Sizin reklam burada

Yolun açıq olsun, kapitan!

Müəllif: football Tarix: 25-06-2020, 10:16 421 Baxış
İyunun 16-da 38 yaşını tamamlayan Rəşad Sadıqov 4 gün sonra futbolçu karyerasını bitirdiyini açıqladı. Hər şey o qədər səssiz-səmirsiz oldu ki, məncə, futbol ictimaiyyəti olaraq, bu məqamın fərqinə varmadıq. Əslində ən böyük günahkar adamlar yox, ...koronavirusdu. Bu axmaq xəstəlik dünya düzənini alt-üst etməklə yanaşı, demək olar ki, bütün ölkələrdə futbol mövsümünə də ciddi zərbə vurub. Əlbəttə, hamıya eyni dərəcədə zərbə dəymədi. Fransa, Niderland kimi ölkələrə qoşulan Azərbaycan başılovlu daxili yarışların pərdəsini endirdi. O qədər “operativ” işlədilər ki, bu qərarda kimin – AFFA-nın, PFL-in, yoxsa klubların daha çox maraqlı olduğunu, kimin yalan danışdığını, kimin qeyri-səmimiliyə yol verdiyini bilmədik. Bilsək də, qoy onlara elə gəlsin ki, bilmədik. Axı həyat davam edir, bu günün sabahı da var, iki aydan sonra yaşıl meydana məhz bu komandalar çıxacaq və onda əsl mövqe dartışması başlayacaq.
Həmin dartışmaların isə artıq Rəşad Sadıqova dəxli olmayacaq. 2000-də peşəkar karyerasına başlayan, demək olar ki, daim müzakirələrin mərkəzində dayanan, oyunu və xarakteri ilə kult halına gələn Rəşadı biz bir daha yaşıl meydanda görməyəcəyik. Daha doğrusu, ən azı bir dəfə görməliyik. Belə birisinə mütləq vida oyunu keçirilməli, o arzuladığı kimi hissələrin birində “Neftçi”nin, o birində “Qarabağ”ın formasını geyməlidi. Ölkədaxili yarışlarda daim komandasının uğurları üçün can qoyan, üç dəfə Türkiyədə, bir dəfə İranda legioner həyatı yaşayan, daha bir dəfə uzaq İspaniyaya yollanmağa can atan, dəfələrlə çempionluq və kubok qazanan, hamıdan artıq milli forma geyən kapitan həmin vida oyununu haqq edib. Güman edirəm ki, “Qarabağ”, AFFA və PFL Rəşada adına layiq vida oyununun təşkilində yardımçı olar, biz də bu nəcib təşəbbüsə birincilər sırasında dəstək verərik.
Rəşadın gedişi həm də o deməkdi ki, bu yay “Qarabağ”ın hansısa uğursuzluğuna görə oxlarını tuşlamağa hazır olan adamlar üçün hədəflərin sayı bir vahid azaldı. “Yaşı keçib, getsin də” deyənlər, ağdamlıların qapısına vurulan bütün qollarda onun izini axtaranlar artıq daha çox düşünməli-daşınmalı olacaqlar. Ancaq mənə elə gəlir ki, Rəşad Qurban Qurbanovu tək qoymayacaq, köməkçi kimi yanında oturacaq. Yəni dolayısı ilə yenə ittihamların və tənqidlərin bir ucu ona da toxunacaq.
Klub karyerası ilə işim yox, hər kəsin həsəd apara biləcəyi qədər titullar qazandı, “Qarabağ”la özünü dəfələrlə Avroliqanın, bir dəfə isə qitənin ən nüfuzlu klub turnirinin qrupunda sınadı, nəyə qadir olduğunu gördü, əcnəbi həmkarlarla müqayisə aparmaq imkanı qazandı ki, məşqçi peşəsində bu təcrübə onun işinə çox yarayacaq. Amma yığma karyerasına görə yalnız təəssüflənmək olar ki, bunun da obyektiv və subyektiv səbəbləri var. Xusüsən də yığmamız üçün çox uğurlu başlayan DÇ-2018-in seçmə mərhələsini unutmaq çətindi. İlk 3 oyundan sonra 7 xal yığan Prosineçkili yığma final mərhələsinə qatılmaq şansını səfərdə Şimali İrlandiyaya 0:4 uduzanda yox, evdə üstün olduğu oyunun uzatma dəqiqələrində qapısında qol görəndə əldən verdi. Və həmin seçmə mərhələnin sonunda – Çexiya ilə boş tribunalar önündə keçirilən oyunda Rəşadın yığmadan getməsi səhv yox, səhvdən də səhv qərar idi. Adım kimi əminəm ki, komanda bu qərarın, yəni lidersiz qalmağın acısını həm Millətlər Liqasında, həm də AÇ-2020-nin seçmə məhələsində yaşadı. Xüsusən də hədəfə yaxın olduğumuz Millətlər Liqasında Sadıqov hansısa statusla Qurban bəyin yanında olmalıydı...
Təəssüf ki, keçmişi qaytarmaq mümkünsüzdü. Xatirələr hər nə qədər şirin olsa da, “bəlkə” kölgəsində daldalanmağın mümkün olduğu qayaya bənzəsə də, Rəşad Sadıqov ad-soyadlı fenomen haqda keçmiş zamanda danışmağa məcburuq. Anadolu türkləri ona “Terminator” deyirdi, bizim üçün isə həmişə kapitan olacaq və belə də qalacaq. Yolun açıq olsun, kapitan! Hansı statusla olur-olsun, bundan sonra da Azərbaycan futboluna fayda verəcəyinə əminəm!
SON XƏBƏRLƏR