Sizin reklam burada

Futbolumuz Şaiq Həmidovu itirdi

Baxış Sayı:441


Bazar günü, səhər saatlarında yayılan xəbər futbol ictimaiyyətini dərindən sarsıtdı. Hamının böyük hörmət bəslədiyi, uzun illər AFFA nümayəndəsi kimi premyer-liqa matçlarına təyinat alan Şaiq Həmidovun dünyasını dəyişməsi xəbəri Qazaxdan Lənkərana, Naxçıvandan Qusara, Balakəndən Bakıya kimi hamını məyus etdi. Mingəçevirli funksioner 69 yaşında xəstəliyə təslim oldu.
Şaiq bəy futbol camiəsində tək-tük insanlardan idi ki, cavanlı-qocalı hamı tərəfindən qəbul edilirdi, yaşından asılı olmayaraq, hamı hörmətini saxlayırdı. Bu hörməti, sevgini isə bəziləri kimi “hörmətlə” yox, insanlığı, düzlüyü, saflığı ilə qazanmışdı. Aramızda müəyyən yaş fərqinin olmasına baxmayaraq, dəfələrlə onunla yol qoldaşı olmuşam, bir süfrə arxasında oturmuşam. Və hər dəfə də ondan yeni bir şey öyrənmişəm, nəsə görüb-götürmüşəm. Həmidov sözün əsl mənasında ziyalı idi. Kübarlara xas hərəkətləri, əsl ağsaqqqal kimi səbrli davranışı, ağıllı məsləhətləri, yaşından və statusundan asılı olmayaraq, qarşısındakına diqqət və qayğısı onu hamımıza sevdirmişdi.
Atalar demişkən, söz vaxtına çəkər. Ötən ilin bu vədələrində Rusiyanın Stavropol diyarının veteranları Azərbaycana qonaq gəlmişdilər. Sumqayıt və Bakıda bir neçə yoxlama görüşü keçirdikdən sonra Veteranlar İttifaqının rəhbərliyi qonaqların şərəfinə ziyafət təşkil etmişdi. Tədbirin əvvəlində qərara alındı ki, məclisi idarə etmək üçün “ağsaqqal” seçmək lazımdı. Bütün qafqazlılar kimi azərbaycanlıların da əksəriyyəti söz demək, məclis idarə etmək istedadına malikdi. Sadəcə, bu dəfə elə “ağsaqqal” seçilməliydi ki, fikirlərini həm rus, həm də Azərbaycan dilində dəqiq ifadə edə bilsin. Həmin adamı axtarmağa ehtiyac duyulmadı və masanın yuxarı başına Həmidov dəvət olundu. Ona qədər Şaiq bəylə bir çox tədbirlərdə birgə olduğumdan Azərbaycan dilində natiqlik qabiliyyətinə bələd idim. Ancaq özlüyümdə “görəsən, rus dilində də səlis danışa biləcəkmi”, - deyə düşünüb, diqqətimi ona cəmlədim. İlk kəlməsindən artıq hiss etdim ki, məclisin ağsaqqalı üzərinə düşən missiyanı layiqincə yerinə yetirəcək. Həmidov Azərbaycan və Rusiya, xüsusilə də Stavropol futbolunun tarixindən elə faktlar ortaya qoydu ki, şimaldan gələn qonaqların çoxu bəlkə də ilk dəfə bu haqda Bakıda eşitdilər. Həmin ziyafətdə rəhmətliyin necə vətənpərvər və diplomat olduğunu da gördüm. Sağlıqların birində o Rusiya ilə Azərbaycan arasında yaşanan dostluq əlaqələrindən danışmaqla yanaşı, incə diplomatiya ilə tarixən rusların erməniləri müdafiə etdiyini, düşmənlərimizin məhz ruslara arxayın olub bizə “diş atdığını” bildirdi. Həmin gün Həmidovun geniş dünyagörüşünə malik olduğunu bir daha özüm üçün müəyyənləşdirdim, dünya tarixindən və ədəbiyyatından çəkdiyi misallara heyran oldum.
Şaiq bəy funksioner kimi də yaddaşlarda daim qalacaq. İstər Əlillər Futbol Federasiyasının prezidenti, istər Milli Paralimpiya Komitəsində çalışdığı dönəmdə, istərsə də AFFA nümyəndəsi kimi daim etimadı doğruldub, dəfələrlə xaricdə keçirilən yarışlara yollanan nümayəndə heyətinin tərkibində yer alıb.
Mərhum ötən gün doğulduğu Mingəçevirdə torpağa tapşırılıb. Ailəsinə dərin hüznlə başsağlığı verir, doğmalarına və yaxınlarına səbr diləyirik.
Allah rəhmət eləsin.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR