Nazirlər Kabinetinin ikigünlük sərt karantin qərarı ölkəmizi silkələdi. Karantin rejiminin qaydalarını tənzimləməli olan qurumlar, ilk növbədə polis əsasən işinin öhdəsindən gəlsə də, bəzi yerlərdə qeydə alınan aşırı kobudluq adamların əsəblərini gərdi və dünən da hadisələrin davamı sosial şəbəkələrdə fərqli reaksiyalara yol açdı. Etiraf etmək lazımdı ki, tarixən nizam-intizama laqeyd yanaşan Azərbaycan xalqı əməlli-başlı çətinlik yaşayır. Futbol da xalqın dünyagörüşünün, təfəkkürünün inikasıdı, gündəlik həyatda intizamlı, məsuliyyətli olmayan adamdan yaşıl meydanda eyni keyfiyyətləri ummağa dəyməz. Görünür, bir çox futbol məğlubiyyətlərimizə, hakimin final fitinə qədər davam gətirməməyimizə də elə bu prizmadan yanaşmalı, bütün məqamlarda və bütün mərhələlərdə intizamın vacibliyini dərk etməliyik.
Nazirlər Kabinetinin qərarının ən çox ziyan vurduğu, daha doğrusu, çıxılmaz duruma saldığı sahələrdən biri də futboldu. PFL rəhbərliyi iyunun ilk günündə ölkə çempionatının və kubokunun qalan oyunları üçün yenilənmiş təqvimi açıqlayanda heç bir həftə ötməmiş yeni suallar önündə qalacağını təsəvvür etməzdi. Amma gerçəklik budu ki, iyunun 1-dən açıq havada futbol yarışlarının təşkilinə icazə verən hökumət sonrakl sərt karantin qərarı ilə həm PFL-in, həm də klubların planlarını pozub. Çempionat və kubok oyunlarına hazırlıq üçhəftəlik müddətə sığmalı, planauyğun şəkildə getməliydi. Hökumətin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlabə tədbirlər barədə” qərarı bu coğrafiyaya sığışan klubların ötən həftəsonunu boşa verməsi, lazımi hazırlıq imkanından məhrum olması deməkdi. Hətta problem bununla bitsəydi, dərdyarı. İş ondadı ki, sərt karantin rejiminin bu həftənin sonluğunu, yeni həftənin Milli Qurtuluş Gününə təsadüf edəcək ilk gününü də əhatə edəcəyi deyilir. Əlbəttə, bu, dəqiqləşməmiş bilgidi. Dəqiqləşəcəyi halda ölkədaxili yarışların təşkilatçısının böyük çətinliklər yaşayacağı heç kimə sirr deyil.
PFL-in təqvimi ilə bağlı diqqəti çəkən daha bir məqam var. 21-ci və 24-cü turun oyunları bazar, 27-ci turun oyunları isə şənbə gününə təyin olunub. Hökumət həftəsonu ilə bağlı sərt karantin rejimini davam etdirəcəyi halda, meydana çıxmalı və stadiona getməli olan adamların hərəkəti ilə bağlı çətinliklər yaranacaq.
İndiki məqamda nisbətən yaxşı durumda olan yeganə komanda “Qəbələ”di. “Qırmızı-qaralar” karantin rejimindən kənarda qalan doğma rayonda növbəti oyunlara – təbii, baş tutacağı təqdirdə - arın-arxayın razılaşa bilərlər. Qalan komandaların bu durumla barışıb-barışmayacağı isə başqa söhbətin mövzusudu.
Futbolun bərpası ilə bağlı sualların sırası bitib-tükənmək bilmədiyindən son günlər, ümumiyyətlə, ölkədaxili yarışları bu vəziyyətdə dondurmaq çağırışları eşidilir ki, bu da anlaşılandı. Turnir cədvəlindəki indiki durumun yekun nəticə kimi tanınmasında ilk növbədə belədə avrokuboklara vəsiqəni təmin edəcək komandalar maraqlıdı. Hər nə qədər gizlətməyə çalışsalar da, müqavilə müddəti bitən futbolçularla problem yaşayan klublar da var. Uzunmüddətli fasilənin yol açacağı zədə təhlükəsinin, həftəsonu karantini üzündən yoxlama oyunlarını istədikləri günlərdə keçirə bilməməyin yaradacağı narahatlığı da nəzərə almalıyıq. Ümumi mənzərə budu ki, futbolun bərpası üçün nəzərdə tutulan plan hələ tam gücü ilə işləmir və hökumətin mümkün, növbəti karantin qərarı xüsusən də klubları daha da çətin vəziyyətdə qoyacaq. Şəxsən mən heç bir turnir hədəfi qalmayan hansısa komandanın meydana çıxmaqdan boyun qaçırmasına da təəccüblənmərəm. Bir halda ki aşağı dəstədə elitanın standartlarına, lisenziyalaşdırmanın tələblərinə cavab verən komanda yoxdu, kimi gətirəcəklər? Ötən yazıların birində də vurğuladığım kimi, Azərbaycan premyer-liqası MBA ilə MHL-in milli analoqudu. Sadəcə, okeanın o tayında liqaların qapalı olması ilk növbədə kommersiya prinsiplərinə söykənirsə, bizim də öz prinsiplərimiz var! Həmin prinsipin adı ...çıxılmazlıqdı!