“Neftçi” fanatları Dabonun çoxdan qovulmalı olduğunu düşünürlər
Artıq xeyli vaxtdı “Neftçi”nin heç cür ağıllandıra bilmədiyi Baqali Dabonun bundan sonra ağ-qara formanı geyməyəcəyi dəqiqdi. Əslində məlum radikal qərarı indi yox, futbolçunun əvvəlki intizamsız hərəkətləri zamanı vermək lazım idi ki, ona və başqalarına dərs olsun. Lakin klub rəhbərliyi çempionatdakı intriqanı, başqa cür desək, mövsümlük hədəfləri fransızın tərbiyəsizliyindən üstün tutdu. Yəni Dabo qovulması üçün bacardığının ən yaxşısını etdi. Nəhayət, istəyinə “Qarabağ”ın futbolkasını geyməklə çatdı.
Bu hadisədən sonra “Neftçi” azarkeşləri, illərdi bu komandaya könül verənlər münasibət bildirir, fikirlərini ortaya qoyurlar. Fərqlilik müşahidə olunur. Bəziləri günahkar kimi klub rəhbərliyini görsə də, intizamsızlığına görə Baqalini qınayanlar da az deyil. Belə məqamda “Neftçi” fəallarına tribuna vermək qərarına gəldik ki, görək bu hadisəyə onlar necə reaksiya göstərir? Günahkar rolunda kimi görürlər?
Sübhan Əliyev: “Dabonun indi etdiklərinə yox, uzun illər çörəyini yediyi “Qəbələ”yə xəyanətinə baxmaq lazımdı. Hələ o vaxt bilinirdi ki, bu adamın insani keyfiyyətləri nə yerdədi, necə adamdı. Danışanda “Neftçi” bir ailədi” deyirlər. O ailədə problem, intizamsızlıq, tərbiyəsizlik varsa, günahkar ailə başçısı, yəni rəhbərlikdi. Dabonun tərbiyəsizliyinin sayı-hesabı yoxdu. Öz azarkeşini söyən adamdı. Biz azarkeşlərin səhvi olanda hamı əlində bayraq edir. O vaxt “Sabah”la oyunda iki oturacaq sındırmışdıq, az qalmışdı vətən xaini elan olunaq. Amma futbolçunun tərbiyəsizliyi yerə-göyə sığmır, hər dəfə bir bəhanə ilə bağışlanır. Bağışlanmaqların axırı da bu cür olur. O hərəkəti edən futbolçunu qovmaq yox, rədd etmək lazımdı. Onu azarkeşlərin əlinə vermək lazımdı ki, parça-parça etsinlər. Bu məsələdə günahı birbaşa klub rəhbərliyində, “Neftçi”dəki əsas söz sahiblərində görürük”.
Əlinağı Hüseynzadə: “Mən bu məsələdə klub rəhbərliyində günah görmürəm. Bir nömrəli günah sahibi varsa, o da Baqali Dabodu. Bir futbolçunun şərəfini qoruduğu, çörəyini yediyi komandanın əzəli rəqibinin futbolkasında şəkil çəkdirməsinin nankorluq olduğunu futbolçu özü bilməlidi. Bu, futbolun əlifbasındakı “a” hərfidi. 15 yaşlı futbolçu da bilir ki, bunu etmək olmaz. Rəhbərlik pis ola bilər, klubdakı münasibəti, peşəkarlığı bəyənməyə bilərsən, amma sən “Neftçi”nin formasını geyə-geyə “Qarabağ”ın futbolkasında şəkil paylaşırsansa, bunun adı tərbiyəsizlikdi. Lap “Qarabağ”ın olmasın, başqa komandanın fiormasını geysin, yenə ayıbdı. Dabo indiyə qədər o qədər maaş alıb, evinə çörək aparıb, onun qarşılığını bu cür verməməliydi”.
Ramil Tarıverdiyev: “Bu, Dabonun ilk belə intizamsızlığı deyildi. “Neftçi” formasını geydiyi gündən bir neçə dəfə hörmətsiz davranışları ilə yadda qalmışdı. Tək o deyil, legionerlərin bir neçəsində özündənrazılıq, intizamsızlıq müşahidə olunmaqdadı. Sanki klub rəhbərliyi həmin futbolçulara sözünü yeridə bilmir. Dario Federiko ilə bağlı məsələ yadınızdadı. Mövsümün ortasında aləmi bir-birinə qatıb Cənubi Koreyaya üz tutmuşdu, hətta klubun idman direktoru Ceyhun Sultanovla münasibətləri qaydasında deyildi. Həmin adamlar həmin futbolçunu yenidən “Neftçi”yə qaytarmışdılar.
Dünyada intizamsız futbolçular çoxdu. Hətta azərbaycanlı futbolçular arasında belələrini görmək mümkündü. Amma o cür futbolçuların “ipini yığmağı” bacaran rəhbər şəxslər var. Təəssüf ki, belələrinin sayı azdı. Bizdə legionerə pul verirlər, üstəlik, nazı ilə oynayırlar. Nəticədə bu cür mənzərə yaranır. Əlbəttə, Dabonun da günahı var, rəhbərliyin də. Lakin ən böyük günah rəhbərlikdədi. Daboya bu qədər üz verməməliydilər. Yaxşı oyunçu ola, karyeran göz oxşaya bilər, amma hər futbolçu yaxşı insan ola bilmir. Baqali də məhz belələrindən idi. Meydandakı bacarığına söz ola bilməzdi, amma insanlığı yoxdu. Hətta bir dəfə admini olduğum azarkeş səhifəsi var, Dabo vaxtilə həmin səhifəni təhqir etmişdi. Bu cür intizamsız birinə çoxdan qapı göstərilməliydi”.
HƏBİB