Sizin reklam burada

Rüstəm Orucov “Selinlə kofe”nin qonağı oldu

Baxış Sayı:390


“Olimpiadadan sonra istirahət etmək üçün ailəmlə birgə Maldivə getməyi düşünürəm”
Beynəlxalq Cüdo Federasiyası “Selinlə kofe” adlanan layihə gerçəkləşdirir. Belə ki, xanım həmkarımız tanınmış idmançılarla müxtəlif suallar ətrafında söhbətləşir. Layihənin növbəti qonağı yığmamızın liderlərindən Rüstəm Orucov (73 kq) olub. Təcrübəli cüdoçu Selin xanımın ingilis dilində ünvaladığı suallara rus dilində cavab verib.
- Yarışlardan öncə yuxu görürsüz?
- Bəli, hərdən olur: həm yaxşı, həm də pis yuxular görürəm. Amma buna fikir verməməyə çalışıram. Çünki nəticənin bundan asılı olduğuna inanmıram. Yəni yaxşı yuxu gördünsə, qələbə qazanacaqsan, pis yuxu oldusa, uduzacaqsan... İstənilən halda, hər şey sənin hazırlığından və yarışa köklənməyindən asılıdı.
- Xeyriyyəçiliklə məşğul olursuz?
- İmkansızlara kömək etməyə çalışıram, uşaq evlərinə baş çəkirəm. Fikrimcə, yaxşı işlər görəndə, Allah da bunun əvəzində mütləq sənə kömək edəcək. Bu üzdən yarışlardan öncə uşaq və qocalar evinə baş çəkməyə, yardım etməyə çalışıram.
- Turnirlərdən öncə hansı musiqilərə qulaq asırsız?
- Fərqli üslublar xoşuma gəlir. Amma böyük turnirlərdən öncə əsasən motivasiya edən kompozisiyalara qulaq asıram. Bu, Azərbaycan melodiyaları da ola bilər, qərb də. Əsasən yalnız bir musiqiyə qulaq asdığımı deyə bilmərəm. Hər yarışda fərqli olur.
- Bəs filmlərlə bağlı durum necədi?
- Bura gəlməmişdən öncə izlədiyim son film “1917” olub. Britaniya ordusunun iki əsgərinin 1-ci Dünya Müharibəsi dönəmində qəhrəmanlıq göstərərək 1600 silahdaşlarını necə xilas etdikləri səhnəsi çox xoşuma gəldi. Çox təqdirəlayiq hərəkət idi. Özü də film real hadisələr əsasında lentə alınıb. Çox xoşuma gəldi.
- Sevimli aktyorlarınız var?
- Conni Depi bəyənirəm, rola tam uyğunlaşır.
- “İnstaqram”da nə qədər izləyiciniz var?
- Son dəfə 40500 və ya 40700 idi, dəqiq xatırlamıram. Gürcüstanda bir dostum var, səhifəmi idarə edir, ümumiyyətlə, sosial şəbəkələrlə bağlı mənə kömək edir.
- Cüdodan başqa nəyə maraq göstərirsiz?
- Başqa nə iləsə maraqlanmaq üçün elə də çox vaxtımız yoxdu. Boş vaxtlarımı ailəm və dostlarımla keçirirəm, səyahət etməyi sevirəm.
- Elə bir əşya var ki, səfərlərə gedəndə onu özünüzlə götürürsüz?
- Yəqin ki, bu, mənə uğur gətirən kimono kəməridi. Düzdü, bir az korlanıb, amma həmişə onu özümlə götürürəm.
- Xaricdə olarkən əsasən kimin üçün darıxırsız?
- Ailəm, uşaqlarım üçün. Hər gün onlarla danışmağa çalışıram.
- Bəs kimin üçün darıxmırsız?
- Yəqin ki, məşqçim üçün (gülür). Çünki dərhal məşq etməyə məcbur edir (gülür).
- Ən yaddaqalan məzuniyyətinizi xatırlayın...
- Bir dəfə Maldivdə oldum, çox xoşuma gəldi. Yenidən orda olmaq istərdim. Olimpiadadan sonra istirahət etmək üçün ailəmlə birgə Maldivə getməyi düşünürəm.
- Təbii ki, olimpiya arzunuz var. Oyunlar Tokioda keçiriləcək, yapon dilində danışa bilirsiz?
- Yalnız bir neçə söz bilirəm. Koniçiva (salamlama), oriqatto qozaye mass (çox sağ olun) və cüdo ilə bağlı terminlər: mate, ippon, xadjime.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR