Sizin reklam burada

Ayan Azərbaycanın ödədiyi 500 min dolları mənimsəyib

Baxış Sayı:476


Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) sabiq prezidenti Tamaş Ayanın dönəmində müsbət çıxan 40 dopinq-testin nəticələri gizlədilib. Bu haqda məlumat onunla bağlı aparılan istintaq araşdırmasının nəticəsində əksini tapıb. Qeyd olunub ki, macar funksionerin rüşvət qarşılığında müdafiə etdiyi idmançıların bəziləri hətta dünya çempionatlarında və başqa beynəlxalq yarışlarda medallar qazanıblar. Bu məlumat sonrakı araşdırma üçün Ümumdünya Antidopinq Agentliyinə göndərilib.
İstintaqı aparan kanadalı müstəntiq Riçard Maklarenin sözlərinə görə, maliyyə sənədlərində İWF-yə daxil olan 10,4 milyon dolların hansı istiqamətdə xərcləndiyi qeyd olunmayıb. Hesabatda göstərilən ən böyük cərimə Azərbaycan Ağır Atletika Federasiyasının ödədiyi 500 min dollardı. Məlumat üçün deyək ki, həmin vəsait 2014-cü ildə 9 idmançımızın qanında yasaq maddə aşkarlandığına görə İWF-nin hesabına köçürülüb. Lakin bu məbləğ ali qurumun sənədlərində əksini tapmayıb. Həmçinin Ayanın Taylanda səfəri zamanı 18 nəğd ödəmə yolu ilə ümumilikdə 440 min dollardan çox pul topladığı bildirilir. Funksioner prezident seçkisində qalib olmaq üçün müxtəlif səlahiyyətli şəxslərə rüşvət verməkdə də ittiham olunur. İddiaya görə, o, yalnız özü yox, İcraiyyə Komitəsinə seçilməli olan tərəfdarları üçün də rüşvət təklif edib.
İttihamları rədd edən Ayan İWF-dəki maliyyə məsələlərinin Direktorlar Şurası tərəfindən qanuni əsaslarla idarə olunduğunu deyib. O, həmişə qanunlara, yazılan və yazılmayan qaydalara, idman prinsiplərinə hörmət etdiyini vurğulayıb. Macarıstanlı funksioner həmçinin Maklareni ittihamlara tam cavab verməsi üçün onu kifayət qədər məlumatlandırmamaqda günahlandırıb.
Qeyd edək ki, Tamaş Ayan məhz bu məsələlərə görə aprelin ortalarında İWF prezidenti vəzifəsindən tam uzaqlaşdırılıb.
İyunun 5-də isə insidethegames.biz saytında “Maklarenin hesabatında Azərbaycan prezidentinin Tamaş Ayana dopinq cəzalandırılmasını gecikdirdiyinə görə təşəkkür etdiyi deyilir” sərlövhəli yazı dərc olunub. Orda kanadalı professor Maklarenin İWF-nin sabiq prezidenti Ayanın quruma rəhbərlik etdiyi dövrdəki fəaliyyəti barədə iddialar üzrə müstəqil qaydada apardığı və nəticələrini açıqladığı araşdırma-hesabatda Azərbaycan idmançıları ilə bağlı məsələlərə toxunulub. İddiaya görə Azərbaycan Milli Olimpiya Komitəsi 2016-cı ildə Ayana təşəkkür məktubu yazaraq, əvvəllər etdiyi köməyə görə minnətdarlıq bildirib. Hesabata əsasən bu kömək 2013-cü ildə yasaq preparatları qəbul edərək dopinqə düşən 18 azərbaycanlı ağır atletin həmin cəzasının tətbiqinin gecikdirilməsi və onların həmin ilin dekabrında Bakıda keçirilən “Qran-pri”də iştirakına imkan verilməsindən ibarət olub. Milli Olimpiya Komitəsi bununla bağlı bəyanat yayıb: “Mütləq şəkildə bildirilməlidi ki, iddianın heç bir əsası yoxdu və absurd olduğu aşkardı. Belə ki, Ümumdünya Antidopinq Məcəlləsinə əsasən antidopinq qayda pozuntusunu törədən idmançının dopinq nəzarəti testi götürüldüyü tarixdən etibarən qərarın verildiyi günə qədər əldə etdiyi bütün nəticələri ləğv olunur. Bu isə o deməkdi ki, haqqında danışılan idmançılar onsuz da cəzalandırılıblar. Bu addım idmançının həmin müddətdə qazandığı nəticənin böyük və kiçikliyindən, yarışın nüfuz və əhəmiyyətindən asılı olmayaraq atılır. Yəni qərar qəbul olunana qədər idmançının hansısa yarışda iştirakının heç bir əhəmiyyəti yoxdu.
Bu səbəbdən də həmin hesabatda qeyd olunan bu və başqa iddialar əsassız, qərəzli xarakter daşıyır. Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbərliyi belə bir “təşəkkür” məktubu yazmayıb. MOK-un rəhbərliyinin belə məktub yazması mümkünsüzdü və bu cür iddia ilə çıxış edilməsi aşkar qərəzdən başqa bir şey deyil”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR