27 fevral. Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı.
28 fevral. Ölkədə ilk koronavirus yoluxması Rusiya vətəndaşı olan və İrandan gələn adamda tapıldı.
29 fevral. Azərbaycan İranla sərhədləri ikihəftəliyə bağladı. Sonradan bu müddət uzadıldı.
2 mart. 3-9 mart tarixləri arasında ölkənin bütün təhsil müəssisələrində tədris prosesi və başqa əlaqəli fəaliyyətlər dayandırıldı. Daha sonra tarix martın 27-nə qədər uzadıldı.
10 mart. PFL prezidenti Ramin Musayev 1-ci divizionun 19-20, premyer-liqanın 21-22-ci turlarının azarkeşsiz keçirilməsi haqda əmr imzaladı.
12 mart. Bir gün əvvəl COVID-19 diaqnozu qoyulmuş, 1969 təvəllüdlü, bir müddət əvvəl İrandan qayıdan qadın öldü. Bu, ölkəmizdə koronavirusdan ilk ölüm halı idi.
13 mart. Azərbaycan ərazisində xüsusi rejimin tətbiqi ilə bağlı qərar verildi. Elə həmin gün Gürcüstanla, ertəsi Türkiyə ilə sərhəd bağlandı.
13 mart. Ramin Musayev 1-ci divizionun 20-ci, premyer-liqanın 21-22-ci turlarının təxirə salınması haqda əmr imzaladı.
18 mart. PFL 1-ci divizionun və premyer-liqanın aprelin 14-nə qədər bərpa olunmayacağı haqda məlumat yaydı.
19 mart. Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş martın 29-na qədər qapadıldı.
23 mart. Nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və molların fəaliyyəti martın 23-ü saat 00.00-dan etibarən bir ay müddətinə dayandırıldı.
24 mart. Ölkə ərazisində aprelin 20-si saat 00.00-a qədər xüsusi karanti rejimi elan olundu.
31 mart. Bakı Metropolitenində qatarların hərəkəti martın 31-i saat 22.00-dan aprelin 20-nə qədər dayandırıldı.
2 aprel. Yaşayış yerini SMS icazə əsasında tərk etmək sistemi işə düşdü.
24 aprel. Operativ Qərargah aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verdi.
27 aprel. PFL mayın 21-də 1-ci divizionun, mayın 23-də isə premyer-liqanın bərpa olunmasının nəzərdə tutulduğu haqda məlumat yaydı.
4 may. Yeni yumşaldılmalar təyin olundu. Xüsusi karantin rejiminin müddəti mayın 31-nə qədər uzadıldı.
29 may. Ölkə ərazisində xüsusi karantin rejiminin müddəti iyunun 15-nə qədər uzadıldı. Eyni zamanda mayın 31-dən xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verildi. Açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verildi ki, bu da futbol önündə “yaşıl işıq yandırdı”.
31 may. Klublar Komitəsinin videokonfrans formatında iclasında iyunun 1-dən etibarən premyer-liqa klublarının məşqləri, iyunun 21-də premyer-liqa və ölkə kubokunun oyunlarının bərpası ilə bağlı razılıq əldə olundu.
1 iyun. Ölkə çempionatının və kubokunun qalan oyunlarının təqvimi açıqlandı. AFFA İcraiyyə Komitəsi 1-ci divizionda və Gənclər Liqasında mövsümün dayandırılması haqda qərar verdi.
4 iyun. 6 iyun saat 00.00-dan 8 iyun saat 06.00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırıldı. Əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi yasaqlandı.
5 iyun. PFL COVID-19 pandemiyası səbəbindən dayandırılmış 2019/2020 mövsümünün Əsasnaməsinə əlavələri açıqladı.
9 iyun. Ölkə üzrə xüsusi karantin rejiminin iyulun 1-i saat 00.00-a qədər uzadılmasına qərar verildi.
12 iyun. 14 iyun saat 00.00-dan 16 iyun saat 06.00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırıldı. Əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi yasaqlandı.
18 iyun. AFFA İcraiyyə Komitəsinin iclasında ölkə çempionatının və kubokunun oyunlarının dayandırılmasına qərar verildi.
18 iyun. Sərhədlərin bağlı qalma müddəti, eləcə də xüsusi karantin rejimi avqustun 1-nə qədər uzadıldı. Bakı, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Abşeron, Gəncə və Masallıda 21 iyun gecə saat 00.00-dan 5 iyul 06.00-dək ciddi karantin rejiminin tətbiqinə qərar verildi.