Sizin reklam burada

Klublar Komitəsi “davam” qərarı verdi

Baxış Sayı:329


Bazar günü AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında ikinci iclası keçirilib. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, premyer-liqa klublarının rəhbər şəxsləri və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko iclasda iştirak edib.
Elxan Məmmədov iclası açaraq ölkədə koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması, pandemiya dövründə vətəndaşların sağlamlığı naminə dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərlə əlaqədar futbol ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. 2020-ci il iyunun 1-dən etibarən premyer-liqa klublarının məşqlərinin, habelə 2020-ci il iyunun 21-də premyer-liqa və Azərbaycan kuboku oyunlarının bərpası
2. Premyer- liqa klublarının futbolçu və məşqçi heyətinin həftəlik COVID-19 testinə cəlb olunması
3. Premyer-liqa və kubok oyunlarının bərpası ilə bağlı oyun təqviminin müzakirəsi
4. Oyunlar bərpa olunduqdan sonra hər hansı futbolçu və ya məşqçinin COVID-19 testi müsbət nəticələnəcəyi təqdirdə atılacaq növbəti addımlar
5. COVID-19 pandemiyası ilə bağlı klub və futbolçular arasında imzalanmış mövcud müqavilələrə müvafiq bəndlərin əlavə olunmasının müzakirəsi
6. Digər məsələlər
İcraçı vitse-prezident gündəlikdəki məsələlər barədə danışaraq qeyd edib ki, müzakirəyə çıxarılan mövzular əvvəlcədən klublara göndərilib. Sonra PFL-in prezidenti Ramin Musayev fikirlərini bildirib. Premyer-liqa klublarının rəsmiləri gündəlikdəki bütün məsələlər barədə çıxış etdikdən sonra AFFA-nın baş həkimi Vyaçeslav Xomenko mövcud vəziyyətdə sanitar-gigiyenik qaydalara riayət olunmasının və COVID-19 testinin vacibliyi barədə danışıb.
Ətraflı müzakirələrdən sonra aşağıda qeyd olunanlarla bağlı razılıq əldə olunub:
1. 2020-ci il iyunun 1-dən etibarən premyer-liqa klublarının məşqləri, 2020-ci il iyunun 21-də premyer-liqa və Azərbaycan kuboku oyunları bərpa olunsun.
2. Premyer-liqa oyunlarının bərpasından əvvəl klubların futbolçu və məşqçi heyəti mütləq şəkildə COVID-19 testinə cəlb olunsun. Sonrakı dövrlərdə testin təkrar keçirilib-keçirilməməsi barədə qərarı hər klub fərdi qaydada qəbul edə bilər.
3. Premyer-liqa və kubok oyunlarının təqvimi PFL tərəfindən hazırlanaraq yaxın günlərdə klublara göndəriləcək.
4. Oyunlar bərpa olunduqdan sonra hansısa futbolçu və ya məşqçinin COVID-19 testi müsbət nəticələnəcəyi təqdirdə, AFFA müvafiq dövlət strukturları ilə danışıqlardan sonra müvafiq təlimatlara uyğun hərəkət edəcək.
5. COVID-19 pandemiyası ilə bağlı klub və futbolçular arasında imzalanan mövcud müqavilələrə müvafiq bəndlərin əlavə olunması PFL və klublar arasında müzakirə olunacaq.
Qeyd olunanlarla yanaşı, iclasda məşqlərin və oyunların təşkili zamanı texniki proseslər ətraflı müzakirə olunub, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət olunmasının vacibliyi xüsusi vurğulanıb. Klublar Komitəsinin iclasında müzakirə olunan bir sıra məsələlər yekun qərarların qəbul olunması üçün İcraiyyə Komitəsinin növbəti iclasının gündəliyinə daxil olunacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR