Latviya çempionatında 2-ci turun oyunları keçirilib. Vüqar Əsgərovun formasını geydiyi “Dauqavpils” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Yelqava”ya uduzub – 0:1. Vüqar da bu oyunun iştirakçısı olub. Millimizin sabiq forvardı start heyətində meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib. Xal hesabını aça bilməyən “Dauqavpils” 10 komanda arasında 9-cu yerdədi.
Ukrayna premier-liqasında 27-ci turun oyunları baş tutub. Pavel Paşayevin formasını geydiyi “Aleksandriya” səfərdə Donetsk “Şaxtyor”u ilə qarşılaşıb. Yığmanın müdafiəçisinin komandası bu oyundan 2:3 hesablı məğlubiyyətlə ayrılıb. Paşayev start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. 59-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
“Aleksandriya” 27 turdan sonra 43 xalla çempionluq uğrunda mübarizə aparan ilk “altılıq”da 5-ci pillədə qərarlaşıb.
Estoniya kubokunda yarımfinal oyunları keçirilib. Nurlan Novruzovun formasını geydiyi “Narva Trans” doğma meydanda “Tallina Kalev”lə qarşılaşıb. 4:1 hesabıyla qalib gələn “Narva Trans” finala yüksəlib. Novruzov bu oyunun iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə salınmayıb. Digər yarımfinal matçında “Flora” səfərdə “Elva”nı 4:2 hesabıyla üstələyib.
Almaniyanın ikinci bundesliqasında 33-cü turun oyunları çərçivəsində Dmitri Nazarovun şərəfini qoruduğu “Ertsgebirge” doğma meydanda “Hannover”i sınağa çəkib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1. Cari mövsümdə 10 qol vuran Nazarov bu matçın iştirakçısı olmayıb. Zədəsi olan futbolçunun adı iştirak ərizəsinə salınmayıb. 44 xalı olan “Ertsgebirge” 18 komandanın sıralamasında doqquzuncudu.
Çexiyanın ikinci divizionunda 25-ci turun oyunları gerçəkləşib. Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geydiyi “Viktoriya” səfərdə “Vişehrad” ilə münasibətləri aydınlaşdırıb. Fərid də Jijkov təmsilçisinin qolsuz heç-heçəyə razılaşdığı matçda forma geyib. O, 64-cü dəqiqədə meydana çıxıb. Cari mövsümdə iki qol vuran Nəbiyev bu dəfə fərqlənə bilməyib. Əvəzedici komandanın üzvü olan Samir bu oyunun da iştirakçısı olmayıb. “Viktoriya” 45 xalla 16 kollektiv arasında 3-cü yerdədi.
İspaniya sequndasında 34-cü turun oyunları reallaşıb. Eddi İsrafilovlu “Albasete” doğma meydanda “Hueska”nın müqavimətini qıra bilməyib – 2:2. İsrafilov 90 dəqiqə meydanda olub. “Albasete” 39 xalla 22 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.