Sizin reklam burada

Azərbaycan “Qran-pri”sinin ləğvi rəsmiləşdi

Baxış Sayı:382


Təəssüf ki, rəsmiləşdi. Dünənki sayımızda yer alan xəbəri nəzərdə tuturam. Belə ki, “Formula-1” üzrə Azərbaycan “Qran-pri”si rəsmən ləğv olundu. Bu haqda təşkilatçılar bəyanat yayıb. Qeyd olunub ki, Sinqapur və Yaponiya ilə yanaşı, Azərbaycan “Qran-pri”si də ləğv edilib.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məsələ ilə bağlı açıqlama yayıb. Bildirilir ki, COVID-19 pandemiyası səbəbindən “Formula-1” üzrə Azərbaycan “Qran-pri”sinin ləğvindən böyük təəssüf hissi keçirirlər: “Yarışımızın 2020-ci ildə baş tutması üçün hər fürsəti araşdırdıq, lakin bütün səylərimizə baxmayaraq, bunun mümkün olmayacağını anladıq. Azərbaycan xalqının, dəyərli “Formula-1” azarkeşlərinin, həmçinin “Formula-1” əməkdaşlarının sağlamlığı və təhlükəsizliyi naminə bu qərarı verməli olduq. 2021-ci ildə mövsümün ən yaxşı yarışını keçirmək üçün böyük əzmlə çalışmağa davam edəcəyik”.
Ləğv olunan Azərbaycan, Sinqapur və Yaponiya “Qran-pri”lərini Avropadakı yarışlar əvəzləyə bilər. BBC-nin yaydığı məlumata görə, Almaniyanın Hokkenhaym və İtaliyanın Mucello avtodromlarının hərəsində iki mərhələlənin təşkili nəzərdə tutulur. Bu varianta razılıq verilsə, Almaniya “Qran-pri”si sentyabrda baş tutacaq. Həmin aya Kanada mərhələsinin salınması da gündəmdədi. İtaliya da yarışı sentyabrda qəbul etməyə hazırdı. Təqvim təsdiqlənəcəyi halda "Formula-1" təşkilatçıları Rusiya “Qran-pri”sini oktyabra təxirə salacaqlar. Hələ ki bu yarışın ləğvindən söhbət getmir.
Qeyd edək ki, Azərbaycan “Qran-pri”si iyunun 5-7-də keçirilməli olsa da, koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı. Dünya çempionatının hələ ki ilk 8 mərhələsinin - Avstriya (3-5 iyul, 10-12 iyul), Macarıstan (17-19 iyul), Böyük Britaniya (31 iyul-2 avqust, 7-9 avqust), İspaniya (14-16 avqust), Belçika (28-30 avqust) və İtaliya “Qran-pri”lərinin (4-6 sentyabr) tarixi təsdiqlənib.
Azərbaycan “Qran-pri”sinə bilet alanların məsələsinə də aydınlıq gətirilib. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, əvvəlcə təxirə salınan, ardınca ləğv olunan yarış üçün alınan biletlərlə bağlı iki variant təklif edilib. Biletləri qaytarmaq istəyənlər Əməliyyat Şirkətinə bilet@bakugp.az elektron ünvanı vasitəsilə müraciət edə bilərlər. Əks halda həmin biletlər gələn il baş tutacaq yarış üçün qüvvədə qalacaq. BŞH həmçinin bildirib ki, builki yarış həftəsonunun ləğvi yerli promouter üçün hansısa maliyyə öhdəliyi yaratmır və eyni zamanda mərhələnin keçirilməsi ilə bağlı ödənilən lisenziya haqqı olduğu kimi gələnilki yarış mövsümünə ötürülür.
Əlbəttə, üzücü, amma gözlənilən xəbərdi. Bu idman bayramı hər nə qədər özü ilə birgə ölkəmizə, konkret desək, Bakıya bəlli problemləri gətirsə də, xeyri zərərindən daha çox idi. Bəlli problemlər deyərkən, ilk növbədə vətəndaşlarımızı narazı salan diskomfortu nəzərdə tuturuq. İsti yay günlərində yolların bağlanması, küçələrdə tıxacların çoxalması istər-istəməz şikayətlənənlərin sayını artırırdı. Yəni bir növ insanların sakit, ənənəvi həyat tərzi pozulurdu. Kütləvi narazılıq ilk illərdə daha qabarıq şəkildə özünü göstərirdi ki, bunun da səbəbi “Formula-1”i əsasən televiziya ekranlarından izləməyimiz, yəni canlı şahidi olmamığımızdı. Çünki əksəriyyətimiz elə düşünürdük ki, təşkilatçılıq su içmək kimi asan bir şeydi. Yarış trassını döşədin yerə, sədləri quraşdırdın və ya Allah, bas qaza. Əslində isə bu iş aylarla sərf olunan əmək, diqqət tələb edir, hər detalı xırdalığına qədər incələmək lazım gəlir. Yəni böyük səbr və zəhmət işidi.
“Formula-1” ilk dəfə 2016-cı ildə ölkəmizə ayaq açdı, Avropa “Qran-pri”sini təşkil etdik. Və təbii ki, ilk olduğuna görə problemlər də ortaya çıxdı, qüsurlar da qaçılmaz oldu. Tədricən isə təşkilatçılıqla bağlı incə detallar zərgər dəqiqliyi ilə həllini tapdı və Azərbaycan “Qran-pri”si adı altında keçirilən yarış tərəfdar topladı. Bakı Şəhər Halqasının özəlliyi, döngələrinin cəlbediciliyi dünya mətbuatında xüsusi vurğulandı. Elə yarış iştirakçıları da həyəcanı yüksək, adrenalin dolu bir trassda mübarizə aparmaqdan məmnun olduqlarını açıqladılar. Əlbəttə, ölkənin reklamı baxımından da Azərbaycan “Qran-pri”si böyük rol oynadı. Reklamla yanaşı, turist axınının da ölkə iqtisadiyyatına müsbət təsirləri qeyd olunmalıdı. İstər dövlət, istərsə də fərdi biznes sahələrinin gəlirləri artdı. Bakı küçələri turistlərlə aşıb-daşdı. Hətta yarış bitdikdən sonra belə, istirahətini ölkəmizdə davam etdirən əcnəbilər oldu. Bir sözlə, Azərbaycan “Qran-pri”si iqtisadi baxımıdan gəlirli sahəyə çevrildi. Bəziləri hər nə qədər “onsuz da özümüzün idmançımız yoxdu, kimə lazımdı belə bahalı yarış” desə də, sadaladığımız müsbət məqamları gözardı etmək insafsızlıq olardı.
Düzdü, bu yay eyni həyəcanı yaşaya bilmədiyimizə görə təəssüflənirik. Amma buna görə qınanmalı kimsə yoxdu. Koronavirus pandemiyası ilə bağlı mövcud durum yarışın ləğv olunmasını qaçılmaz etdi. Təşkilatçılıqla bağlı ardıcıllıq pozulsa da, BŞH-nin də açıqladığına görə, artıq növbəti il baş tutacaq “Qran-pri”yə fokuslanmalıyıq. Həmçinin ümid edək ki, 2021-ci ildə nəinki ölkəmiz, bütün dünya mövcud problemlərlə üz-üzə qalmayacaq. Və Azərbaycan “Qran-pri”si öncədən açıqlanan qrafik üzrə yüksək səviyyədə təşkil olunacaq. Turistlər yenə ölkəmizə axın edəcək, tanınmış pilotlar Bakı Şəhər Halqasında nəyə qadir olduğunu göstərəcək. 2021-ci ildə görüşənədək...
KƏNAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR