Sizin reklam burada

Divizion qaliblərinin mükafatlandırılması gündəmdə deyil

Baxış Sayı:417

Divizion qaliblərinin mükafatlandırılması gündəmdə deyil
Elçin Dərgahquliyev: “Bəlkə də bu qərara ən çox təəssüflənən biz olduq”
AFFA-nın İcraiyyə Komitəsinin sonuncu videokonfransından sonra premyer-liqanın gələcəyi ilə bağlı xoş xəbər verilsə də, birinci divizionla bağlı çıxarılan qərar çoxlarının “kefinə soğan doğradı”. İnsaf naminə, son ana qədər aşağı dəstənin də elita kimi davam etdirələcəyi gözlənilirdi. Çünki bunaqədərki bütün iclaslarda hər iki birinciliyə eyni gözlə baxılır, sanki biri üçün çıxarılan qərarın digərinə də şamil olunacağı ehtimal olunurdu. Nədənsə birinci divizionun bərpası məqsədəuyğun sayılmadı. Belədə “Turan Tovuz” mövsümü çempion kimi başa vurdu.
Tovuzlular çempion, lökbatanlılar autsayder oldu
“Aşağı”da mövsüm başa çatsa da, bəzi məqamların üstündən ötəri keçmək olmur. Əvvəlcə 18 turdan sonra turnir cədvəlindəki vəziyyəti diqqətinizə çatdıraq:
1. Turan Tovuz 17 12 1 4 29-18 37
2. Səbail-2 18 10 6 2 30-11 36
3. Zaqatala 17 11 2 4 36-16 35
4. Sabah-2 18 10 2 6 29-19 32
5. Neftçi-2 18 8 5 5 27-15 29
6. Kəpəz 18 8 4 6 23-19 28
7. Keşlə-2 17 7 4 6 29-22 25
8. Sumqayıt-2 17 7 3 7 19-24 24
9. Qarabağ-2 17 7 3 7 36-21 24
10. MOİK 16 5 4 7 19-22 19
11. Ağsu 18 4 1 13 13-45 13
12. Zirə-2 17 3 2 12 18-41 11
13. Qaradağ Lökbatan 18 2 1 15 10-44 7
Bombardirlər: Musa Qurbanlı (Qarabağ-2) – 15, Elmir Rəhimzadə (Keşlə-2), Famil Camalov (Zaqatala) – 11, Vidadi Cəfərov (Səbail-2), Elçin Qasımov (Turan Tovuz) – 7.
Elgiz Abbasov: “Həmin mərasimin təşkilinin videosunu əldə etmişik”
Bəli, mövsüm yarımçıq dayandırıldı və 18 turun yekunlarına görə “Turan Tovuz” mövsümün qalibi elan olundu. Məcburiyyətdən irəli gələn səbəb olduğunu anladıq. Belədə ortaya növbəti sual çıxır: mükafatçı yerləri tutan komandaların medalları təqdim olunacaqmı? Olunmayacaqsa, niyə? Olunacaqsa, nə vaxt? Mövsümün bombardirini xüsusi mükafat gözləyirmi?
Qaranlıq məqama aydınlıq gətirmək üçün PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasovu aradıq: “Bildiyiniz kimi, İcraiyyə Komitəsinin qərarına əsasən birinci divizionda mövsüm nəzərdə tutulandan daha erkən başa çatdı və qalib komanda kimi “Turan Tovuz” elan olundu. Qalibin mükafatlandırılmasına gəlincə, daim Avropadakı həmkar qurumlarla əlaqədə oluruq, konfranslarda iştirak edirik. Deyərdim ki, çempionatın qalibi elan olunan liqalarda mükafatlandırma ilə bağlı sual cavabsız qalmaqdadı. Mükafatlandırmanın olub-olmayacağı, olacağı təqdirdə nə vaxt olacağı hələ bəlli deyil. Tək bizdə yox, hər yerdə belədi. Düzdü, belə bir fikrimiz var, bir neçə dəfə müzakirə olunub. Amma hazırda aktual məsələ kimi gündəmdə deyil. Razılaşaq ki, bu gün üçün daha vacib məsələlərin həlli var. Bu barədə hansısa yenilik olsa, ictimaiyyətə məlumat veriləcək. Haşiyə çıxaraq bildirim ki, fasilə dönəmində yalnız bir dəfə mükafatlandırmanın şahidi olmuşam. Avstriya kubokunun final matçını və oyundan sonrakı mükafatlandırma mərasimini nəzərdə tuturam. Şəxsi əlaqələrimiz hesabına həmin mərasimin təşkilinin videosunu əldə etmiş, baxmışıq. Anons olaraq internet qaynaqlarında görmək mümkündü, amma səhnənin arxa, yəni görünməyən tərəfi bizdə var. Nə vaxtsa ondan təcrübə kimi yararlanmağımız mümkündü”.
“Qaradağ Lökbatan”ın çalışdırıcısı üzgündü
Tunir cədvəlindəki vəziyyətə baxanda çempionluq uğrunda “Turan Tovuz”a mane ola biləcək komandalar kimi “Səbail-2”, “Zaqatala” və “Sabah-2”ni görmək mümkündü. İki komandanın əvəzedicilər olduğunu nəzərə alsaq, ən çox təəssüflənən zatalalalılar olmalıdı ki, klubun İdarə Heyətinin sədri Musa Qurbanov qəzetimizin ötən sayına açıqlamasında mövqeyini bildirmişdi.
Maraqlıdı, autsayder “Qaradağ Lökbatan”ın qərara münasibəti necə oldu? 18 oyunda cəmi 7 xal toplayan qəsəbə təmsilçisinin məşqçi və futbolçu heyəti məntiqlə sevincli görünməlidi. Bir var sona qədər qapazaltı statusu ilə çıxış edəsən, bir də var mövsüm erkən başa çatsın, canın dincəlsin.
Amma yox. Komandanın baş məşqçisi Elçin Dərgahquliyev bizimlə söhbətdə çempionatın erkən başa çatmasına ilk gündən qarşı olduğunu söylədi: “Düzü, belə olacağını heç gözləmirdim. Son günə qədər premyer-liqa ilə yanaşı, birinci divizionun və 19 yaşlıların çempionatının davam etdiriləcəyi gözlənilirdi. İş elə gətirdi ki, yalnız yüksək dəstənin bərpası qərara alındı. Bəlkə də sonuncu pillədə olduğumuza görə sevindiyimizi düşünənlər var. Səmimiyyətimə inanın, bəlkə də bu qərara ən çox təəssüflənən biz olduq. Çünki qarşımızda turnir cədvəli ilə bağlı hədəf yox idi. Bir hədəfimiz var idi, o da gənclərə şans vermək, inkişafına yol açmaq. Vallah, qərara qətiyyən sevinmədik. Əksinə, uşaqların futbolsuz qaldığına görə üzülürəm.
Belə vəziyyətdə futbolçuların gələcək taleyi maraq doğurmaya bilməz. Üç aydı futbolsuzuq, bundan sonrakı fasilə Allah bilir nə qədər çəkəcək. Yaxşı ki, gənc və perspektivli uşaqlarla müqaviləmiz var. Getmək istəyənlər yaxınlaşıb getmək istədiyini deyir, halallaşıb ayrılırıq. Bəzi futbolçularımız başqa klublardan təklif alsalar da, bu haqda bizə məlumat veriblər. Çox güman, yola bizimlə davam edəcəklər”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR