Mövsümün gedişində Ramin Musayevin “Turan Tovuz” və “Kəpəz”lə bağlı verdiyi açıqlama bölgə azarkeşlərini, xüsusən də qərb futboluna könül verənləri xeyli sevindirmişdi. PFL rəhbəri bu iki komandanın adını çəkib, növbəti mövsüm premyer-liqada iştirak edəcəklərini bildirmişdi.
Lakin AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov iyunun ilk günündə “CBC Sport”un efirində dilə gətirdiyi sözlərlə ürəklərdə alışıb-yanan arzu və istəklərin üstünə öz əlləri ilə su səpib söndürdü. Həm də ölkənin bir nömrəli futbol qurumunun baş katibi olan bu adam maddi amili əsas gətirərək, AFFA-nın bölgə təmsilçilərinə milyonluq büdcə ayıra bilməyəcəklərini dedi, bunu pandemiyanın büdcəyə vurduğu ziyanla əsaslandırdı. Yüksək dəstə üçün əsas prinsiplərinin kəmiyyət yox, keyfiyyət olduğunu gizlətmədi. Qısası, dünya tərsinə fırlanmasa, növbəti birincilikdə də elitada 8 komanda iştirak edəcək. Yəni nə aşağı düşən olacaq, nə də yuxarı qalxan.
İllərdi ölkə futboluna çökən bu biabırçılıq, təəssüf ki, davam etməkdədi. Premyer-liqanın sonuncusu birinci diviziona yuvarlanmır, divizionun qalibi isə elita həyəcanını hiss etməkdən məhrum olur. Halbuki yarımçıq dayandırılan birinci divizionun çempionu olan “Turan Tovuz”un uzun fasilədən sonra yenidən yüksək liqada görünəcəyinə ümid edirdik. Görünür, tovuzlu futbolsevərlər daha bir neçə il gözləməli olacaq.
Bu vəziyyətdə yeganə çıxış yolu tovuzlu iş adamlarının sinəsini irəli verib “Turan Tovuz”a sahib çıxmasıdı. Yəni klubun canını AFFA-dan qurtarmalıdılar ki, komanda yenidən premyer-liqada çıxış etsin. Amma bu da asan görünmür. Vaxtilə biznesinin pulunu “Turan”ın (o vaxtkı adı) inkişafı yolunda xərcləyən bəzi iş adamları var ki, indiki durumda onların mövqeyi də maraq doğurur. Odu ki, onlarla söhbətdə sevimli komandalarının hazırkı aqibəti və gələcəyi ilə bağlı danışıb, çıxış yolu göstərmələrini xahiş etdik.
Vidadi Əhmədov: “Birinci dəstənin qalibi olan sevimli komandamızın elitaya buraxılmaması, təbii ki, bir tovuzlu kimi mənə pis təsir edir. Əminəm ki, tək mənə yox, bütün “Turan”sevərlərə, Tovuz futbol ictimaiyyətinə. Bu mövzu illərdi davam edir, sualın cavabı axtarılır və hələ də tapılmır. Əlbəttə, bu vəziyyətdə heç kim komandanı götürüb premyer-liqaya daşıyıb, orda lazımi formada çıxış etməsinə şərait yarada bilməz. Bunun üçün kifayət qədər maliyyə tələb olunur. Elxan Məmmədovun “bizə kəmiyyət yox, keyfiyyət lazımdı” yanaşmasını doğru hesab etmirəm. Azərbaycan futbolunda hər zaman Tovuz, Şəmkir və digər bölgələrin xüsusi rolu olub və bundan sonra elitada Tovuz təmsilçisinin olması gələcəkdə Azərbaycan futbolunun inkişafına müsbət təsir göstərə bilər.
