“Mənim üçün sərfəli təklif idi”
Ötən həftə “Neftçi”nin yollarını ayırdığı futbolçulardan biri də Tural Axundov oldu. Paytaxt klubu müqaviləsinin müddəti bitən futbolçuyla vidalaşmağı lazım bildi. Dünən Axundovla əlaqə saxlayıb, “ağ-qaralar”dan ayrılması, təkliflərin olub-olmaması haqda danışdıq. Söhbət zamanı onun növbəti mövsüm “Keşlə”də çıxış edəcəyini öyrəndik.
- İlk növbədə “Neftçi”dən ayrılmağınla bağlı danışaq. Paytaxt təmsilçisindən niyə getdin?
- Klubla müqaviləmin müddəti başa çatdı. Yeni müqavilə də təklif edilmədi, ayrılmalı oldum.
- Hazırda vəziyyət nə yerdədi?
- “Neftçi”dən yeni ayrılmışdım ki, “Keşlə”dən təklif gəldi. Oturub dəyərləndirdik. Mənim üçün sərfəli təklif idi. Sonda razılaşdıq.
- Rəsmi müqaviləni nə vaxt bağlayacaqsan?
- Bu məsələ sabah (bu gün) həllini tapacaq.
- Müqavilənin bütün detalları məlumdu?
- Bəli, birillik razılaşdıq.
- İstərdim ki, ölkədaxili turnirlərin dayandırılması barədə danışaq. Səncə, yarışların vaxtından əvvəl başa çatdırılması düzgün qərar idi?
- Əlbəttə. Hazırkı vəziyyətdə necə olacağı bilinmirdi, hər an hər şey ola bilərdi. Təhlükəsizlik daha vacibdi. Vəziyyət daha da çətinləşir. Məncə, düzgün qərar oldu.
- Avrokuboklarda iştirak edəcək klublarımız turnirlərə rəsmi oyun keçirmədən qatılacaq. Səncə, bu məqam necə təsir göstərəcək?
- Bu barədə danışmaq tezdi. Starta qədər vaxt çoxdu. Yarışlar başlayana kimi klublar hazırlıq keçə, oynaya bilərlər. Hər şey həmin ərəfədə bəlli olacaq.
- Bəs “Keşlə” bu heyətlə avrokuboklarda nəyə ümid edə bilər?
- Bunu demək çətindi. Hələ hər şey tam bəlli deyil. Klubun nələr edə biləcəyini oyunlar başlayanda görəcəyik.
- Uzun fasilədən sonra fiziki formanı tam bərpa edə bilmisən?
- Bəli, artıq tam formadayam. Heç bir problemim yoxdu.
AYGÜL
P.S. "Keşlə" dünən axşam saatlarında "feysbuk" səhifəsində Turalla müqavilə bağladığı haqda xəbər yaydı.