Sizin reklam burada

“Bakı”nın bazasıyla bağlı sual Aqili kövrəltdi

Baxış Sayı:624


“Mənlik bir şey yoxdu axı, yol açılsın ki, Bakıya gedim də”
Koronavirusa görə bir çox futbolçular komandaların məşqlərində iştirak edə bilmir, yaşadığı yerdən qaçaq düşüblər. Belələrinin arasında premyer-liqanın legionerləri çoxluq təşkil etsə də, yerliyə də rast gəlmək mümkündü. Bu, “Neftçi”nin naxçıvanlı qapıçısı Aqil Məmmədovdu.
Təcrübəli qolkiper artıq xeyli vaxtdı Naxçıvandadı. Komandası məşqləri bərpa etsə də, həva və quru yolları bağlı olduğundan Bakıya qayıda bilmir. Belədə ortaya müəyyən suallar çıxır ki, Məmmədovla dünənki söhbətdə onlara aydınlıq gətirməyə çalışdıq.
- Naxçıvanda vəziyyət necədi?
- Normaldı, şükürlər olsun. Hələ tam istilər düşməyib, sərindi. Ona görə də üzümüz gülür.
- Koronavirus varlığını göstərir oralarda?
- Elə bir narahatlıq yoxdu. Bakıdakı vəziyyətə, yoluxma və ölüm sayına baxıram, adam dəhşətə gəlir. Burda, maşallah, sağlıq-samalatlıqdı.
- “Neftçi” məşqlərə başlayıb, iyunun 21-də premyer-liqa bərpa olunmalıdı. Qayıtmaqla bağlı nə düşünürsən?
- Edə biləcəyim bir şey yoxdu. Əlimdən gələn səbr etmək, gözləməkdi. İyunun 18-dən Bakıya reys olacaq, Allahın köməyi ilə qayıdaram. Tələsik onlayn bilet almaq lazımdı ki, sonra gec olmasın.
- Buna qədər də, iyunun 8-də reys olmalıydı...
- Bir var dildə reys, biri də var rəsmi qərar olsun. Bu gün ayın 18-də Bakı-Naxçıvan reysinin bərpa olunacağına dair qərar verildi.
- Klubdan nə deyirlər?
- Klubdan vəziyyətin nə yerdə olduğunu başa düşürlər. Məndən asılı olan iş olsaydı, başqa məsələ. Mənlik bir şey yoxdu axı, yol açılsın ki, Bakıya gedim də.
- Vəziyyətin bu həddə çatacağı martda bilinirdi. Rəhbərlik “niyə getmişdin ki, indi də qayıda bilməyəsən” sualını vermir?
- Əvvəla mən bura gələndə belə şeylər yox idi. Xüsusən də Bakı-Naxçıvan reysinin ləğv olunacağını heç kim ağlından keçirmirdi. Belə olacağını bilsəydik, bu boyda adam gəlib burda “ilişib” qalmazdı. Elə bilirsiz tək mənəm? Bir bilsəz, nə qədər adam təcili Bakıya yollanmalıdı, amma gedə bilmir. Həm də ki bura ailəm üzvümün xeyir işi üçün gəlmişdim. Nə olur-olsun, məclisdə iştirak etməliydim.Tərslikdən biz bura gələndən sonra yollar bağlandı, vəziyyət ağırlaşdı.
- Məşqlə bağlı çatışmazlığı necə yoluna qoyursan?
- Gəldiyim gündən məşqsiz qalmamışam. Əksinə, Bakıda hamı evin içində məşq edəndə, mən həyət-bacada qaçırdım, topla hərəkət edirdim, daim hərəkətdə olurdum. Deyim ki, məşq etmək, formanı qorumaq üçün rayon yeri daha əlverişlidi. Şükür, fiziki hazırlıqla bağlı problemim yoxdu. Bir neçə gün komandanın məşqlərində iştirak etsəm, bəs edəcək.
- Artıq çəkin yoxdu?
- Xeyr, qətiyyən. Heç 1 kilo da artıq çəkim yoxdu. Əksinə, klubdan tapşırılan normadan 2-3 kilo aşağıdı. Rayon, kənd yeri belədi də, kənd məhsullarından yeyirsən, ziyanı olmur, çəkiyə vermir. Bütün gün də həyətdə, bağda işləyirəm, tər tökürəm.
- Əsgər Abdullayev də Naxçıvanda “ilişib”. Görüşmürsüz?
- Xəbərim var. Arada görüşüb, danışırıq da. Mən kənddəyəm, Əsgər müəllim şəhərin özündə. Ona görə də tez-tez görüşmək olmur.
- Naxçıvanda yarışlar dayandırılmasaydı, getmişkən Əsgər Abdullayevin rəhbərliyi altında oynayardın.
- (gülür) Demə-demə. Əla olardı. Komanda olsaydı, onlarla məşq edərdim. Fərdi məşq yararlı olsa da, kollektiv çalışmanın yerini vermir. Tərslikdən burda da yarışlar dayandırılıb. Əsgər müəllim də mənim kimi, hava limanının qapısında dayanıb təyyarə gözləyir (gülür).
- Məntiqlə, sən də çempionatın bərpasını istəməyənlərin sırasında olmalısan...
- Yox, niyə ki? Düzünü desəm, mənim üçün vacib olan insanların sağlamlığıdı. Allah eləməsin, virus futbolçu və ya məşqçilərdən kiməsə düşsün. Belədə yayılma riski çox olacaq. Adam bir az buna görə narahatdı.
- Orası elədi, bəs işin futbol tərəfi?
- Futbol tərəfindən danışsaq, çempionatın davam etməsi yaxşı olar. Ən azı idman prinsipləri pozulmaz, kimsə nədənsə narazı qalmaz.
- “Neftçi” üçün nə fərqi var ki? Onsuz da “Qarabağ” çempionluğu böyük ölçüdə təmin edib. Yoxsa bu fikirlə razı deyilsən?
- Düzdü, “Qarabağ”la aramızda xal fərqi çoxdu. Amma həyatın işini bilmək olmaz. Heç kim deyə bilməz ki, fasilədən sonra necə olacaq. Şansımız varsa, sona qədər mübarizə aparmalıyıq. 8 xal fərq var deyə, əllərimzi yanımıza salmayacağıq ki. Həm də, çempionatın olması yaxşıdı ki, futbol oynayaq.
- Biləcəridən xəbərin var?
- Yox, nə olub ki?
- Toz-duman basıb...
- Niyə? Nəsə olub?
- “Bakı”nın bazasını sökürlər. Traktorlar işləyir, yük maşınları gecə-gündüz qum-torpaq daşıyır.
- Nə danışırsız?
- Xəbərin yoxdu?
- Elə bir xəbər oxumuşdum ki, yerində nəsə tikəcəklər-filan. Amma inanmırdım. Düşünürdüm ki, qoymazlar, o boyda bazanı, akademiyanı sökməzlər. Əməlli-başlı sökürlər? Binanı, meydanları, hamısını?
- Bəli, hamısını. Nə varsa, traktorun qabağına verib süpürürlər. Bom-boş sahə edib, yerində yaşayış kompleksi inşa edəcəklər.
- (səsi kəsilir)
- Alo... Aqil, eşidirsən?
- (kövrək səslə) Bazada nə vardısa, hamısını sökdülər, hə? Heç nə qalmayıb yerində?
- Sonluq elə olacaq.
- Deməyə söz tapmıram. Ora mənim, bizim evimiz idi. Allaha and olsun, özümü güclə saxlayıram, deməyə söz tapmıram. Elə bilirəm, orda doğulub-böyümüşəm. Uşaqlığım, gəncliyim, yetkinliyim orda keçmişdi elə bil. Ordan keçəndə o tərəfə necə baxacam indi? (sonuncu cümlədən sonra “ürəyini boşaltmaq” üçün diktofonu söndürməyimi xahiş edir və “Bakı”yla bağlı xatirələrini bölüşür, Hafiz Məmmədovun klub üçün etdiklərini, lakin çoxlarının bilmədiklərini nəql edir - H).
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR