Sərxan Hacıyev: “Audit yoxlaması olduqca vacibdi”
İyunun 18-də həm də Lisenziya Komissiyasının iclası baş tutub. Toplantıda 2020/21 mövsümündə UEFA-nın klub turnirlərində və Azərbaycan premyer-liqasında iştirak etmək üçün müraciət edən klubların sənədlərinə baxılıb. UEFA-nın klub yarışlarında iştirak etmək üçün premyer-liqanın iştirakçısı olan 8 klubun hər birinə lisenziya verilib. Yüksək dəstədə çıxış etmək üçün birinci divizionun 5 təmsilçisi – “Kəpəz”, “Ağsu”, “Turan Tovuz”, “Qaradağ-Lökbatan” və “Zaqatala” da Lisenziya Komissiyasına müraciət etsə də, onlara lisenziya verilməyib.
Maraqlıdı ki, AFFA-nın rəsmi saytında lisenziyanın hansı səbəbdən verilmədiyi qeyd olunmayıb. Halbuki imtina olan yerdə səbəb göstərilməli, “yox” cavabı əsaslandırılmalıdı. Məsələni diqqət mərkəzində saxladığımızdan adı çəkilən şöbənin rəhbəri Sərxan Hacıyevlə əlaqə saxladıq. Həm də AFFA-nın baş katibi Elxan Məmmədovun müavini olan Hacıyev bu dəfə də maliyyəni əsas gətirdi: “İmtinanın səbəbini mən sizə deyə bilərəm. Lisenziyalaşdırma proseduru 5 meyardan ibarət olur. Əlbəttə, tələblərin hər biri vacibdi. Lakin ən önəmlisi, diqqəti tələb edən maliyyə meyarıdı: bank zəmanəti, klubun audit yoxlanışından keçməsi və s. Xüsusən audit yoxlaması olduqca vacibdi. Ən əsaslar bunlardı. Təəssüf ki, birinci divizion təmsilçilərindən heç biri tələb olunan maliyyə sənədlərini təqdim edə bilmədi. Tələblərdən birinə cavab verilməyəndə başqalarına baxmağın mənası yoxdu”.
Deyək ki, 10 gündən, lap elə bir aydan sonra “Kəpəz”, “Turan Tovuz”, ya “Qaradağ-Lökbatan” sponsor tapdı. Həmin sponsor da lisenziyalaşdırmanın bütün tələblərinə artıqlamasıyla cavab verə biləcək gücdədi. Belə olan halda AFFA-nın müvafiq şöbəsi müraciətə baxacaq? Belə deyək, həmin klubun elitaya buraxılması söhbət mövzusu ola bilər? Sərxan bəy bunun mümkün olmadığını deyir: “Xeyr-xeyr, bu, mümkün olan iş deyil. Çünki lisenziya şərtləri ilə bağlı müəyyən olunan vaxt var idi və həmin müddət artıq başa çatıb. Ona görə də bundan sonra hansısa müraciətə baxıla bilməz. Dediyiniz kimi, tutarlı sponsor olarsa, həmin klubun 2020/21 yox, 2021/22 mövsümü üçün çıxışına baxıla bilər. Hazırkı durumda növbəti mövsümdə iştirak üçün 8 kluba lisenziya verilib, vəssalam”.
HƏBİB