Sizin reklam burada

AFFA, PFL və Klublar Komitəsi qeyri-müəyyənlik içindədi

Title

Riad Rəfiyev: “Çempionatın iyunun 21-də başlaması ilə bağlı qərar yəqin ki, dəyişdirilər”
Ölkənin müəyyən bölgələrində koronavirusla bağlı həftəsonları sərt karantin rejiminin tətbiq olunması futbol ictimaiyyətində də qeyri-müəyyənliyə yol açdı. Bu üzdən bəzi klubların yoxlama oyunlarının vaxtı dəyişdi. Sərt karantin rejimi növbəti həftələrdə də tətbiq ediləcəyi halda, iyunun 21-dən başlayacaq çempionat oyunlarının vaxtının dəyişdirilməsi də qaçılmaz olacaq. Hətta artıq premier-liqanın taleyinin sual altında olduğunu, turnirin oynanılmadan, vaxtından əvvəl başa çatdırılacağını düşünənlər var və bununla bağlı müzakirələr aparılır. Daha əvvəl isə klubların hazırlığı Qəbələdə keçirmək istədikləri ilə bağlı xəbərlər yayılmışdı. Bəs görəsən, oyunları Qəbələdə keçirmək mümkündü?
Məsələ ilə bağlı aidiyyatı qurumların fikirlərini, planlarını öyrənmək istədik. Peşəkar Futbol Liqasından verilən məlumata görə, çempionatla bağlı yeni qərarlar AFFA İcraiyyə Komitəsi tərəfindən verilməlidi: “Bildiyiniz kimi, məlum problem səbəbindən çempionat martdan etibarən dayandırılıb. Müxtəlif vaxtlarda AFFA, PFL və Klublar Komitəsinin birgə toplantısı zamanı ancaq yarışların necə bərpa olunması müzakirə olunub. Biz də yarışlara rəhbərlik və təşkilatçılıq edən qurum kimi işlərimizi bu istiqamətdə görmüşük. Müqaviləyə, Əsasnaməyə əlavələr və digər yeni qaydalar tətbiq olunub və klublar yoxlama görüşlərini bunun əsasında keçiriblər. Yarışların vaxtından əvvəl dayandırılması ilə bağlı son qərarlar İcraiyyə Komitəsinin səlahiyyəti daxilindədi. Belə bir iclasın olub-olmayacağı ilə bağlı bizdə hansısa məlumat yoxdu. Bu dəqiqəyə olan rəsmi məlumat son iclasımızdan sonra açıqladığımızdı”.
Oyunların Qəbələdə keçirilməsi ehtimalı ilə bağlı sualımız isə qurum tərəfindən belə cavablandırıldı: “Xeyr. Hazırda bu məsələ müzakirə mövzusu deyil”.
AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla da premyer-liqanın taleyi ilə bağlı yeni qərarların verilməsi üçün İcraiyyə Komitəsinin iclasının keçirilməsinin lazım olduğunu bildirdi: “Ehtimallar üzərindən açıqlama verə bilmərəm. Ancaq qəbul edilmiş qərarlarla bağlı nəsə deyə bilərəm. Çempionatın dayandırılması və ya davam etdirilməsi ilə bağlı qərar vermək səlahiyyəti AFFA-nın İcraiyyə Komitəsinə məxsusdu. Hazırkı məqama görə qərar iyunun 21-də çempionatın bərpa edilməsi ilə bağlıdı. Başqa qərar olmadıqca, hansısa şərh verə bilmərik. Dəyişiklik baş verərsə, bununla bağlı İcraiyyə Komitəsinin iclası olmalıdı”.
Qurum rəsmisi oyunların Qəbələdə keçirilməsi ehtimalı ilə bağlı bunları bildirdi: “Klubların hansısa şəhərə, bölgəyə yollanması onların öz işidi və AFFA buna müdaxilə etmir. Ancaq hazırkı pandemiya dövrünü nəzərə alsaq, bu cür məsələlər həm də Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olmalıdı. Oyunların Qəbələdə təşkil olunması ilə bağlı isə PFL münasibət bildirməlidi. Onların hazırlıq planlarında belə bir şeyin olduğunu bilmirəm”.
Klublar Komitəsinin sədri Riad Rəfiyevin fikirlərini də öyrəndik: “Bu barədə heç nə eşitməmişəm, bizə heç nə deyilməyib. Bu üzdən də bu barədə nəsə deyə bilmərəm. Çempionatın iyunun 21-də başlaması ilə bağlı qərar yəqin ki, dəyişdirilər. Çünki həftəsonları sərt karantin rejimi tətbiq ediləcəksə, futbolla bağlı da yeni qərar veriləcək”.
Rəfiyevin klubların çempionat oyunlarını və hazırlığı Qəbələdə keçirmək ehtimalı ilə bağlı cavabı isə belə oldu: “Bununla bağlı hansısa məlumatımız, fikrimiz yoxdu. Bizə gəlincə, hazırlığı Sumqayıtda davam etdiririk”.
AYGÜL
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.