Sizin reklam burada

Koronavirus: Gürcüstan qalib gəlir, Azərbaycan zülm çəkir

Baxış Sayı:319


Nicat Qurbanov: “Maska ilə əlcək bir tərəfə, insanların çoxu tibbi eynəklərdən istifadə edirdilər”
Koronavirus pandemiyası ilə bağlı ölkə ərazisində martdan başlayan gücləndirilmiş karantin rejimi yaxşı mənada nəticəsini göstərməkdəydi. Lakin qadağaların tədircən yumşaldılması, iş yerləri, kafe və restoranların fəaliyyətini bərpa etməsi, bununla da insanların kütləvi şəkildə bir yerə yığışması yoluxma və ölüm sayındakı rəqəmlərin kəllə-çarxa qalxması ilə nəticələndi. Vəziyyət sözün əsl mənasında qəlizləşir.
Dünən Nazirlər Kabineti yanında Operativ Qərargah həftəsonları ilə bağlı sərt qərar qəbul etdi. Evdən bayıra çıxmaq qadağandı! Həftəsonu yasaqlarının hansı müddəti əhatə edəcəyini, təbii ki, yoluxma və ölüm sayı müəyyənləşdirəcək. Bu şəkildə davam edəcəyi təqdirdə futbola da təsirsiz ötüşməyəcəyi gün kimi aydındı.
Belə baxanda ilk vaxtlar Gürcüstandakı durum da bizdəki kimi idi. Yoluxanlar da vardı, dünyasını dəyişənlər də. Lakin ölkə rəhbərliyinin tətbiq etdiyi sərt qadağalar sayəsində orda durum yaxşıya doğru dəyişdi. Və bu gün qonşu ölkədə ölüm yox dərəcəsinə enib, gündəlik yoluxanların sayı bir əlin barmaqlarına sığacaq qədər azdı. Elə bu sətirləri yazanda bir daha maraq üçün qonşu ölkənin koronavirus statistikasına baxdım. Orda sutka ərzində qeydə alınan 1 yoluxma ümumi sayı 801-ə çatdırıb, Gürcüstanın 13 koronavirus qurbanı var.
Gürcülər koronavirus üzərində qələbəyə necə nail oldular? İnsanlar hansı üsullardan yararlandılar? Gürcüstanda yaşananları ordakı həmyerlimiz, həm də hal şahidi olan Nicat Qurbanovla söhbətdə öyrəndik. “Samtredia”nın futbolçusu yaşadığı ölkədəki durumu bu cür nəql etdi: “Gürcüstanda koronavirus söhbəti fevralın sonu, martın əvvəlindən var idi. İnanmayanlar olsa da, inanan, özünü qoruyanlar çox idi. Martın 22-dən etibarən dövlət karantin rejiminə başladı. İlk dönəmdə axşam 9-dan sonra bayıra çıxmaq yasağı qoyulmuşdu. Bununla yanaşı, 3 nəfərdən artıq adamın bir yerdə olması qadağan idi. Baxırdın ki, hamı tək-tək harasa qaçır, tələsir. Üç yox, hətta iki nəfərin bir yerdə harasa getməsinə nadir halda rast gəlirdik. Maska ilə əlcək bir tərəfə, insanların çoxu tibbi eynəklərdən istifadə edirdilər. Hiss olunurdu ki, adamlar narahatdılar, özlərini qoruyurlar. Yəqin xəbərdarsız ki, Qafqaz regionunda ən az yoluxma və ölüm sayı Gürcüstandadı. Bu da dediyim səbəbdəndi: dövlətin tətbiq etdiyi karantin rejimi və adamların qadağalara riayət etməsi.
Koronavirusun varlığına inanmayan insanlar var, hətta bunun üçün müxtəlif əsaslar gətirirlər. Amma bu qədər ölüm və yoluxma varsa, deməli, nəsə var. Tiflisdə olsam da, Bakıda yaşananları izləyirəm, oxuyuram, görürəm. SMS-lə bayıra çıxmaq qadağası aradan götürülən kimi hamı şəhərə axışdı, restoranlarda boş yer yoxdu, küçədə adam əlindən tərpənmək olmur. Belədə həm itki sayı çoxalacaq, həm də yoluxanların sayı. Bilirsiz, gürcülərlə bizim fərqimiz nədədi? Burda qoyulan qadağalara insanlar əməl edir, inanır, özlərini qoruyurlar. Bizdə isə adi maska taxmağı özlərinə əziyyət bilirlər, harasa getmək üçün hər cür yollara əl atırlar. Burda da karantin rejimi yumşaldılandan sonra müəyyən qədər artım oldu, amma Azərbaycandakı qədər deyil. Azərbaycanda gündəlik yoluxma sayı 300-ə çatıbsa, burda ən pis halda 15-20 nəfər olur. Hər şey insanın özündən asılıdı. Qaydalara əməl etmədikcə, özlərini qorumadıqca, sıxıcı həyat davam edəcək. Bu bəladan qurtulmaq üçün mütləq qorunmaq lazımdı”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR