Premyer-liqanı heç bir komanda tərk etməyəcək
Dünən AFFA-nın İcraiyyə Komitəsinin (İK) videokonfrans formatında iclası keçirilib. Toplantıda AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezidentlər Rauf Əliyev, Elşad Nəsirov, Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvləri – Kazbek Tuayev, İsgəndər Cavadov, Elmar Məmmədyarov, Mahir Məmmədov, Firudin Qurbanov, Zaur Axundov və Könül Mehtiyeva, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadə və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko iştirak ediblər. İK üzvü Fərid Mansurov dünən Yardımlı İdman Kompleksinin açılış mərasimində iştirak etdiyinə görə müzakirələrə qatıla bilməyib.
COVID-19 qlobal pandemiyası ilə bağlı qeyri-müəyyən müddətə təxirə salınan, iyunun 21-də bərpa olunması nəzərdə tutulan premyer-liqanın oyunlarının davam etdirilib-etdirilməməsi ilə bağlı məsələnin müzakirə olunduğu iclasda PFL-in prezidenti Ramin Musayev və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko çıxış ediblər. Ardınca İcraiyyə Komitəsinin bütün üzvləri qeyd olunan məsələ haqda fikirlərini səsləndiriblər. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. COVID-19 qlobal pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statisitikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin 2020-ci il iyulun 1-dək uzadılması ilə bağlı klubların məşq keçməsi üçün vaxt azlığı, klubların ehtimal olunan maliyyə çətinliyi, pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr və ən əsası, futbolçuların, məşqçilərin və premyer- liqada oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/20 mövsümü üçün premyer-liqa dayandırılsın. Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilsin (11 səs lehinə, 1 səs əleyhinə).
2. 2020/21 mövsümündə ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə İşçi Qrup yaradılsın.
3. COVID-19 qlobal pandemiyası ilə əlaqədar cari lisenziyalaşdırma mövsümündə klublara müvafiq maddi cərimələrin tətbiq olunmaması ilə bağlı AFFA rəhbərliyi tərəfindən irəli sürülən təklif qəbul olunsun.
4. 2019/20 mövsümündə iştirak edən heç bir komanda premyer-liqanı tərk etməsin.
Qeyd: COVID-19 pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlara və tövsiyələrə riayət etməklə klublar məşqlərini davam etdirə bilər.