UEFA İcraiyyə Komitəsinin iclasının gündəliyi açıqlanıb. İki mərhələdən ibarət olacaq videokonfrans iyunun 17-18-də baş tutacaq.
İclasda 2019/20 mövsümündə Çempionlar Liqası və Avropa Liqasının 1/8 final mərhələləri, eyni turnirlərin 2020/21 mövsümü üçün seçmə, pley-off və qrup mərhələləri ilə bağlı məsələyə baxılacaq. Çempionlar Liqasının cari mövsümünün 1/4 final oyunları, 2020/21 mövsümü üçün qadınlar arasında Çempionlar Liqasının təqvimi və 2019/20 mövsümündə UEFA Gənclər Liqasının qalan oyunları üçün təqvim də müzakirə ediləcək.
Bundan başqa, yığmalar səviyyəsində yarışlardan AÇ-2020-nin keçirilmə yeri və oyunların təqvimi, AÇ-2020-nin pley-off mərhələsi, UEFA Millətlər Liqasının 2020/21 mövsümünün təqviminin yenidən qurulması, 21 yaşadək futbolçular arasında Avropa çempionatının təqvim və formatı, 2019/20 mövsümündə 17 yaşadək qızlar arasında və 19 yaşadək oğlanlar arasında Avropa çempionatının təqvim və formatı, futzal yarışlarına dair yenilənmiş informasiya məsələləri gündəlikdə yer alıb.
İkinci iclas gününün əsas müzakirələri isə DÇ-2022-nin seçmə mərhələsinin püşkatma proseduru, klub lisenziyalaşması və “maliyyə feyr-pleyi” qaydaları, UEFA-nın rəhbər tələbləri ətrafında olacaq. UEFA prezidenti Aleksander Çeferinin mətbuat konfransı keçirəcəyi də gözlənilir.