Sizin reklam burada

Rövşən Əhmədov “idman ustası” dərəcəsini gözləyir

Baxış Sayı:791


“Söz veriblər, yaxşı olacağını deyiblər, mən də oturub gözləyirəm”
Ölkə çempionu, ölkə çempionatının bombardiri Rövşən Əhmədovun durumundan xəbərdarsız. “Kəpəz”in unudulmaz simalarından olan sabiq hücumçu illərdi işsizlikdən əziyyət çəkir, balalarını böyütmək üçün fəhləlik edirdi. Ayyarım əvvəl “Kəpəz” rəsmilərinin Əhmədovun qapısına apardığı yardım sovqatı və həmin görüşdən çəkilən şəkil bir anda gündəmi zəbt etdi. Bununla da Rövşən Əhmədov onu unudanların yadına düşdü.
Gəncəli millət vəkili, eyni zamanda “Kəpəz”in Müşahidə Şurasının üzvü Müşfiq Cəfərov veteran futbolçunu diqqətə götürərək, onu işlə təmin edəcəyini bildirdi. Çox keçmədən “Kəpəz” rəhbərliyinin ötənlərin “qol maşını”nın C kateqoriyasına sahib olması üçün AFFA-nın tələb etdiyi vəsaiti qarşılayacağını öyrəndik.
Aprelin sonlarına təsadüf edən bu olay və xəbərlərin üstündən xeyli vaxt keçsə də, hələ ki sakitlikdi. Bu müddətdə Əhmədovla iki dəfə əlaqə saxlamış, lakin sevindirici xəbər almamışdıq. Dünən növbəti dəfə aradıq və yenə eyni cavabı eşitdik: “Bu gün üçün konkret heç nə yoxdu. Sağ olsunlar, söz veriblər, yaxşı olacağını deyiblər, mən də oturub gözləyirəm. Veteranlar İttifaqının sədri Oqtay Abdullayev zəng vurmuşdu. Kateqoriya məsələsinə görə bir müddət gözləməyimi xahiş etdi. Dedi ki, karantin aradan qalxsın, kurslar başlayan kimi kateqoriya məsələm həll olunacaq. Digər tərəfdən, Gənclər və İdman Nazirliyindən “idman ustası” dərəcəsini gözləyirəm. Hazırdı, verməlidilər. “İdman ustası” dərəcəsini alandan sonra futbolda olmasa da, idman məktəblərində, dövlət idarələrində işə düzəlməyim rahat olar. Ona görə də gözləyirəm. İnşallah, gələn həftənin sonuna qədər bir cavab çıxar”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR