Sizin reklam burada

Rəşad Sadıqov vida oyununda “Neftçi”nin formasını geymək istəyir

Baxış Sayı:467


“Lap Türkiyə komandasının baş məşqçisi də olsam, Qurban müəllimin bir sözü ilə durub gələcəm”
“Qarabağ”a çempionluq kubokunun təqdimat mərasiminda diqqətlər daha çox Rəşad Sadıqova yönəlmişdi. Axı bu onun futbolçu kimi sonuncu uğuru, sonuncu kuboku idi. Nəhayət, 38 yaşında peşəkar karyerasını başa vuran kapitan mərasimdən sonra jurnalistlərin önünə çıxdı. Məyus, sanki bir o qədər də ümidsiz halyla.
Çempionluqdan danışdı, ardınca sualları cavabladı: “Bütün “Qarabağ” ailəsini, azarkeşlərimizi təbrik edirəm. Bu dəfə bir az fərqli oldu, son 8 tur keçirilmədi. 20 oyunda yaratdığımız xal üstünlüyü bizə çempionluq gətirdi. Asan olmadı. Mövsümün əvvəlində çempionatla yanaşı, avrokubok oyunlarımız var idi, daim gərginlik içindəydik. Qərar veriləndə xal fərqi 8 idi və çempionluq bizim oldu. Bu çempionluq yaddaşlarda xüsusi qalacaq. İlk dəfə belə halla qarşılaşdıq. Biz qalan 8 oyunu da keçirmək istərdik. Qərara hörmətlə yanaşırıq. “Qarabağ” layiqli şəkildə çempionluğu qeyd edir.
- Karyeranı bitirdin. Gələcəkdə nə olacaq?
- Bəli, futbolçu kimi son mövsümüm idi. Bundan sonrakı fəaliyyətim haqda bu günə olan düşüncəm məşqçiliklə bağlıdı. Bu iş mənə daha çox maraqlı gəlir. Məşqçi kimi karyeramı davam etdirəcəm.
- Qurban Qurbanov “köməkçi kimi yanımda qal” desə, eyni zamanda başqa komandadan baş məşqçi kimi işləmək təklifi alsan, seçimin necə olacaq?
- Qurban müəllim nə vaxt desə ki, yanımda ol, bu məsələ müzakirə olunmayacaq. Son 20 ilin 5-10, yaxud 10-15 istedadlı futbolçularından hesab olunurdum. Ancaq onun rəhbərliyi altında oynayana qədər məqsədlərimə tam nail ola bilməmişdim. Məhz Qurban müəllimin rəhbərliyi altında oynayandan sonra istədiklərimə nail oldum. Bu şəxs məşqçi kimi karyeramda olmasaydı, bəlkə də 31-32 yaşımda futboldan gedərdim. Buna görə də ona minnətdaram. Çoxlarının inanmadığı vaxtda mənə dəstək oldu. 6 dəfə qrup mərhələsi həyəcanına, ardıcıl 7 çempionluğa onun rəhbərliyi altında nail oldum. Özümü Qurban Qurbanova borclu hesab edirəm. Harda olmağımdan asılı olmayaraq, desə ki, yanıma gəl, dərhal gələcəm. Lap Türkiyə komandasının baş məşqçisi də olsam, Qurban müəllimin bir sözü ilə durub gələcəm. Gələcəklə bağlı müzakirələrmiz olacaq.
- Karyeranı bitirdin. “Fizika” sözünü deyirdi, yoxsa psixoloji amil?
- Sadəcə, belə düşündüm ki, artıq bəsdi. Nə fiziki, nə də psixoloji problemim var idi. Özümü futbolsuz təsəvvür etmirəm, 50 yaşda da oynamaq istəyəcəm. Belə qərara gəldim ki, 38 yaş futboldan getmək üçün yetərli yaşdı. “Qarabağ”da daim yüksək səviyyədə oynamaq lazımdı. Hamı üçün xeyirlisi karyeramı bitirmək idi.
- Bundan sonra “Qarabağ”da lider kimi hansı futbolçunu görürsən?
- “Qarabağ”da yetərincə lider var. Bu sualla çox rastlaşmışam. “Qarabağ”ın heyətində Maksim kimi lider var, Qara var, əvvəl Riçard var idi. Çox oyunçunu qeyd edərdim. Yerlirlərdən Qara ilə Maksim mən meydanda olanda belə, öz liderlik keyfiyyətlərini ortaya qoyublar. Bəzi futbolçularda bu məqam çox gözə girir, bəzilərində daha az – məşqdə, komandanın nəticələri yaxşı olmayanda, paltardəyişmə otağında və s. Lider futbolçularımız var.
- Vida matçı olacaq?
- İndiki durumda vida matçına çox da meyilli deyildim. Hə, hər şey qaydasında olsaydı, istərdim. Həmişə daha çox “Neftçi”yə qarşı vida matçı keçirmək istərdim. Düşünürdüm ki, bir hissə onlarda, bir hissə “Qarabağ”da oynayaram. Məlum vəziyyətə görə alınmadı. Qismət beləymiş. İndi əsas vacib olan insanların sağlamlığıdı. Allaha dua edirəm ki, tezliklə bu problemi geridə qoyaq. Rəhbərlik mənə bildirdi ki, vəziyyət düzələndən sonra yoldaşlıq oyunu keçirək. Açığı, bu məsələ indi məni ciddi düşündürmür. Hadisələrin belə axarı da məni qane edir. Əsas odu ki, çempion olduq. Son ilimdə çempion olmaq istəyirdim. Komandanın nəticəsi mənim üçün ən önəmlisidi.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR