Sizin reklam burada

Əcnəbi mütəxəssisin ailəsinin dağılmasının qarşısı alınıb

Baxış Sayı:979


Səbuhi Səfiyarlı: “Bavariya” ilə matçı izlədikdən sonra o cüzi inam da yox olmuşdu”
İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə, istər- istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini futbola həsr edən insanlarla söhbətləşir, yaddaşlarına əbədi yazılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı uzun illər istər mətbuat katibi, istərsə də menecer olaraq müxtəlif klublarda çalışmış, hazırda müstəqil agent kimi fəaliyyət göstərən Səbuhi Səfiyarlıdı.
“Kasıblara Allah kömək olsun”
“İnter”də çalışdığım illər idi. Həmin dönəmdə klub hələ imkanlılar sırasında deyildi. Bir hakim var idi - adını çəkmək istəmirəm - artıq karyerasını başa vurub. O nə vaxt bizim oyunumuzu idarə etmişdisə, həmin qarşılaşmadan məğlub ayrılmışdıq. Bir dəfə yenə həmin ədalət təmsilçisi bizim oyunu idarə etməliydi. 90 dəqiqənin yekunu qanqaraldıcı oldu, həmişəki kimi yenə uduzduq. Oyundan sonra dözməyib dəhlizdə ona “nə olar, bizim pulumuz yoxdu, bir dəfə də bizə kömək elə” demişdim ki, mənə rus dilində “ya boqatım pomoqayu, bednım Boq pomojet”, yəni “mən varlılara kömək edirəm, kasıblara Allah kömək olsun” cavabını verdi. Bilmədim onu dediklərinə gülüm, yoxsa ağlayım. O vaxtlar hakimlərimiz də səmimi idilər.
“Gərək bütün komanda yıxılıb ölsün ki...”
“Qəbələ”də işlədiyim dönəmdə bizdə Afolabi soyadlı hücumçu var idi. Gənc idi, heyətdə az-az yer alırdı. Onu daha çox perspektiv üçün komandaya cəlb etmişdik. Bəzi futbolçular həmişə məşq başa çatandan sonra meydanda qalıb cərimə zərbələri vururdular. Bizim də komandada həmin vaxt Subotiç, Ebesilyo, İzmaylov kimi standart vəziyyətləri çox yaxşı yerinə yetirən oyunçular var idi. Afolabi də bunlara qoşulub hər məşqdən sonra cərimə zərbələri üzərində işləyirdi. Bir gün Yuri Syominin köməkçisi, həm də oğlu Andrey Syomin gördü ki, Afolabi də dayanmadan adını çəkdiyim futbolçularla birgə cərimə zərbələri vurur. Uzaqdan onu səsləyərək yarıciddi-yarızarafat “sən hara məşq edirsən, gərək bütün komanda yıxılıb ölsün ki, sən oyunda cərimə zərbəsi vurasan” dedi və onun bu sözlərinə hamımız xeyli güldük.
“Dediyin ünvana getmək istəyirsənsə, helikopter çağır”
Daniel Subotiçin “Qəbələ”yə gəldiyi ilk il idi. O vaxt da internetlə nəsə sifariş edəndə futbolçular klubun poçtunun ünvanını verirdilər. Daniel buts sifariş etmək istəyirdi. Məndən klubun ünvanının poçt indeksini istəmişdi. Səhv etmirəmsə, “Qəbələ”nin poçt indeksi 1069 idi. Mən də ona bunu yazıb göndərmişdim. Bir gün Subotiçə bildiriş gəlib ki, sifarişiniz çatıb, gəlib götürə bilərsiz. İstirahət günü idi. Gördüm Subotiç məni arayır. Zəngə cavab verib nə istədiyini soruşdum. Daniel həyəcanlı şəkildə bunları söylədi: “Butslarım gəlib, onları gedib götürmək üçün taksi sifariş etmişəm. Ünvanı sürücüyə təqim etmişəm”. Sürücü də deyir ki, “mənimlə məzələnirsən, sənin başın xarabdı? Dediyin ünvana getmək istəyirsənsə, helikopter çağır. Sənə taksi lazım deyil”. Özüm də bir qədər duruxdum, necə yəni helikopter çağır? Sürücü onunla niyə bu tonda danışsın ki? Ondan ünvanı mənə göndərməsini istədim. Mesaja baxanda gördüm ki, poçtun indeksini səhv yazıb və buts da gedib çıxıb Neft Daşlarına. Onda başa düşdüm ki, taksi sürücüsü ona niyə belə cavab verib. Bu məsələnin bir tərəfi. Bundan sonra butsu ordan götürmək lazım idi. Mərkəzi poçta zəng vurub Neft Daşlarının poçtunun telefon nömrəsini əldə etdim. Ora zəng vuranda dəstəyi rus qadın qaldırdı. Biranlıq gözümün önündə kinolarda gördüyümüz Neft Daşları, ordakı ab-hava canlandı. Telefonçu qadın da elə danışırdı, sanki mən hansısa buruğun mühəndisiyəm və təcili hansısa problemin həll olunmasına çalışıram. Durumu ona izah edəndə qayıtdı ki, “hansı “posılka”dan danışırsız, nə sifariş? Sonuncu dəfə Neft Daşlarının poçtuna “posılka” ötən əsrin 80-ci illərində gəlib”. Məlum oldu ki, Subotiçin butsları heç ora da gedib çıxmayıb. Sonradan məcbur qalıb yenidən sifariş etməli oldu və bu dəfə ünvanı onun üçün özüm yazdım ki, yenə səhv düşməsin.
8 Martda özünü “yandıran” baş məşqçi
İşlədiyim komandalardan birinin baş məşqçisi əcnəbi idi. Nə ad çəkəcəm, nə də ilini qeyd edəcəm. Bunu desəm, söhbətin kimdən getdiyi bilinəcək. 8 Mart ərəfəsində növbəti çempionat oyunundan sonra komandaya 2-3 günlük istirahət verilib. Evdə yatmışam, səhərə yaxın, hardasa saat 6-da gördüm futbolçularımızdan biri mənə zəng vurur. İstirahət günü olduğundan öz-özümə “görəsən, nə baş verib ki, bu məni belə erkən saatlarında axtarır” deyib, telefonu açdım və ondan nə baş verdiyini soruşdum. O isə məndən baş məşqçinin harda olduğunu soruşdu. Dedim bu saatda baş məşqçi sənin nəyinə lazımdı, tətil üçün öz ölkəsinə, evinə gedib. O isə “necə yəni evinə gedib, bəs xanımı komanda qaldığı yerə gəlib və onu axtarır” cavabını verdi. Sən demə, onunla danışan zaman telefon selektorda olub və mənim dediklərimi məşqçinin xanımı da eşidib. Həmin an çaşıb qaldım, bildim ki, vəziyyət ağırlaşıb, məsələni yoluna qoya bilməsək, aləm bir-birinə dəyəcək. Vəziyyətdən çıxmaq üçün futbolçuya “gözlə, səni indi yenidən yığacam” deyib, o dəqiqə baş məşqçini aradım. Bizdə saat 6-dısa, Avropada yəqin ki, 3 və ya 4 olardı. Adını çəkmədiyim mütəxəssis yuxulu şəkildə telefona cavab verib, bu vaxt ona niyə zəng vurduğumu soruşanda, hər şeyi olduğu kimi danışdım. Sən demə, bu da 8 Martı sevgilisi ilə keçirirmiş. Bilmədi nə desin, donub qalmışdı. Qısaca yalnız bir kəlmə “dəlidi o? Bakıda nə gəzir? Onu birtəhər yola salın getsin” dedi. Xanımı guya həyat yoldaşına 8 Mart hədiyyəsi etmək üçün ona əvvəlcədən heç nə demədən Azərbaycana gəlibmiş. Yenidən mənə zəng vuran futbolçunu yığıb məşqçinin xanımı ilə danışdım və ona “məşqçinin dostları gəlmişdi, onu israrla özləri ilə istirahətə aparmaq istəyirdilər. Əvvəlcə razı olmasa da, sonda dostlarının sözünü yerə salmadı və onlarla yaxın ölkələrin birinə yollandı. Narahat olmayın, sabaha özünü çatdıracaq” söylədim. Ertəsi gün baş məşqçi qaranəfəs özünü düşərgəyə çatdırdı. Klub rəhbərliyi söhbətə qarışmasaydı, məsələ böyüyəcəkdi, artıq hər şey boşanmaya doğru gedirdi. Böyük çətinliklə onları barışdıra bildik.
“3 xalı onlara SMS ilə göndərmək olmaz?”
Avroliqanın qrup mərhələsi çərçivəsində Dortmundda “Borussiya” ilə oynamalıyıq. Düzdü, Bakıda baş tutan ilk görüşdə məğlub olsaq da, komanda pis təsir bağışlamamışdı. Biz də bunu əldə bayraq tutaraq, futbolçulara ürək-dirək verir, onları inandırmaq, ruhlandırmaq üçün deyirdik ki, heç nədən qorxmaq lazım deyil. Qrupda hamını məğlub etdiklərindən, demək olar ki, tapşırığı yerinə yetiriblər, bizimlə matça bir o qədər də ciddi yanaşmayacaqlar. Komanda nəzəri məşğələyə girdi. Bizimlə görüşdən öncə də “Borussiya” daxili çempionatda “Bavariya” ilə qarşılaşmış, matçı qalib başa vurmuşdu. Həmin oyunda dortmundlular “Bavariya”nın daşını daş üstə qoymamışdılar. Bir sözlə, dəhşətli oyun nümyiş etdirmişdilər. Məşğələdə də baş məşqçi həmin qarşılaşmanın videoyazısını futbolçulara izlədib, rəqibin oyununu təhlil etmişdi. Bəlkə də bizim dediklərimizdən sonra futbolçularda bir az da olsa, özünəinam yaranmışdı. Ancaq “Bavariya” ilə matçı izlədikdən sonra o cüzi inam da yox olmuşdu. Nəzəri məşğələ başa çatandan sonra futbolçular otağı tərk edərkən Samir Zərgərov məni uzaqdan gördü. Yazıq necə həyəcanlanmışdısa, üzünü mənə tutaraq “sən bilmirsən, biz Dortmunda mütləq getməliyik? 3 xalı onlara SMS ilə göndərmək olmaz?” deyib, başını yelləyə-yelləyə otağına tərəf getdi.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR