
Zaur Axundov İK-dan futzal çempionatının dayandırılmasını xahiş edib
Vaqif Sadıqov: “Sərt karantin rejimi imkan verməyəcəkdi ki, çempionatı sona çatdıraq”
Dünən AFFA İcraiyyə Komitəsinin iclası keçirldi. Toplantıda premyer-liqa və ölkə kubokunda cari mövsümün dayandırılması qərara alındı və turnir cədvəlinin hazırkı durumu əsas götürüldü. İclasda qəbul edilən qərarlarla bağlı fikirlərini öyrənmək üçün AFFA-nın vitse-prezidenti Vaqif Sadıqovla söhbətləşdik. Sadıqov müzakirələrlə bağlı bunları dedi: “Peşəkar müzakirələr aparıldı. Təkliflər, ayrı-ayrı variantlar irəli sürüldü, hər birini müzakirə etdikdən sonra bu qərar qəbul edildi. Ayrı-ayrı insanların məruzələrini, fikirlərini dinlədikdən sonra düşündük ki, insanların sağlamlığı ən vacibidi. Bundan sonra gözlənilən sərt karantin rejimi imkan verməyəcəkdi ki, çempionatı sona çatdıraq. Başlayıb yarımçıq dayandırmaqdansa, nə qədər ağır olsa da, bu qərarı qəbul etmək daha məqsədəuyğun sayıldı. İK-nın bütün üzvləri ilk növbədə Azərbaycan çempionatının bərpası üçün əlindən gələni etdi. Danışıqlarda sərt karantin rejiminin gözlənildiyi hiss olunurdu. Belə olan halda çempionatın bərpasından söhbət gedə bilməzdi. Ayrı-ayrı ölkələrdə də futbolçular koronavirusa yoluxub. Bizdə də bu halların baş verməməsi, futbolçuları gələcək üçün qorumaq məqsədilə belə qərar qəbul edildi. Yeni mövsümü də bir az tez başlamaqla klublara imkan verilir ki, peşəkar şəkildə fəaliyyət göstərib, transfer işlərini görə bilsinlər, avrokuboklara hazırlığı planlaşdırsınlar və yeni mövsümə tam hazır vəziyyətdə olsunlar. Ona kimi yoluxma artsa, ölkədəki vəziyyət pisləşsə, futbolu cəmiyyətdən uzaqlaşdırmamaq üçün ayrı-ayrı variantlar, təkliflər işlənib hazırlanacaq”.
Qurum rəsmisi ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə yaradılacaq İşçi Qrupun tərkibinin müəyyənləşmədiyini bildirdi: “İşçi Qrupda kimlərin yer alacağı hələ ki bəlli deyil. Çempionatın yeni mövsümü, yığmalarla bağlı məsələlər, yaranmış vəziyyətin pisləşəcəyi halda görüləcək tədbirlər müzakirə mövzusu idi. Bunlar bir günün işi deyil. İşçi Qrupun tərkibi tezliklə bəlli olacaq və fəaliyyətə başlayacağıq. Ən vacibi odu ki, hər kəs yekdilliklə bildirdi ki, tezliklə futbolu cəmiyyətə qaytarmalıyıq. Bunun üçün də öncədən addımlar atmalıyıq. Bu məqsədlə peşəkarlardan ibarət İşçi Qrup yaradılmalı, hər kəs birlikdə fəaliyyət göstərərək, çıxış yolu tapmalıdı”.
Vitse-prezidentdən taleyi ilə bağlı yekun qərar verilməyən futzal üzrə yüksək liqa haqda da son vəziyyəti soruşduq. Sadıqov artıq liqanın taleyinin müəyyənləşdiyini bildirdi: “Bu məsələ qeyri-müəyyən deyil. Futzal Federasiyasının prezidenti Zaur Axundov müraciət edərək, xahiş etdi ki, futzal çempionatını da dayandıraq. Sadəcə, bir məsələyə görə mövzu çətinləşir. O da turnirin pley-off sistemiylə oynanılmasıdı. Ona görə də çempionu açıqlayıb-açıqlamamaq məsələsi qalıb. Bu məsələylə bağlı UEFA ilə məsləhətləşmələr aparılır, yaxın günlərdə onunla bağlı da yekun qərar açıqlanacaq”.
AYGÜL