Dediyim kimi, təkbaşına kiminsə sponsor yükünün altına girməsi və sona qədər tab gətirməsi çətin görünür. Çıxış yolu kluba bir yox, bir neçə nəfərin, tovuzlunun dəstək verməsidi. Sadəcə, yanaşma fərqli olmalıdı. “Turan”ın adını dəyişib “Turan Tovuz” ediblər. Niyə belə ediblər, “Turan” hara yoxa çıxıb, bundan sonra necə ola bilər – bu sualların dəqiq cavabını bilmirəm. Çünki klubun hazırkı təsisçisinin, sahibinin adı da önəmlidi. Sponsor tapılacağı halda onlar nə deyər, nə kimi kömək edə bilər – bunun özü də son dərəcə vacib sualdı. Klub Səhmdar Cəmiyyətə çevrilərsə və maliyyə ayıran adamlar müəyyən səhmlərin sahibi olarsa, yəni inkişafda az da olsa, payı olarsa, bu, həmin insanları həvəsləndirə bilər. Cibinin pulunu xərclə, sonra heç nə olmamış kimi kənarda qal - əlbəttə, heç kim belə olmasını istəməz. İndiki durumda klubun sahibi kimdisə, sponsor tapmalı, yəni sponsorları hansısa şəkildə həvəsləndirib işə cəlb etməlidi. Fikrimcə, cibinin pulunu “Turan”ın yolunda xərcləməyə hazır olan 1000, hətta 2000 min tovuzlu tapılar. Hətta ətrafımda bu cür insanlar mövcuddu. Lap klubun sahibi AFFA olsun, Səhmdar Cəmiyyət yaratsınlar, səhmlərin 50, 60, yaxud 70 faizi AFFA-nın olsun. Amma digər insanların da faizi olmalıdı ki, nə vaxtsa onlar “Turan”ın yaşaması üçün pay sahibi olduqlarını bilsinlər, desinlər. Məncə, bu və digər yollarla klubu dirçəltmək, komandanı premyer-liqada saxlamaq olar. Düşünmək, çıxış yolları tapmaq lazımdı. İstəsələr, edə bilərlər. Görünən odu ki, istəmirlər”.
Musa Süleymanov: “Yaranmış vəziyyət məni çox təəssüfləndirir. Belə deyim, “Turan Tovuz”un düşdüyü duruma görə üzülürəm. Burda konkret günahkar axtarmalı olsaq, bütün tərəflərdə suç tapmaq olar. Tovuz futbolunun premyer-liqada olmamasının tək səbəbkarı AFFA deyil. AFFA qədər klubun içində olanlar və tovuzlular da günahkardı.
Yadınızdadı, o vaxt “Barselona”nın akdemiyasından iki məşqçi dəvət etmişdim. Gəldilər, uşaqlara baxdılar və 18 nəfəri bəyəndilər. Mənə dedilər ki, bu uşaqları aparıb yetişdirək, təcrübə toplasınlar, 3 ildən sonra ya onları geri götürərsiz, ya da həmin 18 nəfərə görə sizə 350 min avro verərik. 3 il ərzində məskunlaşma, qidalanma, təhsil və başqa xərcləri akademiya qarşılayacaqdı. Məşqçilərin Azərbaycana gəlməsini və həmin uşaqların İspaniyaya gedişini təşkil etmək üçün qarşı tərəfə 50 min avro “avans” vermişdim. Prosesin davamını gətirmək üçün həmin uşaqların İspaniyaya səfərinə görə aidiyyatı qurumlara müraciət etdik, müsbət cavab aldıq. Qalırdı bilet sifariş edib, uşaqları yola salmaq. Nəticə nə oldu? Klubun və rayonun içindən olanlar uşaqların valideynlərini qorxutdular ki, bəs Musa sizin uşaqları İspaniyaya qul olmağa göndərir. Camaatın canına qorxu saldılar, ona görə də heç biri razılaşmadı. Həmin adamlar elə-belə iş görmürdülər, Bakıdakı adamların sifarişini yerinə yetirdilər. Bakıdakı adamlar Musanın bu cür iş görməsini, tovuzlu uşaqların başqa xətt ilə İspaniyaya yollanmasını həzm edə bilmirdi, gözləri götürmürdü. Ona görə də istəyimiz həyata keçmədi.
Tovuzda o boyda işlər görmüşdüm. Hər gün 150-200 uşaq məşqə gəlirdi. Stadionu yenidən tikdik, futbolçuların məskunlaşdığı yeri təmir etdik, kanalizasiya, eləcə də isitmə-soyutma sistemini dəyişdik, hətta kiçik stadion tikirdik, o da yarımçıq qaldı. İnandırım sizi, qətiyyən peşman deyiləm. Tovuz, tovuzlu balalarımız üçün etdim də. Pula qətiyyən heyfsilənmirəm. Təəssüfləndiyim işimin nəticəsini görməməyim idi. İndi sponsor-sponor deyirsiz. Sponsor, yəni pul xərcləyən adam futbola girişirsə, orda iki şey güdür: ya qazanc, ya da nəticə. İlkin mərhələdə Azərbaycan futbolunda pul qazancı onsuz da yoxdu, olmur, bunu hamı bilir. Sponsor yalnız nəticəyə ümid edə bilər ki, “Turan Tovuz”da nəticənin olmayacağını hamı bilir. Niyə? Çünki həm Tovuzdakılar, həm də Bakıdakılar imkan verməyəcəklər”.
HƏBİB