Sizin reklam burada

Divizionun bombardirləri çempionatın bərpasını istəyirmiş

Baxış Sayı:1 700


Musa Qurbanlı: “Əlbəttə, daha çox qol vurmaq istəyirdim”
Bərpası qərara alınan premyer-liqadan fərqli birinci divizionun yarımçıq dayandırılması və çempionun 18 turdan sonra elan olunması birmənalı qarşılanmadı. Narazılıq təkcə çempionluqla bağlı deyil. Onsuz da hazırkı durumda AFFA aşağı dəstədən hansısa komandanın elitaya yüksəlməsinə imkan verməyəcəkdi. Necə ki, bu barədə qurumun icraçı vitse-prezidenti Elxan Məmmədov məlumat verib. Yüksək dəstəyə vəsiqə qazanan olmasaydı belə, böyük əksəriyyəti gənc olan futbolçular qarşıdakı 8 turda futbol oynamaqla həm təcrübə toplamış olar, həm də oyun təcrübəsinin azlığından zəiyyət çəkməzdilər.
Daha bir diqqətçəkən məqam bombardirlər arasında gedən mübarizənin yarımçıq qalmasıdı. Ən sərrast futbolçuların siyahısına Musa Qurbanlı başçılıq etsə də (15 qol), “Keşlə-2”dən olan Elmir Rəhimzadə ilə “Zaqatala”nın üzvü Famil Camalov rəqib qapılarına “Qarabağ-2”li həmkarından 4 dəfə az yol tapmışdılar – 11 qol.
Heç şübhəsiz, mövsümün yarımçıq dayandırılması onların ürəyincə ola bilməz. Çünki mahiyyətindən asılı olmayaraq, hər bir yarışın ən “dadlı” yeri finişdi. Finişə çatmadınsa, qələbə və məğlubiyyət ləzzətini itirir. Elə isə, yarımçıq qalan bombardirlik yarışı ilə bağlı adı çəkilən “3-lüy”ün fikirlərini öyrəndik.
Musa Qurbanlı: “Şəxsən mən çempionatın davam etməsinin tərfdarıydım. Tək mən yox, futbolçuların böyük əksəriyyəti bu istəkdəydi. Bu yaşda təcrübəmizi artırmaq, inkişaf etmək üçün bizə daha çox oynamaq lazımdı. Bombardirliyə gəlincə, əlbəttə, daha çox qol vurmaq istəyirdim. Hücumçuyamsa, qol vurmalı, komandama xeyir verməliyəm. Artıq qərar qəbul olunub, edə biləcəyimiz bir şey yoxdu. Qərara hörmət etməkdən başqa çarəmiz yoxdu. Açığı, bombardirliyə görə mükafatda gözüm yox idi. Sadəcə, özüm və komandam üçün oynamaq, qol vurmaq istəyirdim”.
Elmir Rəhimzadə: “Tək mən yox, hər bir futbolçu, hücumçu bombardir adını qazanmaq istəyər. Düzdü, əsas məqsəd komandama kömək etməkdi, amma ən sərrast oyunçular sırasında yer almaq da ürəkaçandı. Ona görə də çempionatın bərpasını istərdim. Musayla aramızda 4 top fərqi olsa da, qarşıda xeyli oyun var idi. Bombardir olmaq üçün motivasiyam vardı. Edə biləcəyimiz bir şey yoxdu. Belə olması qərara alınıbsa, hörmət etməli, qaydalara riayət etməliyik”.
Famil Camalov: “Mövsümün vaxtından əvvəl yekunlaşması AFFA və PFL-in məsləhətləşib qəbul etdiyi qərar oldu. Bu addımı sağlamlığımız üçün atırlar, ona görə də hörmətlə yanaşmalıyıq. Açığı, çempionatın yarımçıq qalacağını gözləmirdim. Ona görə də gözlənilməz oldu. “Zaqatala” komandası olaraq çempionluğu hədəfləmişdik, ən pis halda ikinci pilləni. O ki qaldı bombardirlik yarışına, öncə Musanı təbrik etmək istəyirəm. Özüm də qollarımın sayını artırmaqda maraqlı idim. Həm komandama kömək etmək, həm də bombardir olmaq istəyirdim. Düzdü, mövsümün əvvəlində belə bir istəyim yox idi. Sona yaxın qolların sayı çoxaldıqca, həvəs yarandı. Nə edək, qismət belə imiş”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR