Futbolun bərpası ilə bağlı verilən qərar hər nə qədər sevindirici olsa da, bəzi klub rəhbərlərinin işini çətinə salıb. Müqavilə müddəti bu il mayın və iyunun sonunda başa çatan oyunçular var ki, onların qarşıdakı 8 çempionat və kubok oyunlarında meydana çıxmaqdan imtina etməsi başadüşüləndi. Mənəvi cəhətdən normal qəbul olunmasa belə, hüquqi cəhətdən haqlıdılar.
Məsələn, “Neftçi”dəki Vild-Donald Gerye nümunəsi. Anlaşma müddəti başa çatmışdı, sözləşməsinin maya qədər olduğunu əsas gətirib, getdi. Əminliklə deyə bilərik ki, xüsusən də legionerlərlə bağlı eyni hal başqa klublarda da yaşanmaqdadı. Azərbaycanı pul üçün seçənləri çempionatın başa çatması yox, qazandıqları para və canlarının sağlamlığı düşündürür.
Məsələn, “Neftçi”də müqavilələrin müddətinin uzadılması prosesinə start verilib. “Sabah” 6 futbolçunun razılığını alıb. “Zirə”nin baş məşqçisi Zaur Həşimov müqavilə müddəti başa çatan futbolçularla razılığa gəldiklərini deyir. “Sumqayıt”la “Qəbələ”nin də bu baxımdan probleminin olmadığını deyə bilərik.
Belədə üç klub qalır: “Qarabağ”, “Keşlə” və “Səbail”. Xüsusən medallar uğrunda mübarizə aparan və heyətində kifayət qədər əcnəbi olan ilk iki klubdakı durum olduqca maraqlıdı. Adı çəkilən klubların mətbuat katibləri ilə söhbətdə anlaşma müddəti başa çatan futbolçuların durumu ilə maraqlandıq.
Nurlan İbrahimov (Qarabağ): “Müqavilə müddəti başa çatan futbolçularımız Rəşad Sadıqov, Araz Abdullayev, Abbas Hüseynov, Aylton Silva, Vaqner da Silvadı. Hər biri də mövsümün başa çatmasına 8 tur qaldığını dərk edir. Ona görə də indiki vəziyyətdə kim(lər)insə komandadan ayrılması real deyil. Artıq ilk məşqdə bütün futbolçular baş məşqçi Qurban Qurbanovun sərəncamında olmaqla qarşıdakı oyunlarda “Qarabağ”a kömək edəcəklərini göstərdilər. Çempionatın sonuna yaxın müqavilə müddəti başa çatan futbolçuların məsələsinə baxılacaq”.
Murad Axundov (Keşlə): “Bizdə çox sayda futbolçunun müqavilə müddəti başa çatır. Hazırda onların hər biri ilə danışıq aparılır ki, yaxın günlərdə anlaşması yenilənən futbolçuların adlarını açıqlayacağıq. İyunun 1-dən etibarən Stanislav Namaşko xaric, bütün futbolçular məşqə çıxır, çempionat oyunlarına hazırlaşır. Belə deyim, kimlərinsə çempionat oyunlarına çıxmaqdan imtina etməsi real deyil. Çünki danışıqlar müsbət yöndə davam edir”.
Törə Əhmədova (Səbail): “Klubla müqavilə müddəti bitən futbolçuların sayı elə də çox deyil. Lakin indiki halda hansısa məlumat verə bilməyəcəm. Futbolçularla danışıqlar davam etdirilir. İyunun 8-dən sonra bu məsələ barədə nəsə demək olar”.
HƏBİB