Sizin reklam burada

Aslan Şahgəldiyev Ramin Musayevin ayağını tapdalayıb

Baxış Sayı:1 072


“Sən demə, kameranı yandırandan sonra REC düyməsini basmaq yadımdan çıxıb”
İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər-istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idman şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarına əbədi həkk olunan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı uzun illərdi futbol sahəsində çalışan, bir ara artıq tarixin yaddaşına köçmüş “Karvan”ın mətbuat katibi olan, hazırda PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinə rəhbərlik edən Aslan Şahgəldiyevdi.
Ağsu dolaylarında kaset alış-verişi
“Karvan”ın yeni yaranan vaxtları idi. Komandamıza “Gənclik”də yerləşən idman malları dükanından mal alırdıq. İçəri başqa bir insan da girdi. O da nəsə almağa gəlmişdi. Dükanda çalışan oğlan soruşdu ki, “Karvan” güclüdü, yoxsa siz?” O da “Karvan” kimdi, biz onları pulla basdırarıq” deyib, güldü. Cavab vermədim. Çıxanda soruşdum ki, “bu kişi kimdi?” Dedilər, “İnter”in direktoru Alı Alıyevdi. Bir gün biz Yevlaxda hansısa klubla qarşılaşırdıq. Həmin oyundan sonra növbəti həftə “İnter”lə oynamalıydı. Onda da qarşılaşmalar canlı verilmirdi, rəqibin oyununu tapıb təhlil etmək çətin idi. Bir də gördüm Alı Alıyev, yanında da bir operator daxil oldular Yevlax stadionuna. Operator kamerasını qurdu, istəyirdi oyunu çəksin. Yaxınlaşıb salam verdim və ardınca “çəkiliş apara bilməzsiz, icazə vermirəm” dedim. Alı da “çəkəcəyik, çıx çək, ə” deyib, operatora işini davam etdirmək tapşırığını verdi. Dedim, “çəkməyəcəksiz”. Təhlükəsizlik xidmətinə tapşırdım ki, operatoru aşağı düşürsünlər. Alı vəziyyətin ciddi olduğunu görüb, “biz qonağıq, siz bizi qarşılamalı, lazım olsa, çay təklif etməlisiz” deməklə guya məni razı salmağa çalışırdı. “Qonaqsız, gəlmisiz, xoş gəlmisiz, oturun, oyuna baxın, çay da verərik, lap istəsəz, qalın oyundan sonra kabab da yeyək” söyləyərək, ona bir daha başa saldım ki, çəkiliş aparmaq mümkün olmayacaq. “Gənclik”də dedikləri yadımdan çıxmamışdı. Bilirsiz ki, matçdan sonra oyunun videoyazısı AFFA nümayəndəsinə təqdim olunmalıdı. Qarşılaşma başa çatandan sonra Bakıya yola düşdük, yolda olanda mənə bir dostumuz zəng etdi və Ağsu dolaylarında Alı Alıyevin görüşün kasetini AFFA nümayəndəsindən götürdüyünü bildirdi. Dedim, “elə şey ola bilməz, nə danışırsan?” Qayıtdı ki, özüm gördüm. Ertəsi səhər saat 9.00-da gəldim AFFA-ya və “dünən AFFA nümayəndəsinə oyunun çəkilişini vermişik, kaset təcili lazımdı, verin bizə, nüsxəsini çıxaraq” deyib kaseti istədim. “İndi həll edərik” dedilər. Nəyi həll edəcəklər, kaset nə gəzir? Aləm dəydi bir-birinə. Nümayəndəni cəzalandırdılar.
Sevincini 4-cü hakimlə bölüşən Bamba
Yakuba Bambanı “Karvan”a transfer etmişdik. Onu Bakıya gətirən təyyarə gec gəldiyindən hava limanından götürüb birbaşa Yevlaxa yola düşdük. O vaxtlar indiki kimi deyildi, futbolçunu ancaq “transfer pəncərəsi” vaxtı sifariş etmirdilər, mövsümboyu bu addımı atmaq olardı. Gecə saat 3-4-də Yevlaxa çatdıq. Bambanı Yunis müəllimlə tanış etdik. Zaur Ramazanov cəzalı idi, Fərrux İsmayılovun da səhv etmirəmsə, zədəsi var idi. Bir sözlə, hücumçusuz qalmışdıq. Səhər 11.00-da Tovuza yola düşdük, Bambanı da təbii ki, heç kimi tanımırdı. Oyun başladı, 0:1 məğlub oluruq. İkinci hissədə Yunis müəllim Bambanı meydana buraxdı, onu da heç kimi tanımır, ancaq formanın rəngindən bilir ki, komandası hansıdı. Bamba qol vurdu, sevincindən tullanıb-düşüb bilmədi qol sevincini necə qeyd etsin. Qaçdı texniki zonaya tərəf, önünə ilk çıxan 4-cü hakim oldu, tutdu onu qucaqladı.
Nədi a bala, nə istəyirsən? Ayağımı niyə təpikləyirsən?
Ramin müəllimlə bir yerdə mətbuat konfransında iştirak edirdik, çox gərgin mövsüm idi. Mətbuat, demək olar ki, hər gün bizi tənqid edirdi, komandalar üstümüzə gəlirdi, artıq əsəblərimiz tarıma çəkilmişdi. Ramin müəllim mətbuat konfransında danışmağa başladı, bir az keçdikdən sonra əsəbləşdiyi hiss olunurdu, hisslərinə hakim ola bilmirdi. Mən də görürəm ki, artıq qırmızı xətti keçir, bu sözləri demək olmaz. Müdaxilə də edə bilmirəm. Dayanmadan danışır. Bilmədim nə edim, başladım ayağını tapdalamağa. 1, 2, 3-cü dəfə lap möhkəmdən. Birdən dayandı, üzünü mənə çevirdi və dedi: “nədi a bala, nə istəyirsən? Ayağımı niyə təpikləyirsən?” Bütün zal güldü.
Hava limanında ilişib qalan bayraq
Kubokun finalına hazırlaşırıq, PFL-ə yeni gəldiyim il idi. İlk dəfə möhtəşəm kubok keçirməyi düşünürük. Ssenari yazılıb, müğənnilərlə danışılıb, səhnə tərtibatı, hər şey öz yolunda gedir. Bircə hər iki komandanin böyük bayraqlarını hazırlamaq qalmışdı. Bakıda heç kim edə bilmirdi deyə, Türkiyəyə sifariş etdik. Bizə məlumat verdilər ki, bütün rəhbərlər kubokun finalında olacaq, hər şey mükəmməl şəkildə olmalıdı. İşçi qrup yaratdıq, hər şey qaydasındadı. Təsəvvür edin, həyəcan son həddədi. Dostum dedi ki, “bayraqları karqoya verməyək, birdən karqo gecikər, biabır olarıq. Mən İstanbula gedəcəm, gələndə özümlə gətirərəm, narahat olma”. Finala bir gün qalmış dostum İstanbuldan qayıdır, Bakı vaxtı ilə 22.30-da mənə zəng edir: “Salam, Aslan, mən Bakıdayam”. Mən də sevinirəm ki, canımız qurtardı, şükür Allaha. Qəfil deyəsən ki, bəs bayrağın biri gəlib çıxmadı, qalıb İstanbulda. Özünü təmizə çıxarmaq üçün də “vallah, mən vermişdim, mənlik bir şey yoxdu” deyincə, havalandım. İnanın, elə bil başıma qaynar su tökdülər. Dedim, “sən nə danışdığının fərqindəsən, iki komandadan biri bayraqla çıxsın, digəri bayraqsız? Mən ərizə yazıb işdən çıxsam da, düzəlmir e bu iş”. Sabah finaldı, yenisini sifariş verməyə vaxt da qalmayıb. Bilmədim nə edim, təcili AZAL-ın İstanbul nümayəndəliyində işləyən bir nəfərin nömrəsini tapdım. Fikirləşirdim ki, gecə vaxtı mən bunu necə narahat edim? Amma başqa çıxış yolu yox idi, zəng vurub vəziyyəti izah etdim. Adı ya Rəşid idi, ya da Rəşad, dəqiq yadımda qalmayıb. İstanbul da böyük şəhərdi axı, Bakı deyil ki, evdən hava limanına maksimum 30 dəqiqəlik yol olsun. Allah ondan razı olsun, birbaşa hava limanına getdi. Ordan mənə zəng vurub “bəli, burda bir böyük çanta qalıb, amma içində uşaq paltarlarıdı” söylədi. Dostuma zəng edib ”bəs bayraq yoxdu axı, uşaq paltarlarıdı” dedim. O da “odu, uşaqlara paltar almışdım, üstündən düzmüşəm” söylədi. Yenidən həmin şəxsi aradım. Mənə narahat olmamağı, səhər saat 6-da Türk Hava Yollarının təyyarəsi ilə göndərəciyini dedi. Onun bu yaxşılığını heç vaxt unutmayacam. Və o finaldan sonra sizin qəzetdə “Azərbaycanda misli görünməmiş kubok finalı keçirildi. Röya kimi final!” yazısı getmişdi.
Naşı operatorun unutqanlığı
2004-cü ilin iyul ayı, “futbol bumu” yaşanan mövsüm idi. İdman Akademiyasının stadionunda “Bakı” ilə yoxlama oyunu keçirirdik. Komanda yeni yarandığına görə hələ struktur tam formalaşmamışdı. Təsəvvür edin, kamera Bakıda idi, operator Yevlaxda (gülür). Nə isə, oyun günü direktor mənə dedi ki, operator Bakıda deyil, başqa operator tap, oyunu çəksin. Mən də operator tapa bilmədim və qərara aldım ki, oyunu özüm çəkim. Həyatımda heç vaxt kameradan istifadə etməmişdim. Gəldik stadiona, “Bakı”nın operatorundan xahiş etdim, mənə izah etdi. Burdan “pover”i basırsan, kamera yanır, “rek”i basırsan, çəkir. Yaxınlaşdırmaq və uzaqlaşdırmağın necə edildiyini başa saldı. Oyun başladı, kameranı yandırdım, oyunu çəkirəm. Hər 10 dəqiqədən bir kamera sönür, yandırıram, çəkirəm, 10 dəqiqə keçir, yenə sönür. 2:0 “Bakı”nı uduruq. Təxminən 70-ci dəqiqədə hakimlər “Bakı”nın qapısına penalti təyin etdilər. Dava düşdü, aləm dəydi bir-birinə. Hər iki komandanın üzvləri, rəhbərliyi meydana axışıb. Zeynal Zeynalov, Yunis Hüseynov söz duelinə çıxıblar. Zeynal müəllim deyir ki, “ağzının danışığını bil, mənə Zeynal deyərlər”, Yunis müəllim də cavab veriri ki, “maa da gənjəli Yunis deyirlər”. Nə isə, ara sakitləşdi, getdik bazamıza. Komandanın rəhbərliyi dedi ki, oyunun kasetini gətirin, baxaq görək nə məsələdi. Hamısı oturdu, kaseti qoydum, “pley”i basdım, heç nə göstərmir. Dala-qabağa yığıram, heç nə yoxdu. Dedim, çox güman, kamerada problem var. Ertəsi gün apardıq aldığımız yerə, sən demə, kameranı yandırandan sonra REC düyməsini basmaq yadımdan çıxıb.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR