həll etməkdi. Heç kimə sirr deyil ki, bir çoxları aktiv futbolçu həyatından sonra heç də bu sahədə qalmaqda maraqlı olmur, ancaq özünə yeni iş yeri tapmaqda da çətinlik çəkir. Layihə çərçivəsində idmançıları əsas fəaliyyət növlərində qazandıqları xüsusiyyətlərə əlavə olaraq sahibkarlıq təlimləri vasitəsilə şəxsi işini qurmağa hazırlamaq nəzərdə tutulub.
Layihə ilə bağlı Veteranlar İttifaqının prezidenti Oqtay Abdullayevin fikirlərini öyrənməyi lazım bildik: “Açığı, qeyd etdiyiniz layihədən, Avropa Birliyinin “Erasmus+” proqramı çərçivəsində AFFA-ya qrant ayırmasından xəbərim yoxdu. Ancaq çox gözəl ideyadı. Bu gün futbolda olanların, meydana çıxanların heç də hamısının gələcəyini futbolla bağlamaq imkanı olmur. Müxtəlif səbəblərdən bəzən elə olur ki, futbolçu yaşıl meydanlarla tez vidalaşır. Həmin an o psixoloji sarsıntı keçirməklə yanaşı, həyatının qalan hissəsini necə yaşamaq, hansı işin qulpundan yapışmaq barədə çox fikirləşir. Fikrimcə, bu layihə onlara yeni imkanlar açaçaq. İdeya kimi çox müsbətdi, əla layihədi. Əsas odu, baxaq görək onu necə həyata keçirəcəklər. Bizdə kağız üzərində hər şey ideal görünür, ancaq həyata keçirmək vaxtı çatanda min cür əyər-əskik ortaya çıxır”.
Abdullayevin Müşahidə Şurasının sədri olduğu “Turan Tovuz”un “pandemiya mövsümündə” birinci divizionun qalibi elan olunduğundan xəbəriniz var. Ötən sayımızda PFL-in texniki idman şöbəsinin rəisi Elgiz Abbasova istinadən onu da bildirmişdik ki, çempionluq kubokunu və qızıl medalları təqdim etmək üçün tovuzlular Bakıya dəvət olunacaq: “Bakıdan bölgələrə yollanmaqla bağlı qadağaların olduğunu bilərək, addımımızı buna müvafiq atmalıyıq. “Turan Tovuz”un mükafatının təqdim olunmasıyla bağlı fikrimizdə iki variant var və çox güman, ikincisi reallaşacaq. Bu da klub rəhbərinin, baş məşqçinin, kapitanın dəvət olunaraq qızıl medalların və kubokun onlara təqdim olunmasıdı. Ola bilər ki, komandanın bir neçə futbolçusu da dəvət olunsun”.
Oqtay bəy isə PFL-in bu ideyası ilə razılaşmadığını bildirdi: “Elgiz bəyin söylədikləri ilə razıyıq. Orda bildirib ki, klubun rəhbərini, baş məşqçisini, kapitanını dəvət edib mükafatları onlara təqdim edəcəyik. Ardınca onu da vurğulayır ki, bir neçə futbolçu da dəvət oluna bilər. Birincisi, PFL rəhbərliyi sərt karantin rejimi ilə bağlı Tovuza gedə bilmirsə, komandanın bölgədə yaşayan kapitanı və ya başqa futbolçular paytaxta necə gələ bilərlər? Paytaxtdan çıxış olmadığı kimi, Bakı qeydiyyatı olmayanları da paytaxta buraxmırlar. Son 4 ildə artıq ikinci dəfədi ki, “Turan Tovuz” divizonun qalibi olur, ancaq heç birində premyer-liqaya yüksəlmir. Tovuzlu azarkeşlərin könlünü almaq üçün heç olmasa, PFL mükafatı Tovuzda, stadionda azarkeşlərin gözü qarşısında komandaya təqdim etsin. Bunun üçün bizim üzərimizə nə düşərsə, onu etməyə hazırıq. Bu, çempion və onun azarkeşləri üçün heç olmasa, təsəlli olar”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR