Sizin reklam burada

Unikal, sadə, gülərüz, mehriban və cəsarətli Şah!

Baxış Sayı:336


“Üzərimizə nə qədər bahalı parfüm töksək də, biz fərqli ola bilmərik, heç lazım da deyil”
Şahmat meneceri Kirill Zanqalis məşhur qrossmeysterlərlə bağlı silsilə yazılarını davam etdirir. Bir müddət öncə Rauf Məmmədovun karyerasını “vərəqləyən” rusiyalı bu dəfə Şəhriyar Məmmədyarova yer ayırıb.
* Unikal insandı, hər şeydə unikaldı. Onun haqda ilk dəfə 2011-ci ildə, İddiaçıların turnirində eşitdim. Sonra onu 2013-də Mixail Talın xatirə turnirdə gördüm. Əsl tanışlığımız isə 2014-də İddiaçıların turnirində baş tutdu. Xantı-Mansiysk. 2014-cü ilin martı. Mən bu yarışda dünyanın ən güclü qrossmeysterlərindən birinin məşqçilər korpusunda yer alan Aleksandr Xalifman, Rauf Məmmədov və Eltac Səfərli ilə dostlaşdığım haqda danışmışdım. Amma bu uşaqları öncə necə isə tanıyırdımsa, qeyri-rəsmi Şah adlandırılan şahmatçı ilə ilk dəfə tanış oldum. “Tarey” otelinin bar dirəyi arxasında ikimiz idik. Məmmədyarov Kramnikə mövqeyini yenicə uduzmuşdu. Hərçənd həmin görüşdə nəinki heç-heçə etməli, hətta qalib gəlməliydi. Bu, qrossmeyster üçün ciddi zərbədi, özü də belə turnirdə. Azarkeşlərə elə gələ bilər ki, bir oyunda uduzmaq, sadəcə, məğlubiyyətdi. Amma az adam bilir ki, 14-cü dünya çempionu ilə görüşdə üstün vəziyyət əldə etmək, sonra onu əldən vermək və ən yekunda uduzmaq şahmatçıya nəyin bahasına başa gəlir.
* Gecə saat üç idi. Bizdən başqa yalnız yarımyuxulu barmen var idi. Şəhriyar buzlu viski sifariş edib, siqareti dartır və halqalarla tüstü buraxırdı. Şah heç vaxt spirtli içkilərdən çox yararlanmayıb, bayramlarda, adətən, qəlyana üstünlük verib. Amma indi “buxar”ını buraxmaq lazım idi: “Qardaş, elə məyusam ki. Turnirə elə hazırlaşırdım, hiss edirdim ki, 1-ci yer uğrunda mübarizə apara bilərəm. Amma belə dəhşətli start. Ardıcıl iki məğlubiyyətdən sonra toparlanıb iki qələbə qazandım. Bu gün də udsaydım, irəli gedəcəkdim. Axı hələ 6 tur var. Anandın arxasına düşə bilərdim (sonda qalib olan Anand Karlsenlə görüşə vəsiqə qazanıb). Şəhriyar mənə uşaqlığı barədə uzun-uzadı danışdı.
* Bir neçə ildən sonra atası Həmidlə tanış oldum. Mehriban, düzgün adamdı. Hər şeyi öz əlləri, zəhməti ilə etməyə alışıb. Mən onların Sumqayıtdakı evini belə görürəm: kiçik Şəhriyar və onun bacıları, uşaqların ciddi şəkildə şahmat öyrənməsi üçün vaxt tapan ata. Başa düşürəm, Həmid əmiyə hansı güc və əmək lazım olub ki, uşaqları balaca şəhərdən üzə çıxsınlar və ciddi məşqçilərin diqqətini cəlb etsinlər.
* Şəhriyara bakılılar Teymur Rəcəbov və Vüqar Həşimovla rəqabət aparmaq asan olmayıb. Amma o əzmlə hədəfə doğru gedib. İldən-ilə ingilis və rus dillərində də inkişaf edib. Axı oğlanın doğma dili Azərbaycan dili olub və məktəbdə də bu bölmədə təhsil alıb. Amma iştirak etdiyim mətbuat konfranslarında danışığı onun israrlı və döyüşkən xarakterini göstərir. 2004-cü ildə Kramnik – Topalov matçındakı məşhur “tualet qalmaqalı”ndan sonra bolqarın meneceri Silvio Danailov Kramniki tez-tez ayaqyoluna getməkdə ittiham etmişdi ki, kompüterin köməyindən yararlanır. Bir dəfə mətbuat konfransında ingiliscə mənə sual verir. Yanımda da tərcüməçi yoxdu. Amma özümü ağıllı göstərib diqqətlə qulaq asıram. 5 dəqiqəlik sualdan yalnız “toilet” sözünü başa düşürəm. Cavab vermək vaxtı çatdı. Mən özümü toparlayıb cavab verirəm: “Bəli, turnirlərin keçirildiyi binalarda ayaqyolları təmiz və rahatdı”. Aydın məsələdi ki, hamı gülməkdən yerə sərildi.
* Bax, Şah budu. O, mehribandı. Onunla hansı macəralar yaşamamışıq ki? Lakin biz hələ yeni tanış olurduq. Mən ona Daşkənddəki uşaqlığımdan, Yunanıstana mühacirlikdən danışdım. O da mənə necə asan olmadığından bəhs etdi. Bir ifadəsini həmişəlik xatırlayacam: “ Bilirsən, Kirill, sən bizim oğlansan. Sən mənim kimi, Rauf kimisən, sadəsən, səndə belə “pont”lar yoxdu. Mən bəzən özünü başqalarından üstün tutan insanlara təəccüblənirəm. Axı bizdən gerçək, kənd qoxusu gəlir. Üzərimizə nə qədər bahalı parfüm töksək də, biz fərqli ola bilmərik, heç lazım da deyil”.
* Prinsipcə, Şahın nədən danışdığını başa düşürdüm. Azərbaycanda uzun müddət əbədi ikinci olub. Onun komanda yoldaşı, mənə yaxşı tanış olan Teymur Rəcəbov artıq 15 yaşında Linares superturnirində dünya reytinqinin bir nömrəsi, əfsanə Harri Kasparova qalib gəlib. Əlbəttə, bundan sonra o, sadəcə, ölkənin milli qəhrəmanı oldu. Azərbaycan iki dəfə Avropa çempionatında qalib gələndə də yığmada haqlı olaraq birinci lövhədə oynayırdı. Xatırlayıram, İstanbuldakı Olimpiadada Timanın reytinqi sehrli 2799,9-da dayandı. Amma Rəcəbov öz karyerası ərzində elit 2800-ü hələ də adlaya bilməyib. Mən Şahı gözəl başa düşürəm. Onun iddialarında, hücum üslubunda, rəngarəng oyununda zirvəyə qalxmaq çox sezilirdi. O, fanatikcə çalışmağa davam edirdi. Uğurlar da özünü çox gözlətmədi.
* “Bizə daha iki dabl verin, zəhmət olmasa”, Şah pul kisəsini açdı. Azərbaycan səxavəti həmişə onun üçün prioritet olub “Bax çoxları indi bizi mühakimə edərdi. Məni turnirdə içdiyimə, səni isə Karyakin yox, onun birbaşa rəqibi ilə əyləşdiyinə görə. Amma mən deyirəm ki, hərə özünə nəzarət etməlidi. Kramniklə oyundan sonra mənə yatmaq çətin olacaq. Amma xarakterimə bələdəm. Növbəti görüşlərdə qalib gələcəm. Təəssüf ki, artıq gecdi və karaokeyə getmək olmaz. Yoxsa sevimli mahnımı - “Queen”in ifa etdiyi “We Are The Сhampions”u oxuyardım”.
* Bəli, biz Rauf və Şahla tez-tez karaokeyə gedirik. Məmmədov Müslum Maqomayev kimi oxuyursa, Məmmədyarovun vokal göstəriciləri zəifdi. Buna baxmayaraq, o, heç vaxt kompleks yaşamır və karaokedə ən çətin müğənnilərdən biri olan Freddinin repertuarından ifa etməyə çalışır.
* Səhərə yaxın ayrıldıq. Məmmədyarov ertəsi gün Andreykinlə erkən heç-heçəyə imza atdı. Bir sutka sonra Levon Aronyanı darmadağın etdi. Yenidən yükləndi. Düzdü, həmin turnirdə Ananda bərabər rəqib olmadı. İkinci mükafatçı Karyakini də irəli buraxmadı. Məmmədyarov fəxri üçüncü yeri bölüşdü.
* Bakı, 2015-ci ilin oktyabrı. İlyarım ərzində biz Şahla çox dostlaşdıq. Yeri gəlmişkən, o, təkcə dost yox, həmkar kimi də düzgün olduğunu göstərdi. Mənə yaxşı turnir təkliflərinə görə faiz vəd edib, vasitəçiliyimlə Soçidə təşkil olunan Talın xatirə turnirinə qatıldı. Yarışın sonuncu iştirakçısı, xaricdən yeganə dəvətli idi. Dostum Mark Qluxovski daha bir güclü şahmatçının olmamasından qayğılı olduğu vaxtda Məmmədyarovun səfərini həll etdik. Soçiyə Moskvadan eyni reyslə uçduq. İki gün sonra bir sıra məşhur sürətli şahmat ulduzlarını qabaqlayaraq kuboku başı üzərinə qaldırdı. Sanballı pul mükafatını alan Şah mənə çatacaq faizi dərhal verdi. Xoşbəxtlikdən əməkdaşlığımız bununla məhdudlaşmadı.
* Karyakin 1/4 finalda Məmmədyarovu məğlub etdiyi dünya kubokunu qazananda Şahla birlikdə Sergeyə İddiaçıların turnirində köməkçisi olmaqla bağlı xidmətimizi təklif etdik. Bu, dostluğumuzu daha da möhkəmlətdi. Karyakin də bu ağır yarışda sensasiyalı şəkildə qalib gəldi. Həmişə də deyirdi ki, məhz azərbaycanlı qrossmeysterin köməyi onun hazırlığında həlledici olub. Mənə elə gəlir ki, Sergeylə toplanışlardan sonra Şəhriyar özü də tam potensialını açdı.
* 2016-18-ci illərdə Şəhriyar karyerasının zirvə dövrünü yaşadı. “Qran-pri” seriyasında qalib gəlməklə parlaq üslubda İddiaçıların turnirinə yüksəldi. Ardıcıl iki dəfə Şəmkir superturnirində qalib gəldi və bir çox müxtəlif forumlarda qələbə qazandı. 2018-ci ilin sentyabrında karyerasının ən yüksək reytinqinə (2820) çataraq dünya ikincisi oldu. Yığmada artıq etibarlı və möhkəm şəkildə birinci lövhədə oynayır. Bakıdakı Olimpiada zamanı bütün şəhər milli qəhrəmanın 100 metrdən bir yerləşdirilən şəkillərindən zövq alırdı.
* Berlin, 2018-ci il martın 27-si. Hadisələrin müəyyən axarında Məmmədyarov özünün ən böyük zirvəsini fəth edə bilərdi. O, İddiaçıların turnirində yalnız güclü Karuananı önə buraxaraq ikinci oldu. Şah dostu və rəqibi Karyakinlə eyni xal topladı. Lakin bu ümumi uğur üçün yetərli deyildi. Azərbaycanlı bağlanış mərasimində də gümrah idi. Mən son iki tura gəlmişdim və dəhşətli dərəcədə məyus oldum. Bu, həm Sergey, həm də Şəhriyar üçün böyük şans idi. Ancaq idman belədi. Onda mən Həmid əminin Şəmkirdə dediyi sözləri xatırladım: “Həmişə Şaha güclü olmağı öyrətmişəm. Hər şeydən öncə onda kişi, insan, sonra şahmatçı xarakterini formalaşdırmışam. Oğlum öz zəhməti və işinə sevgisi ilə sübut etdi ki, çox şeyə nail olmaq mümkündü. Sən yıxılmısansa və gücün yoxdusa, heç nəyə baxmadan qalxmaq lazımdı. Bütün dünya ona baxdığı vaxt uşağın üçün həyəcan keçirmək çox çətindi. Lakin daha çətini taleyin zərbələrini qəbul etməkdi. Oğlumun enişləri və üzücü məğlubiyyətləri çox olub. Ancaq bundan sonra o daha da təcrübəli və idman baxımından qəzəbli olub”.
* Məni qucaqladı və “Kirill, hər şey yaxşı olacaq. Aha, sənin yeni parfümün var. Made in Tashkent?” söyləyərək ucadan güldü. Cavabım belə oldu: “Afərin sənə, qardaş, belə anda bu durumdasan. Dayana bilirsən?” Sonra yoldaşımın əlini möhkəm sıxdım. Məyus halda “hara gedəcəm, həyat bitmir. Bu yaxşı döyüş idi. Təəssüf ki, nə mən, nə də Sergey bacardı”.
* Berlində də karaoke olmadı. Həmin gün qələbə mahnıları oxumağın yeri deyildi. Lakin mən radioda “We Are The Сhampions”u eşidəndə həmişə bu açıq və qorxu bilməyən oğlanı yada salıram. Nədənsə, mənə elə gəlir ki, onun qoca Freddinin mahnısını öz şərəfinə ifa etməyə xüsusi səbəbi olacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR