Yarısı “davam” deyir, yarısı “tamam”
Maneə kimi həftəsonu qadağasını göstərdilər
Elə bir vəziyyət yaranıb ki, çempionatın gələcəyi ilə bağlı suala konkret cavab verməkdə çətinlik çəkirsən. Əlbəttə, qəzet, jurnalistika, aktiv fəaliyyət sarıdan biz media mənsubları premyer-liqanın bərpasının tərəfdarıyıq. Stadionlara getmək, reportaj hazırlamaq, futbolsevərləri “qidalandırmaq” peşə borcumuz olmaqla yanaşı, həm də darıxmağa imkan verməyən əsas səbəbdi.
Görəsən, 8 komandanın məşqçi və futbolçu heyəti də bizimlə eyni istəkdədi? Üç aya yaxın kollektiv məşqsiz və oyunsuz qalan oyunçuların qısa zaman kəsiyində növbəti ayyarımda nə dərəcədə tab gətirəcəyi böyük sual altındadı. Bərpa üçün vaxt azlığı bir problem idisə, həftəsonu qadağaları işi bir az da ağırlaşdırıb. 3-4 günlük müddətə məşqi, oyunu, bərpanı sığdırmaq və növbəti matça hazırlıq mümkünsüzdü. Buna tab gətirmək üçün canın insan yox, Allah bilir, nə canı olmalıdı. Üstəlik, havalar da get-gedə isinir, bu gün-sabah 40-45 dərəcəyə qədər yüksələcək. Yəni belə şəraitdə çempionatı keçirməyin hansı məna verdiyini anlamaq bir az çətindi.
Məsələnin digər tərəfi. Avrokuboklara vəsiqə 4 komandaya veriləcək ki, onlardan üçünün adı böyük ölçüdə məlumdu. Dünya tərsinə fırlanmasa, “Qarabağ”, “Neftçi” və “Keşlə” ölkəmizi beynəlxalq arenada təmsil edəcək. Qalan bir vəsiqəyə isə əsasən 3 namizəd var: “Sumqayıt”, “Zirə” və “Sabah”. Təbii, “Qəbələ” ilə “Səbail”in də nəzəri şansları qalmaqdadı. Yəni sırf sonuncu vəsiqə uğrunda gedən gərgin çəkişməni və baş qaldıra biləcək narazılıqları göz önünə gətirəndə, çempionatın davam etməsi haqda düşünməli olursan.
Uzun sözün qısası, qarışıq vəziyyət yaranıb. Mövsümün qaldığı yerdə tamamlanmasının tərəfdarı olanlar da var, davamını istəyənlər də. Həftənin ilk günü bu mövzuda premyer-liqa təmsilçilərinin baş məşqçilərinin fikirlərini öyrənmişdik. Bu dəfə isə futbolçulara şans vermək qərarına gəldik. Görək onların bu mövzuda fikri nədi? Çempionatın gələcəyini necə görürlər?
“Bu ölkələr futbolun davamına qərar veriblərsə, bizdə də bərpa olunmalıdı”
Qara Qarayev, “Qarabağ”: “Bu məsələdə mövqeyim belədi ki, çempionat bərpa olunmalıdı. Almaniya, İspaniya, Belarus, Türkiyə kimi ölkələrdə çempionatlar keçirilirsə və ya keçiriləcəksə, bizdə niyə olmasın?! Halbuki bu ölkələrdə yoluxma və ölüm sayı bizdəkindən çoxdu. Bu ölkələr futbolun davamına qərar veriblərsə, bizdə də bərpa olunmalıdı. Bizdə koronavirusla bağlı durum bu ölkələrdəki qədər pis deyil. Təbii ki, bu mənim istəyimdi. İstənilən halda, veriləcək qərara hörmətlə yanaşacağıq. Hətta çempionatın qaldığı yerdə başa çatdırılması qərara alınsa belə, turnir cədvəlindəki ardıcıllıq əsas götürülməlidi”.
“Evdən çıxmaq qadağası qoyulsa, çempionatın bərpasının mənası qalmır”
Emin Mahmudov, “Neftçi”: “Bu dəqiqə hamının maraqla gözlədiyi həftəsonları ilə bağlı qadağanın nə vaxt aradan qaldırılacağı, nə qədər davam edəcəyidi. Qarşıdakı həftələrdə sərt karantin rejimi tətbiq olunmasa, çempionata başlamaq, davam etmək olar. Yox, hər həftə iki gün evdən çıxmaq qadağası qoyulsa, çempionatın bərpasının mənası qalmır. Bu cür uzunmüddətli fasilədən sonra həftədə iki oyun keçirmək asan məsələ deyil. Keçirmək olar, amma ortaya çox ciddi problemlər çıxacaq. Məşqlər, oyunlar – hamısı bir-birinə qarışacaq. Mənim istəyimi bilmək istəyirsizsə, həftəsonları ilə bağlı qadağa ləğv olunacağı halda çempionatın davam etməsinin tərəfdarıyam. Bilirəm, zədələr olacaq, çətinliklər yaşayacağıq, amma eybi yox. Təki futbol olsun, oynayaq”.
“Vaxt azlığı biz futbolçulara çox ciddi problemlər yaradacaq”
Slavik Alxasov, “Keşlə”: “Martın əvvəlindən iyuna qədər, demək olar, 3 aya yaxın futbolsuz qaldıq. Bu gün də məşqlərə başladığımızın 12-ci günüdü. Bunun 2 gününü məcbur evdə oturduq, 1 gün də “Neftçi”ylə yoldaşlıq görüşünə getdi. Üst-üstə cəmi 9 gün məşq etmişik. İyunun 14-15-i yenə iki gün evdə oturacağıq. Sonra nə olacaq, necə olacaq – bilən yoxdu. Bərpa olunmaq, itirilmiş gücü bərpa etmək, oyun təcrübəsinin azlığını qaydasına salmaq üçün vaxtımız olduqca azdı. Vaxt azlığı biz futbolçulara və komandalara çox ciddi problemlər yaradacaq. Üstəlik, belə isti havalarda məşq etməliyik. Hamımızı narahat edən mümkün zədələrdi. Heç bir futbolçu avrokubok görüşləri və növbəti mövsüm ərəfəsində zədələnməyi arzulamır. Mən də başqaları kimi hansı qərar veriləcəyini gözləyirəm. İstənilən halda, veriləcək qərara hörmətlə yanaşacam. Amma çempionat davam etsə, bütün komandalar üçün çətin olacaq”.
“Çempionatın bu yerdə başa çatdırılmasının məqsədəuyğun olduğunu düşünürəm”
Vurğun Hüseynov, “Sumqayıt”: “Açığı, futbolsuz qaldığımız dönəmdə çempionatın bərpasının tərəfdarıydım. Düşünürdüm ki, 3 həftəlik hazırlıq və yoldaşlıq görüşləri ilə fiziki formamızı yaxşılaşdırıb oynaya bilərik. Lakin indi tətbiq olunan həftəsonları evdə qalmaq qadağası durumu xeyli çətinləşdirib. Demək olar ki, bütün planlarımız pozulub. Belə şəraitdə məşq etmək, oyuna çıxmaq, bərpa olunmaq çətin olacaq. Zədəlilərin sayı durmadan artacaq, itkilər sayəsində komanda öz oyunundan uzaqlaşacaq. Ona görə də çempionatın bu yerdə başa çatdırılmasının məqsədəuyğun olduğunu düşünürəm”.
“Çempionatın bərpasının tərəfdarıyam”
Cavid Hüseynov, “Zirə”: “Çempionatın bərpasının tərəfdarıyam. Futbol idman növüdüsə, idman prinsipləri qorunmalıdı ki, avrokuboklara layiq olanlar vəsiqə qazansın. Amma həftədə 2 dəfə məşq olmayacaqsa, bununla yanaşı, 2 oyuna çıxacağıqsa, çox ciddi çətinliklərlə üzləşəcəyik”.
“Mövsüm bərpa olunmasa, 4-5 aylıq fasilədən sonra birbaşa avrokubok matçına çıxmaq çətin olacaq”
Ruslan Abışov, “Sabah”: “Baxıram, oxuyuram, çempionatın bərpası və ya ləğvi mövzusunda fikir ayrılığı yaşanır. Bir qisim bərpanın tərəfdarıdı, bəziləri isə bu yerdə başa çatmasını istəyir. Hər iki tərəfin fikrinə hörmətlə yanaşıram. Öz mövqeyimə gəlincə, bizi mümkün çətinliklərin gözləməsinə baxmayaraq, premyer-liqanın davam etdirilməsinin tərəfdarıyam. Bunun başlıca səbəbi avrokuboklarda iştirak edəcək komandalarımızın hazırlığına görədi. Mövsüm bərpa olunmasa, 4-5 aylıq fasilədən sonra birbaşa avrokubok matçına çıxmaq çətin olacaq. Çünki mümkün rəqiblərimiz ola biləcək Qazaxıstan, Gürcüstan, Moldova, Belarus kimi ölkələrin təmsilçiləri avrokuboklara oyun təcrübəsi ilə qatılacaq. Bu yerdə azarkeşləri də başa düşməliyik. Onlar da televiziya qarşısında olsa belə, futbola baxmaq istəyirlər. Yenə deyirəm, mən çempionatın bərpasını istəyirəm”.
“Özümüzü toparlayıb 8 turu oynaya biləcəyimizi düşünürəm”
Fəhmin Muradbəyli, “Səbail”: “Şəxsi fikrimi soruşursuzsa, mən çempionatın bərpasının tərəfdarıyam. Düzdü, havalar kifayət qədər isti keçir, uzun müddət futbolsuz qalmışıq-filan. Amma futbolçuyuqsa, işimiz futbol oynamaqdı. Onsuz da hər il mövsümün ilk turları avqusta təsadüf edir. Hazırlığımız əla vəziyyətdə olmadan hədsiz istilərdə oynamışıq. Ona görə də özümüzü toparlayıb 8 turu oynaya biləcəyimizi düşünürəm. Açıq deyirəm, “Səbail”in turnir cədvəlindəki mövqeyi ürəyimcə deyil. Komandamızın gücünə bələdəm və bilirəm ki, çempionat davam etsə, durumu yaxşılaşdıra bilərik. Özümüz üçün də xeyirdi. Futbolçu oynadıqca “artırır”, formada qalır. 4-cü yerdəki “Sumqayıt”la aramızda cəmi 3 xallıq fərq var, yəni avrokubok şansımız da qalmaqdadı. Şəhərdəki vəziyyətə baxıram, maşallah, küçələrdə adam əlindən tərpənmək olmur. Kafe-restoranlara səhərdən axşam 10-a qədər millət axını müşahidə olunur. Onsuz da millət çöldədi, 22 nəfər futbol oynasa, nə olacaq ki?
“Karantin şərtləri belə davam edəcəksə, bitirmək yaxşıdı”
Anar Nəzirov, “Qəbələ”: “İnanırsız, bu mövzuda fikirlərim qarışıqdı. Çempionatın ləğvini ona görə istəyirəm ki, 80 günlük fasilədən sonra 15-20 gün hazırlaşıb çempionat oyunlarına çıxmaq olduqca çətindi. İdmançılar bunun nə olduğunu yaxşı bilir. İtirilən gücü bərpa etmək üçün məşq proqramları ağır olur. Futbolçu da yükləndikcə, zədə riski artır. Yüklənmə problemi azmış kimi, burdan da zaman azlığı. 3-4 gündən bir oyuna çıxmalıyıq. Düzdü, Avropada bu normal qəbul olunub. Biz öyrəşməmişik axı. 3 ay futbolsuz qal, birdən-birə 3 gündən bir qrafikinə döz – çox çətin olacaq. Üst-üstə heç 10 gün məşq etməmişik, indidən baxırsan ki, hərənin bir yeri ağrayır. Burdan da yoluxma və ölü sayı arta-arta gedir, istər-istəməz narahatlıq doğurur. Amma digər tərəfdən çempionatın davamının tərəfdarıyam ki, “Qəbələ” mövsümü sonuncu pillədə başa vurmasın. Hətta avrokuboklara vəsiqə qazana bilməsək belə, sonuncu pillədən çıxaq. “Sumqayıt”la aramızda cəmi 4 xal fərq var, kubokun da yarımfinalındayıq. Lakin bütün ümidverici və riskli məqamları göz önünə alanda mövsümün indiki vəziyyətdə tamamlanmasının tərəfdarıyam. Karantin şərtləri bu cür davam edəcəksə, bitirmək yaxşıdı”.
HƏBİB

Son xəbərlər

Dadaşovun bərabərlik qolu - VİDEO

Renat Dadaşov komandasını məğlubiyyətdən xilas etdi

Baneqa La Liqa yolunda

Abakarov gümüş medal qazandı - KONYA-2021

"Sumqayıt"dan yeni transfer

"Növbəti mərhələyə adlasaq, hər cür söz verəcəm" - Laurentsiu Regekampf

İdmançılarımızdan daha iki medal - KONYA-2021

“Bizi çətin oyun gözləyir” - Yusuf Laval

Güləşçilərimizdən 3 qızıl medal - KONYA-2021

"Neftçi" ilə oyun maraqlı olacaq" - Patrik Qrayl

"Neftçi"nin özünəməxsus oyun tərzi var" - "Rapid"in baş məşqçisi

Millimizdən 5-ci medal - KONYA-2021

"Neftçi"dən azarkeşlərə müraciət

"İnter"dən "Sassuolo"ya

"Nyukasl" "Çelsi"nin futbolçusunu istəyir

"Qəbələ"dən növbəti transfer

Mariya Stadnik finalda

Leyla Əliyeva güləşçilərimizin çıxışlarını izləyir

PSV-nin futbolçusu "Mançester Yunayted"ə keçə bilər

Hacı Əliyev gümüş medalı təmin etdi

Millimiz Əfqanıstana qalib gəldi

"Neftçi" səfər oyunlarında problem yaşayır" - "Rapid"in baş məşqçisi

"Heyətimizə əsasən gənclər dəvət olunub" - Millimizin üzvü

"Qarabağ" - "Viktoriya" matçının vaxtı açıqlandı

"Qarabağ"ın qələbəsində gözlənilməz heç nə yoxdu" - Yuri Syomin

FFF Qaltyenin PSJ ilə müqaviləsini tanımadı

İngiltərə premyer-liqasının ilk turunda qeydə alınan maraqlı faktlar

“Real”dan “Jirona”ya keçdi

Silva Barselonada ev axtarır

“Napoli” Ruisi də itirir

"Qarabağ"ın rəqibi pleyy-offa belə yüksəldi - VİDEO

Millimiz oynamadan qələbə qazandı - İslam Oyunları

Sahil Babayev boks millisinin üzvləri ilə görüşdü - FOTOLAR

"Misli" ilə PFL arasında müqavilə imzalandı

Kadi Borges bu göstəricidə birincidi - Çempionlar Liqası

“Ayntraxt”ın ilk, “Real”ın 8-ci cəhdi - YENİLƏNİR

"Daha çox "Ferentsvaroş"la oynamaq istəyirdim" - "Viktoriya"nın baş məşqçisi

"Qarabağ" bu göstəricilərlə ÇL-də birincidi - Statistika

"Belə tez dağılmamalı idik" - "Ferentsvaroş"un futbolçusu

"Neftçi" Avstriyaya yola düşdü

"Hələ Çempionlar Liqasında oynamağa hazır deyilik" - "Ferentsvaroş"un futbolçusu

"Qarabağ"ın qələbəsi Azərbaycanın xalını artırdı

"Rəqibin yaxşı imkanları var idi" - Zubir

Qurban Qurbanov: "Çexiya klubları çox intizamlı olurlar" - MÜSAHİBƏ

Bu şəkildə yerlər səhv düşüb!

Bütün xəbərlər