Sizin reklam burada

AFFA UEFA-dan gələn pulu klublara verməyib

Baxış Sayı:473

AFFA UEFA-dan gələn pulu klublara verməyib
Premyer-liqanın erkən başa çatdırılması müzakirə olunur
Karantin rejiminin yumşalmasının, açıq havada idman tədbirlərinin keçiriləməsinə icazə verilməsinin ölkənin futbol təsərrüfatına müsbət təsir göstəricəyini düşündük. Martın 12-dən futbolsuz qalan camiə yenidən gündəlik həyatına qayıtmalı, intensiv məşqlərə start verməli idi. Əslində məhz belə də oldu. Premyer-liqa təmsilçilərinin üzvləri təxminən 75 günlük fasilədən sonra yaşıl meydanlara çıxdılar, toplu çalışmalara start verdilər. Hətta PFL qalan 8 turun və ölkə kubokunun təqvimini hazırlayıb ictimaiyyətə təqdim etdi. Artıq hər şeyin yoluna düşdüyü anda Nazirlər Kabineti yanında Operativ Qərargahın Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində həftəsonları üçün nəzərdə tutduğu sərt karantin rejimi hər şeyi alt-üst etdi.
Həftəsonu üçün nəzərdə tutulan qərar klubların hazırlıq planına birbaşa təsir göstərdi. Üzləşdikləri durum baş məşqçiləri də narazı salıb. Bunu qəzetimizin ötən sayına açıqlama verən mütəxəssislərin dediklərindən də görmək olur ki, onların da sözlərində həqiqət var. 21 günlük toplanışın dörd günü də evəqapanmaya sərf olunacaqsa, təxminən 2 ayyarım evdə topdan və kollektiv məşqdən uzaq düşən futbolçunu 17 günə çempionata hazır vəziyyətə gərirmək çox çətindi. Ötən həftə tətbiq olunan qadağa yalnız “Qəbələ”yə təsir etmədi. İyunun əvvəlində Bakıda bir araya gələn “qırmızı-qaralar” həftəsonu qadağasının anonsunu eşidincə, təmsil etdiyi rayona qayıdıb məşqləri “doğma divarlar” arasında davam etdirməyə qərar verdi.
Srağagün ölkədə karantin rejiminin iyulun 1-dək artırıldığı bəlli oldu. Bununla yanaşı, iyunun 14-15-də ötən həftə olduğu kimi insanların küçəyə çıxmasına qadağa qoyuldu. Və belədə premyer-liqanın bəzi klublarının həftəsonu məşq etmək üçün Qəbələyə yollanmağa qərar verdiyi xəbəri yayıldı. “Qarabağ”, “Sabah”, “Zirə” və “Neftçi” məcburiyyətdən 3 günlük paytaxtı tərk etmək istəyir. “Qəbələ”nin də ev sahibi kimi orda olacağını nəzərə alsaq, elitanın 5 klubunun şimal-qərb bölgəsində bir ara gələcəyini deyə bilərik. Onu da qeyd edək ki, “qırmızı-qaralar”ın bazasındakı şərait eyni gündə 5 komandanın məşq keçməsinə imkan verir. Klubun mətbuat katibi Anar Hacıyev də mətbuata açıqlamasında müraciət olunacağı təqdirdə bütün klublara məşq etmək üçün şərait yarada biləcəklərini vurğulayıb.
Bəs qalan üç klubun – “Sumqayıt”, Səbail” və “Keşlə”nin taleyi necə olacaq? Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, “kimyaçılar”ın və “dənizçilər”in maddi durumu ürəkaçan olmadığından, büdcədə kəsir yarandığından məkanı dəyişə bilmirlər və qadağan günlərində futbolçularının məşqsiz qalması ilə barışıblar. “Keşlə”nin durumu isə qeyri-müəyyəndi.
Mənbəmiz onu da bildirdi ki, bu yaxınlarda UEFA-nın klublara ayrıdğı vəsait AFFA-nın hesabına köçürülsə də, assosiasiya həmin vəsaiti klublara yönəltməyib və yaxın vaxtda bu addımı atmaq niyyəti yoxdu. Bu üzdən imkanlılar məşq edir, pulsuzlar isə onlara baxıb həsəd aparır. Lap “Şərikli çörək” filmində olduğu kimi.
Dünən gün ərzində bir-birindən maraqlı və eyni zamanda bizi məyus edən xəbərlər eşitdik. AFFA-ya yaxın mənbədən bizə ötürülən siqnala inansaq, həftəsonu qadağası klubların planlarını pozduğundan və çempionatın təqvimini pozduğundan premyer-liqanın erkən başa çatdırılması variantı müzakirəyə çıxarılıb. Problemi heç cür yoluna qoya bilməyən rəsmilər belə şərtlər altında çempionatın davam etdirlməsini qeyri-mümkün hesab edirlər. Mənbəmizin sözlərinə inansaq, artıq bu gün bununla bağlı ictimaiyyətə məlumat verilə bilər. Ancaq “Sabah” rəhbərliyi bununla razılışmır ki, “tələbələr”ə görə pat vəziyyəti yaranıb. Avrokuboka vəsiqə verən 4-cü yerdən cəmi 2 xal geri qalan “tələbələr”in başbilənləri qitəmiqyaslı turnirdən kənarda qalmaq perspektivi ilə barışa bilmir və bu üzdən inadla qalan 8 turun keçirilməsini istəyirlər. Hadisələrin hansı məcrada davam edəcəyini böyük ehtimalla həftəsonu biləcəyik.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR