Sizin reklam burada

Bazileviç Bakıda gördüklərindən şoka düşübmüş

Baxış Sayı:806


“Yaşar müəllim, sizdən xahiş edirəm, Kiyevə ilk təyyarəyə mənə bilet təşkil edin”
İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər-istəməz köhnə günlərini yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini futbola həsr edən insanlarla söhbət edir, yaddaşlarına əbədi həkk olunan baməzə hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı uzun illər “Dinamo” və “Bakı”da rəhbər vəzifələr tutmuş, ölkənin təcrübəli klub funksionerlərindən sayılan Yaşar Seyidovdu. Hazırda “İsgəncər Cavadov Bakı Futbol Akademiyası”nda çalışan Yaşar bəylə bir yerdə ötən illərə qayıtdıq.
Bazileviçin “doğum günü” üçün Bakıya gəlməsi
“Bakı”nın əvvəlki hüquqi sələfi “Dinamo” ölkə çempionatında ikinci pillənin sahibi kimi avrokuboklarda çıxış etmək hüququ qazanmışdı. Həmin dönəmdə rəhbərlik daha da iddialı olmaq qərarı verdi və bu məqsədlə Ukraynadan Oleq Bazileviç Bakıya dəvət olundu. Baş məşqçi kimi ona yaxşı maliyyə təklifləri irəli sürüldü. Hətta qərara alınmışdı ki, “Dinamo”nun bazasında yığmanı formalaşdırsın. Gənc və perspektivli futbolçuların komandaya cəlb olunması da nəzərdə tutulmuşdu. Bazileviç təklifi qəbul edib Bakıya gəldi. Rəhbərliklə görüşəndə təklifi qəbul etdiyini bildirdi. Ancaq komandanın məşq etdiyi stadionu, çempionat matçlarının keçirildiyi arenaları canlı görmək istədiyini söylədi. Bazileviçlə bir yerdə “Tofiq Bəhramov”a, əvvəlki adı “Termist” olan, sonradan “Şəfa” adlandırılan, “Bakı fəhləsi”nin məşq etdiyi Bakıxanovdakı stadionlara baş çəkdik. Gəzintidən sonra onunla nahar etdik. Çörək yeyən zaman ukraynalı mütəxəssis “Yaşar müəllim, sizdən xahiş edirəm, Kiyevə ilk təyyarəyə mənə bilet təşkil edin” deyib, qısa vaxtda Bakını tərk etmək istəyində olduğunu vurğuladı. Onu da əlavə etdi ki, belə şəraitdə heç vaxt işləyə bilməz. Təbii ki, mən ona etiraz etdim və öncə otelə getməli olduğumuzu, rəhbərliyə bu barədə məlumat verməyə borclu olduğumu bildirdim. Bazileviç üçün “İnturist”də yer ayrılmışdı. O vaxt da “Dinamo”nun İdarə Heyətində Daxili İşlər Nazirliyindən Nizami Qocayev, “Səttarxan” adına zavodun direktoru Əyyam Musayev və bir çox nüfuzlu adamlar yer almışdı. Nə isə, ukraynalı məşqçi mənimlə razılaşdı, restorandan sonra otelə qayıtdıq. Otelə daxil olanda bir nəfər Bazileviçi tanıdı və onunla görüşdü. Söhbət əsnasında ona xoş sözlər dedi, Bakıya gəlişinin səbəbi ilə maraqlandı. Ukraynalı da özünü sındırmayaraq, “Yaşar köhnə dostumdu, onun doğum gününü təbrik etmək üçün gəlmişəm” dedi. Həmin adamdan ayrılan kimi tanınmış məşqçi üzünü mənə tutaraq “xahiş edirəm, mənim Bakıya gəlişimi heç kim bilməsin, mətbuatda bu haqda bir kəlmə də yazılmasın” söylədi. Onun hansı vəziyyətə düşdüyünü görüb, həmin andaca hava limanına apardım və Kiyevə yola saldım.
Bolqarları həyəcan keçirməyə vadar edən Hacı
“Bakı” ölkə çempionu kimi Çempionlar Liqasında Bolqarıstan təmsilçisi “Levski” ilə qarşılaşırdı. Səfərdə keçirilən oyun yerli telekanalların biri ilə canlı yayınlanırdı. Matçdan öncə komanda meydana çıxıb isinmə hərəkətləri edirdi. Bu vaxt bizim əməkdaşlardan biri də futbolçulara qoşularaq məşq etməyə başladı. Onun da çəkisi çox idi. “Vid-fason”undan görünürdü ki, bu çəkidə futbolçu olmaz. Sadəcə, özü üçün komandanın formasının arxasına “99 nömrə” yazdırıb və əyninə geyib. Qyoko Hacievski nə qədər çalışsa da, onu meydandan çıxara bilmdədi. Həmin an mən də “Levski”nin prezidenti ilə yanaşı dayanıb məşq edən komandalara baxırdım. Elə bu vaxt şərhçi kabinəsindən əlaqə saxlayıb, “99 nömrə”nin kim olduğu ilə maraqlandılar. Onu da bildirdilər ki, sifariş ərizəsində bu nömrə altında futbolçunun adı qeyd olunmayıb. Mən də cavabında söylədim ki, onlara deyin, həmin futbolçunun adı Hacıdı və bizim hücumda əsas qol silahımızdı. Bolqarlar əməlli-başlı təlaşlanmışdılar.
“UEFA kubokunu Bakıya gətirməliyik”
“Dinamo”nun avrokuboklara yollanacağı dəqiqləşib və klubun İdarə Heyətinin toplantısı keçirilir. İclasda rəhmətlik Əyyam Musayevlə yanaşı, Daxili İşlər Nazirliyindən bir neçə general, zavod direktorları və o vaxtkı deputatlardan da iştirak edirdilər. Klubun prezidenti olan Musayev iclasın əvvəlində çıxış etmək üçün mənə söz verdi. Tribunaya çıxıb ilk dəfə qitəmiqyaslı turnirlərdə iştirak etdiyimizi toplantı iştirakçılarının nəzərinə çatdırdım və onu da əlavə etdim ki, təcrübəsiz olduğumuzdan böyük hesabla uduzmamağa çalışacağıq. Sözümü bitirmişdim ki, iclasda iştirak edənlərdən biri - adını indi çəkmək istəmirəm – söz verilmədən tribunaya çıxdı və mənim söylədiklərimə cavab olaraq “Yaşar nə danışdığını özü də bilmir. Necə yəni məqsədimiz böyük hesabla uduzmamaqdı” deyib əlini zalda oturanlara uzadaraq “adam deyirsən, varımızdı, pulla bağlı da problem yoxdu. Ona görə də UEFA kubokunu Bakıya gətirməliyik” söylədi və Əyyam müəllimə tərəf çevrildi. Rəhmətlik bir neçə saniyə onu süzüb “sən bilirsən UEFA kubokunda mübarizə aparan komandaların heyətində çıxış edən futbolçuların qiyməti neçəyədi? Onların arasında eləsi var ki, onun satış qiymətinə nəinki bizim komandanın, ölkə çempionatında mübarizə aparan bütün klubların illik xərcini qarşılamaq olar” dedi. Ondan sonra həmin şəxs başa düşdü ki, UEFA kuboku sıradan bir turnir deyil.
“Xəzər Lənkəran”ın loqosu əvəzinə dovşan şəkli
Bildiyiniz kimi, “Bakı”nın “Xəzər Lənkəran”la bütün qarşılaşmaları gərgin ab-havada keçirdi. Bir dəfə yenə Bakıda Lənkəran klubu ilə qarşılaşmalıyıq. Həmin oyuna bilet çapı da klubda çalışan yoldaşlardan birinə tapşırılıb. Həftəiçi keçirilən klubdaxili iclasda ona bu yöndə tapşırıq verildi. Görüşə bir neçə gün qalmış mənə zəng vurub bildirdi ki, biletlər hazırdı və aparıram “Tofiq Bəhramov”un kassalarına təhvil verim. Nə deyə bilərəm, “lap yaxşı” söyləyib, razılığımı bildirdim. Onunla danışandan bir saat sonra Tuyqun Nadirovdan zəng gəldi. Dedi ki, klub olaraq bilet çapına görə bəyanat yaymışıq. Əsəbi formada “bizə qarşı düz addım atmamısız, bu nə biletlərdi satışa çıxarmısız” deyib iradını bildirdi. Mənim də heç nədən xəbərim olmadığından “burda nə var ki, adi biletlərdi. Həmişə neçə, indi də eyni biletləri çap etmişik” cavabını verdim. Tuyqun bir qədər də əsəbi şəkildə “siz, ümumiyyətlə, biletə baxmısız” deyəndə şübhələndim. Öz-özümə “görəsən, biletdə nə var ki, “Xəzər Lənkəran” rəhbərliyi belə əsəbidi”, - deyə düşündüm. Elə həmin an Nadirov biletin şəklini mənə göndərdi. Baxıram ki, bizim bilet çapı ilə məşğul olan yoldaş Lənkəran klubunun loqosunun əvəzinə biletə “Nu poqodi” cizgi filmindəki dovşanın şəklini qoyub. Onun da ayağının altında top. Həmin adama zəng vurub “bu nə hərəkətdi etmisən” sualını verdim. Futboldan uzaq adam olduğundan klub atributunun nə olduğunu bilmədiyinə görə mənə “burda nə var ki, gül kimi şəkildi” cavabını verdi. Artıq ona deməyə söz tapmadım. Həmin hadisəyə görə Lənkəran klubu ilə münasibətlərimiz bir az da korlandı.
Moldavanlar hələ də topu axtarırlar
Moldova təmsilçisi “Daçiya”ya səfərdə penalti seriyasında uduzub Bakıya qayıtmışıq. Ertəsi gün bazada qarşılaşmanın təhlili oldu. Təhlil vaxtı hamı düşdü Ramal Hüseynovun üstünə ki, niyə penaltini dəqiq yerinə yetirməmisən. O da topu düz qapıçının üstünə vurmuşdu. Futbolçular “o boyda qapıda boş yer tapa bilmədin ki, belə səhvə yol verdin” deyib, məğlubiyyəti onun üstünə atmağa çalışırdılar. Ramal da söz altında qalan deyil axı. Ayağa durub “hamınız düşmüsüz mənim üstümə. Yenə mənim zərbəmdən sonra top qapıçının üstünə getdi. Rafael Əmirbəyovun zərbəsindən sonra moldavanlar hələ də topu axtarırlar” deyib, təkcə özünün günahkar olmadığını sübut etməyə çalışdı. Doğrudan da, Əmirbəyovun zərbəsindən sonra top stadionu da aşıb, arenanın yaxınlığındakı binaların həyətinə düşmüşdü.
“Məni bura dəvət edib, yalandan pul verməyin nə mənası var?”
Bir dəfə kluba yeni əcnəbi məşqçi dəvət olunmuşdu. Onunla klub rəhbərliyinin tanışlıq xarakterli görüşü zamanı rəhbərlikdə təmsil olunanlardan biri lövhənin qabağına keçərək, “siz Avropada başqa sistemlə oynayırsız. Bizdə isə futbol fərqlidi. Məsələn, biz bu futbolçunu burda oynadırıq, o birisini filan mövqeyə çəkirik, hücuma belə çıxırıq, müdafiəni belə qururuq” deyib, lövhədə müxtəlif sxemlər çəkməyə başladı. Yeni əcnəbi məşqçi həmin şəxsin fikirlərini dinlədikdən sonra “bəli, doğrudan da, Azərbaycanda fərqli futbol oynayırlar” söyləyib, bayaqdan çıxış edən adama meydanda 12 futbolçunu qeyd etdiyini dedi. Və ardınca “görürəm özünüz taktika müəyyənləşdirib, özünüz də qərar verirsiz. Belə olan halda daha mənə nə ehtiyac var idi? Məni bura dəvət edib, yalandan pul verməyin nə mənası var” deyincə, bayaqdan odlu-alovlu çıxış edən, taktikadan, sistemdən danışan adam qıpqırmızı oldu.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR