Sizin reklam burada

“Aydın Süleymanlı sanki “Aeroflot-2019”dakı köməyi qaytardı”

Baxış Sayı:308


Rauf Məmmədov karantin dönəmində arıqlayıb
İnternet üzərindən keçirilən blits üzrə “İpək Yolu Kuboku”nun qalibi Rauf Məmmədov yarışla bağlı təəssüratını bölüşüb. 32 yaşlı qrossmeyster Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə danışıb.
- Azərbaycan və Gürcüstan şahmatçılarının iştirakıyla keçirilən “İpək Yolu Kuboku”nda qələbə münasibətilə səni təbrik edirik.
- Pandemiya dövründə bütün idman növləri kimi, şahmatda da yarışlar təxirə salındı. Azsaylı ölkələrdə şahmat üzrə onlayn yarışları təşkil olunur. Sevindiciri haldı ki, ölkəmizdə əvvəlcə “Azərbaycan Kuboku”, sonra isə Respublika Gününə həsr olunan “İpək Yolu Kuboku” təşkil olundu. “İpək Yolu Kuboku”nda 55 şahmatçı iştirak etdi, onlardan 36 iştirakçı qrossmeyster idi. Kifayət qədər sanballı məbləğ – 20 min avro mükafat fondu təyin olunmuşdu. Biz şahmatçıları düşündükləri üçün təşkilatçılara – Azərbaycan Şahmat Federasiyası, FIDE-nin vitse-prezidenti Mahir Məmmədova və təbii ki, SOCAR-a “çox sağ ol” deməyə borcluyam. Yarışa gəlincə, müəyyən hazırlıq keçmişdim. Düşünürdüm ki, artıq pandemiya dövründə hazırlığım lazım olmayacaq. “İpək Yolu Kuboku”nda çox maraqlı mübarizə izlədik.
- İkinci turda Aydın Süleymanlıya uduzan Rauf son turda onun köməyi ilə çempion oldu...
- Aydın Süleymanlı sanki “Aeroflot-2019”dakı köməyi qaytardı. Əlbəttə, bu bir zarafatdı. Süleymanlı çox yaxşı şahmatçıdı. Artıq onun bizə yaxınlaşdığını hiss edirik. İkinci turda Aydına uduzandan sonra vəziyyət dəyişdi. Şanslarım bir qədər azaldı. Amma 3-cü turda Şəhriyar kimi qrossmeysterə qalib gəldim. Məhz Şaha qalib gələndən sonra düşündüm ki, turniri xeyrimə həll edə bilərəm. Son turda Aydın Süleymanlı Gürcüstan təmsilçisi Baadur Cobavayla heç-heçə oynadı. Hərçənd oyunun əvvəlində vəziyyət o qədər yaxşı deyildi. Aydın heç-heçə etməklə mənə qələbə qazanmaq üçün şərait yaratdı. Bundan sonra nəticə özümdən asılı idi. Gürcüstan təmsilçisi Nika Volkovu məğlub etməklə birinci yeri təmin etdim.
- Deməli, millidəki komanda yoldaşın Şəhriyar Məmmədyarov üzərində qələbə həlledici olub?
- Şəhriyar dünyanın aparıcı şahmatçılarından biridi. Klassik şahmatda onunla bacarmaq çətindi. Blitsdə vəziyyət fərlidi. Məncə, blitsdə uğur qazanmaq üçün bəxtin olmalıdı. Şahla oyunda bəxt mənim tərəfimdə idi. Mənim bəxtim bir az çox gətirdi. Sözsüz, həmin turdan sonra öz gücümə daha çox inandım.
- Karantində Rauf Məmmədov vaxtını necə keçirir?
- Karantində asudə vaxtım çoxdu. 8 saat yatırıq, bundan sonra 16 saat asudə vaxtımız olur. Bu saatlarda kitab oxuyuram, kinolara baxıram. Şahmat dünyasıyla bağlı maraqlı kitablar çoxdu. Dahi şahmatçıların debütləriylə maraqlanıram. Sanki şahmatda yenidən məktəbə getməyə başlamışam (gülür).
- Onlayn şahmat adi qaydada keçirilən turnirləri unutdurur?
- Şahmatı internet üzərindən oynamaq rahatdı. Digər növlərdən fərqli onlayn şahmat yarışı keçirmək daha münasib görünür. Təyyarəyə bilet alaraq yola çıxmırsan, evdə internetlə istənilən yarışda iştirak etmək olar. Bununla belə, klassik şahmat yarışları başqadı. Karantinin tezliklə başa çatacağına inanıram. Yarışlar üçün darıxmışıq. Yeri gəlmişkən, bir çox şahmatçı məhz turnirlərdə iştirakla maddi vəziyyətini düzəldir. Turnirdə yaxşı çıxış etməklə normal pul qazanırsan. Azərbaycan Şahmat Federasiyasının təşkil etdiyi “Azərbaycan Kuboku”, “İpək Yolu Kuboku” turnirləri də bizlərə kömək oldu. Ümid edirəm ki, növbəti ay daha bir turnir təşkil olunacaq.
- İdmançılar karantində çəki artımından şikayətlənir. Rauf Məmmədov necə, yenə kökəlib?
- Düzünü deyəcəm. İdmanla məşğul olmağa imkan olmayıb. Amma kökəlməmişəm. Əksinə, 5 kq çəki atmışam.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR