Sizin reklam burada

Adil dayı qalsaydı...

Baxış Sayı:330


O dünya, axirət haqda söhbətlər bəzən adamı bezdirsə, qorxutsa da, ruhun yaşaması fəlsəfəsi məni həmişə cəlb edib. Və həmin fəlsəfə gerçəkdisə, onda bazar ertəsi Adil dayının ruhu narahat oldu. Təkcə gəncəli azarkeşlərin yox, bütün futbol həvəskarlarının yaddaşına sifətinin xoş cizgiləri yazılan Adil Məmmədovu deyirəm. Elxan Məmmədov onun sevimli “Kəpəz”inin 2018-də vidalaşdığı elitaya bu il də həsrət qalacağını dediyi gün Adil dayının “il”i tamam olurdu...
“Xərçəng” onu aramızdan tez apardı. Hər belə azarkeşin gedişi təkcə tutduğu klub yox, Azərbaycan futbolu üçün də böyük itkidi. Axı məhz Adil dayı heç kimdən və heç nədən çəkinmədən acı həqiqətləri daim dilə gətirirdi, kiminsə qəzəbinə tuş gəlməkdən çəkinmirdi, bəzən buna görə hətta tənələrlə üzləşirdi. Bununla belə, 60 yaşlı veterana uyğun olmayan şövq, ehtiras və həvəs ilə ətrafına “Kəpəz”in çılğın azarkeşlərini yığır, onlara amiqoluq edir, sevimli komandasının Bakıda və respublikanın başqa şəhər-rayonlarında tək qalmasına imkan vermir, maqnit kimi Gəncə futbolunu sevənləri arxasınca aparırdı...
Ömrün son illərini arzuladığı kimi keçirə bilmədi. “Xərçəng”in amansız pəncəsi altında əzilmədi, daim döyüşdə, əcələ cırmaq atdı, əməliyyat masasına dəfələrlə uzanmalı oldu. Amma bir gün də “Kəpəz”i, Gəncəni unutmadı, uğurlara və uğursuzluqlara biganə qalmadı. Mənə elə gəlir ki, Adil dayının bu komandanın üzərində böyük haqqı var. Və həmin haqqı halal etməyin yeganə yolu ölkə futbolunun elitasına dönməkdi. Özü də AFFA rəhbərliyinin, Elxan Məmmədovun lütfü hesabına yox, yaşıl meydanlarda qazanılan qələbələr hesabına. Onda Adil dayının ruhu rahatlıq tapacaq...
ORXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR