Sizin reklam burada

“CBC Sport” öz “məhsul”unu heç kimə verməyəcək

Baxış Sayı:371


Telekanal yoldaşlıq görüşlərini göstərməyi planlaşdırır
İyunun 21-də çempionatın bərpa olunacağı haqda qərar “CBC Sport”un işini xeyli çətinə salıb. Premyer-liqanın yayın hüququna sahib tək telekanalın çətinliyi qarşıdakı 8 turun hər birində bütün oyunlarının eyni gündə keçirilməsi olacaq. Bu isə canlı yayın məsələsini hərtərəfli mürəkkəbləşdirir. İstər güc, istər zaman, istərsə də texniki təminat baxımından çatışmazlıq özünü göstərəcək.
Məlum məsələdi ki, iyunun sonlarında havalar yetərincə isti keçəcək. Belədə oyunların başlama vaxtı axşam saat 6-dan sonranı əhatə edəcək. Belə olacağı halda isə “CBC Sport”un hər cür imkanı olsa da, 4 oyunu ekrana daşıması mümkünsüzə çevriləcək. Ən yaxşı halda fasilələrlə yayın ola bilər ki, effektivlik istədiyimiz kimi olmayacaq. Odu ki, telekanal rəhbərliyi hər turda iki oyunun göstərilməsini məqsədəuyğun sayıb.
Belə olan halda da ortaya müəyyən suallar çıxır. Əsas suallardan biri matçların hansı meyarlara görə seçiləcəyidi. Mövsümün sonu olduğunu nəzərə alsaq, heç şübhəsiz, əsas mübarizə medallar uğrunda yarışan komandalar arasında gedəcək. Bu isə o deməkdi ki, əsasən yuxarı pillələrdə yer alanların oyunları yayınlanacaq. Bəs autsayderlər? Məsələn, “Səbail”, “Qəbələ” kimi komandalar? Məgər onların azarkeşləri televizor qarşısında oturub sevimli komandalarını dəstəkləməyi haqq etmir?
Suala cavabı “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasovla söhbətdə almağa çalışdıq: “Oyunlar bir gün ərzində keçirildiyi üçün “CBC Sport” gün ərzində iki oyunu canlı yayınlamaq imkanına malikdi. O vaxta qədər yoldaşlıq görüşləri keçiriləcək ki, hazırda həmin matçların göstərilməsi ilə bağlı müzakirələr davam edir. Bacardığımız qədər məhsuldar olmaq istəyirik. O ki qaldı çempionat oyunlarının hansı meyarlara görə seçiləcəyinə, əsas göstərici turnir cədvəlindəki vəziyyət olacaq. Yəni daha çox mərkəzi qarşılaşmaları göstərməyi planlaşdırırıq. Lakin bu o demək deyil ki, başqaları, məsələn, autsayderlər kənarda qalacaq. Mövsümün sonuna qədər premyer-liqadakı 8 komandanın hamısının oyunu canlı yayınlanacaq”.
“CBC Sport”un gün ərzində iki oyunu göstərmək imkanına malik olması anlaşılandı. Lakin vəziyyətdən çıxmaq üçün müxtəlif yollar var. Məsələn, qalan iki qarşılaşmanı başqa telekanalların canlı göstərməsinə şərait yaratmaq olar. Bu mənada uzun illər premyer-liqanı yayınlayan “İdman” TV-nin və ya “CBC Sport”un ”böyük qardaşı” “CBC İnternational”ın adı ağla gəlir. Maraqlıdı, “CBC Sport” azarkeşlərin marağını nəzərə alıb, adı çəkilən telekanallarla müvəqqəti əməkdaşlıq etmək ideyasına necə baxır? Belə bir şey mümkündümü? Abbasov suala sualla cavab verdi: “Nə demək istədiyinizi anladım. Cavab olaraq sizə sual verim. Deyək ki, “Futbol+” eksklüziv xəbər və ya müsahibə əldə edib. Lakin bugünkü sayda dərc edə bilməmisiz, sabaha saxlamısız. Belə olan halda oxucu, yaxud azarkeş marağını əsas götürüb, həmin özəl xəbərin başqa qəzet, ya da saytda yayınlanmasına razı olarsız? Razılaşaq ki, etməzsiz, heç kim etməz. Ona görə də dediyiniz ideya ağlabatan deyil. Çempionatın yayın hüququ “CBC Sport”a məxsusdusa, “CBC Sport” da oyunları göstərməlidi”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR