Sizin reklam burada

“Give five”, yoxsa əl toxundurmaq?

Baxış Sayı:373


PFL ötən cümə 2019/20 mövsümünün Əsasnaməsinə əlavələrini publikaya açıqladı. Koronavirus pandemiyasının yaratdığı gerçəklər futbol oyunlarının təşkilində yeni şərtləri zəruri edib. Yarış iştirakçılarının, oyunların təşkilinə bu və ya başqa şəkildə qatqısı olan adamların sağlamlığının qorunması ümdə vəzifədi. PFL də dünya təcrübəsinə söykənməklə ilk növbədə bu məqamı nəzərə alıb, sağ olsun.
Amma Əsasnaməyə əlavələrə nəzər salarkən bəzi məqamlar diqqətimi cəlb etdi ki, icazənizlə onları bölüşmək istəyirəm. Təbii ki, oyunlarda azarkeşlərin iştirakına icazə verilməyəcək. Hərçənd bu məqam üzərində dartışmaq mümkündü. Ölkəmizdə stadionlara onsuz da az adamın gəldiyini, tribunaların tutumunu nəzərə alıb, heç olmasa, ümumi yerlərin 10 faizi həcmində azarkeşlərin iştirakını təmin etmək mümkün idi. Rusiyada klublar 10-15 min mövsümlük abonoment satır, klublar futbol qurumları ilə müştərək çalışmaq hesabına azarkeşlər üçün hökumətdən 10 faizlik limit alır, bizdə isə nə klublar, nə də PFL bu haqda düşünür. Belədə azarkeşlərə məxsus bannerlər klub nümayəndəsi tərəfindən tribunaya yerləşdirilməsinin nə dərəcədə effektiv olacağını da görəcəyik. Yeri gəlmişkən, azarkeşlərin içəri daxil olmasını əngəlləyəcək polisin arenanın çölündə dayanacaq fanatlara münasibətdə nə edəcəyi də bəlli deyil.
“Əvəzetmələr zamanı “give five”dən çəkinmək lazımdı” – PFL-də oturan dostlar “texniki zona qaydaları ilə bağlı təlimatlar”da məhz belə də yazıb. Şəkildən də gördüyünüz kimi, söhbət oyunçuların əvəzlənərkən razılıq əlaməti olan açıq əllərini bir-birinə toxundurmasından gedir. Məgər dilimizdə bunu ifadə edən söz birləşməsi yoxdu?
“Hakimlərlə bağlı tənzimləmələr”də yer alan 9-cu bənd də çox maraqlıdı: “hakim mübahisəli vəziyyətlər zamanı oyunçular arasında iğtişaş yarandıqda onlara fiziki təmasla müdaxilə etməməli, kənardan durub müşahidə etməlidi”.
Gəlin, belə bir mənzərəni göz önünə gətirək. Meydanda ciddi qarşıdurma yaranıb, çatan çatana ilişdirir, hakim isə qırmızı vərəqələri sıralamaqla yanaşı, hadisələrin sonunu gözləyir. Birdən dava kütləvi xarakter alsa, hamı münasibətləri aydınlaşdırmağa çalışsa, hakim bütün futbolçulara məsafədən qırmızı vərəqə göstərməklə kifayətlənəcək, yoxsa stadionda varlığı zəruri olan 25 polisin xidmətindən yararlana bilər?
Daha bir maraqlı əlavə sırf bizim işimizlə bağlıdı, yəni jurnalistlərin fəaliyyətini tənzimləyəcək.
“Media” bölməsində yer alan təlimatların 10-cu bəndində deyilir: “Oyundan sonra mətbuat konfransının təşkili qüvvədə qalır və bu zaman iclas otağında oturacaqların sayı azaldılmalı, sosial məsafə qorunmalıdı. Baş məşqçi, mətbuat katibi və ehtiyac yaranacağı halda tərcüməçi arasında sosial məsafə qorunmalıdı. Jurnalistlər sosial məsafəni qorumaq və tibbi maskadan istifadə etməklə konfransa qatıla bilər. Mətbuat konfransının gedişində qeyd olunan məqamlara riayət olunmasına konfransda iştirak edən komandanın mətbuat xidmətinin əməkdaşı nəzarət etməlidi”.
Heç kimə sirr deyil ki, bu gün ölkədaxili işıqlandırmaq üçün stadionlara təşrif buyuran jurnalistlərin sayı o qədər də çox olmur. Yəni yuxarıda təqdim etdiyim qayda, demək olar ki, bütün oyunlarda işləyəcək. Bəs 22-ci turun iyunun 26-na təyin olunan “Neftçi” – “Qarabağ” oyununda bu məsələ necə tənzimlənəcək. 25-ci turun oyunlarının nəticələrindən asılı olaraq, bu oyunun əhəmiyyəti arta bilər. Azərbaycan derbisində isə ən müxtəlif səbəblərdən həmişə jurnalistlərin sayı çox olur. Qəbul edən və ya qonaq komandanın mətbuat katibi jurnalistləri dar konfrans salonunda social məsafə qaydasını gözləməklə yerləşdirməklə məşğul olacaq, yaxsa başqa təşkilatçılıq qayğıları ilə? Məncə, bu məqam daha ətraflı izah olunmalı, fors-major hallar üçün əlyeri qoyulmalıydı.
Təbii ki, bütün bunları sadalamaqda məqsədim PFL-də çalışanların əməyinə kölgə, onları ruhdan salmaq deyil. İş olan yerdə nöqsan da olacaq, səhv də. Sadəcə, istəyirəm bütün məqamlar indidən nəzərə alınsın ki, sabah hansısa problemlə üzləşəndə “müsəlmanın sonrakı ağlı...” deməyək.
ORXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR