Sizin reklam burada

Sabiqlər “Bakı”nın bazasına görə təəssüflənir

Baxış Sayı:341


Milinko Pantiç: “Atletiko”nun belə o cür bazası yox idi”
Bojidar Bandoviç: “Kaş fikirlərindən daşınıb söküntünü dayandırsınlar”
Aleksandr Starkov: “Bir çox ölkələrin həsəd apara biləcəyi baza inşa olunmuşdu”

2011-ci ildə ölkə prezidenti İlham Əliyev açılışında iştirak etdiyi “Bakı”nın təlim-məşq bazasının 9 ildən sonra yerlə yeksan olacağını bilsəydi, nə qırmızı lenti kəsərdi, nə də dəyərli vaxtının bir neçə saatını həmin tədbirə ayırardı. O vaxt hər şey o qədər gözəl və gələcək adına xoş görünürdü ki, daim idmanın inkişafına dəstək verən cənab Prezident də böyük ümidlərlə yolunu Biləcəridən salmışdı.
Lakin sonradan klub prezidenti Hafiz Məmmədovun başının üstünü alan “qara buludlar” “Bakı”nın gələcəyinə də mənfi təsir göstərdi. Büdcə azaldıldı, klubun yetirmələri başqa komandalara üz tutdu, “zolaqlılar” elita ilə vidalaşdı, akademiya məhv oldu, o boyda təlim-məşq bazası elita və birinci divizion təmsilçiləri üçün məşq məkanına çevrildi. Və bir də ayıldıq ki, dağ boyda baza sökülür, türk qardaşlarımızın şirkəti həmin ərazidə yaşayı. kompleksi inşa etməyə hazırlaşır.
Söküntü işləri zamanı çəkilən şəkil və videolara baxmaq adama ürəkağrısı verir. Həmin bazanın inşası üçün milyonlar xərclənmişdi. “Bakı”da o qədər istedadlı futbolçu yetişmişdi. Ən əsası, akademiya şəraitinə görə Qafqazda “1 nömrə” idi. Bu cür şəraitin qarşılığında şəxsi ədavət və pul davasına görə nəhəng bazanı traktorun qabağına verib sil-süpür etmək ölkə idmanı adına faciədi. Yəqin ki, ölkə başçısının yaşananlardan xəbəri yoxdu. Əks halda onsuz da Bakını cənginə alan yaşayış komplekslərindən növbəti birinin inşa olunmasındansa, akademiyanın fəaliyyət göstərməsi məqsədəuyğun sayılardı. Amma bir gün İlham Əliyevin kimlərinsə oyuncağına çevrilən o yazıq bazanın başına gələn oyunlardan xəbəri olacaq.
Görün işin harasıdı ki, vaxtilə “Bakı”nın baş məşqçisi olan tanınmış mütəxəssislər də eşidib-gördüklərinə inanmaq istəmirlər. Biləcəridəki bazanın sökülməsi onlara inandırıcı gəlmir. Söküntü işinə başlayanların fikrindən daşınacaqlarına ümid edirlər.
Milinko Pantiç: “Bilirəm, xəbərim var. Hətta bir neçə gün əvvəl saytlardan birində fotoreportajla tanış oldum. Açığı, gördüklərimə inana bilmirdim, dedim, bəlkə zarafatdı, montajdı. Bakıdakı tanışlarımla əlaqə saxlayandan sonra həqiqət olduğunu bildim. Mənim fikrimi bilmək istəyirsizsə, qısa deyəsəm, bunun adı faciədi. O boyda akademiyanı yer üzündən silməyin başqa adı yoxdu. Niyə belə oldu, kimdi günahkar – bu sualların cavabını bilmirəm. Bildiyim odu ki, necə olmasından asılı olmayaraq, “Bakı”nın bazası sökülməməliydi. Çünki o bazada, akademiyada uşaqlar yetişirdi, yetişməkdə davam edəcəkdi. Nəsə fikirləşməliydilər, amma çıxış yolu oranı söküb, yerində bina tikmək deyildi.
Bazayla bağlı xatirələrim zəngindi. İnanın, danışmaqla qurtarmaz. O vaxt ilk dəfə Azərbaycana gedəndə şərait haqda müəyyən məlumatlarım var idi, nələrsə eşitmişdim. Amma bazanı öz gözlərimlə görəndə yaxşı mənada şoka düşdüm. Heç “Atletiko”nun belə o cür bazası yox idi. “Real”la “Barselona”nın şəraiti yaxşı ola bilər, sizi inandırım, İspaniya kimi futbol ölkəsində “Bakı”nın bazası kimi baza yox dərəcəsindədi. Təbii örtüklü 3 qazon, 2 süni örtüklü -1-i üstü qapalı - meydan, hər cür şəraitə malik akademiya, müasir standartlara cavab verən otaqlar və s. Yəni nə lazım idisə, hər şey orda var idi. “Bakı”dakı ilk vaxtlarımda Hafiz Məmmədovla söhbət edəndə, o mənə gələcək planları ilə bağlı danışmışdı. Həmin planların içində bazanın ərazisində otel tikdirmək də vardı. Prezidentin istəyi futbolçu və məşqçi heyətinin ailələri ilə birgə orda məskunlaşması idi. Belə deyim, “Bakı”nı Avropa brendi etmək istəyirdi. Alınmadı...
Deməyə söz tapmıram. Çox üzgünəm. Nə olsaydı da, o cür baza və akademiya məhv olmamalıydı. Orda Azərbaycanın gələcək futbolçuları yetişməliydi”.
Bojidar Bandoviç: “Bakı”nın bazası sökülüb? Nə danışırsız? Ola bilməz! Mənim gördüyüm stadionlar, tribunalar, akademiyanın binası, qapının arxasındakı konfrans zalı olan bina – hamısı sökülür? Mən şokdayam. Həqiqətən şokdayam, nə deyəcəyimi bilmirəm (reallıqla tanış olmaq üçün bəzi suallar verir, söküntünün səbəbini soruşur – H.).
Azərbaycanı xeyli vaxtdı tərk etmişəm. O vaxtdan bu yana Taylandda işləyirəm deyə, əsas diqqətimi hazırkı işimə ayırmışam. Ona görə də “Bakı”da baş verən proseslərdən xəbərdar deyiləm. Bir ara vəziyyətin pis olduğunu eşitmişdim. Maliyyə problemi vardı, komanda elitanı tərk etmək üzrəydi. Lakin bu dərəcədə bərbad olduğunu ağlımdan keçirməzdim. O boyda bazanı necə məhv etmək olar axı? Köhnə baza olsaydı, dərdyarı. Düşünmək olardı ki, köhnəlib, bir işə yaramır. Amma “Bakı”nın bazası yeni inşa olunmuşdu. Hətta yadımdadı ki, qızlar arasında dünya çempionatına görə işləri sürətləndirmişdilər. Sonradan neçə-neçə tanınmış yığmalar orda məşq etmişdi. Yüzlərlə uşağın yetişdiyi o böyüklükdə akademiya var idi. Açığı, klub “Atletiko” ilə əməkdaşlığa başlayandan sonra daha böyük işlərin görüləcəyini düşünürdüm. Çünki Hafiz Məmmədovun gələcəklə bağlı planları geniş idi. Sən demə, hər şey kənardan göründüyü qədər gözəl deyilmiş.
Həqiqətən pis oldum. O boyda əziyyətin sonu belə olmamalıydı. Nə problem olmuşdusa belə, baza sökülməməliydi. Edə biləcəyimiz bir şey yoxdu. Adam gələcəkdə özünü futbolçu görmək istəyən uşaqlara görə pis olur. Halbuki onlar üçün hər cür şərait yaradılmalıydı. Kaş fikirlərindən daşınıb söküntünü dayandırsınlar. Bəlkə də siz yazsaz, futbol camiəsi etiraz etsə, qarşısı alınar”.
Aleksandr Starkov: “Bu barədə artıq məlumatlıyam. Dünən (srağagün) Bakıdakı tanışlarımdan biri ilə söhbətdə eşitdim. Açığı, mənim üçün gözlənilməz olmadı. Çünki proseslərdən xəbərdaram və nə vaxtsa bazanın söküləcəyini daha öncə eşitmişdim. Səhv etmirəmsə, idman mətbuatı bir neçə ay öncə bu haqda yazmışdı. Hər nə qədər normal yanaşsam da, təəssüflənməmək əldə deyil. Bazanın söküldüyünü eşitmək heç də xoş xəbər olmadı. Orda o cür şərait vardı. Bir çox ölkələrin həsəd apara biləcəyi baza inşa olunmuşdu. Meydanlar, ofislər, akademiya, yeməkxana, istilik sistemi – nə istəsən, var idi. Bazanın açılışı zamanı mən baş məşqçi idim. İndiyə kimi yadımdadı, açılış mərasimi səs-küylü alınmışdı. Hətta ölkə prezidenti də təşrif buyurmuş, klub rəhbərliyi ilə yanaşı, biz məşqçilərlə də görüşmüşdü. Nə etməli? Həyatdı, sabah nə olacağını bilmək olmur. Ona görə də hər an hər cür hadisəyə hazır olmalısan. Düzü, məni ən çox narahat edən vaxtilə akademiyada futbolun sirlərinə yiyələnən o qədər uşağın indi harda olması, nə işlə məşğul olmasıdı”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR